Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/cv/Cefer_Memmed_Ceferov.htm
Cəfər Məmməd oğlu Cəfərov
Cəfər Məmməd oğlu Cəfərov
2016-cı ildən ADPU-nun rektoru...
Cəfər Məmməd oğlu Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur.

1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur.

  • 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasının müəllimi, baş müəllimi, dosenti.
  • 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış Doktorluq Şurasının elmi katibi, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri.
  • 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifələrində işləmişdir.
  • 1994-1998-ci illərdə yeni yaradılan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmış.
  • 1998-2003-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru.
  • 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru.
  • 2004-2006-cı illərdə BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədi ilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.

2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmış, dərslərdə iştirak etmiş, mühazirələrlə çıxış etmişdir. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında “Elektron Hökumət” layihəsinin icraçılarından biri olmuşdur.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuşdur. 2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.

5 iyul 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yeni yaradılan Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilmişdir. 30 dekabr 2014-cü il tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həmin institutun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışmışdır.

23 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.

2008-ci ildə ABŞ-da təhsil alan Azərbaycan Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomuna layiq görülmüş, 2014-cü ildə “Fəxri turizm işçisi” döş nişanı ilə təltif edilmişdir.

Tarix elmləri doktoru, professordur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin, təhsilin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunan kitabların, 80-ə yaxın elmi əsər və tədris-metodiki vəsaitin müəllifidir. 30-dan çox xarici ölkədə keçirilən 90-a yaxın beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur. Rus, ingilis, türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft