Bu gün: 16 Avqust 2017, Çərşənbə
ADPU dünən, bu gün, sabah
Cəfər Cəfərov,
ADPU-nun rektoru,
tarix elmləri doktoru, professor
ADPU dünən, bu gün, sabah
Nəslimiz öz milli-mənəvi dəyərlərini
öyrəndikcə öz keçmişindən qürur duyur
və onlarda öz soyuna, kökünə, millətinə
bağlılıq daha da möhkəmlənir.
HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Forumundakı nitqində demişdir: “Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır... Gənclərimiz milli ruhda, milli- mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.” Deməli, yetişməkdə olan gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, təlim və tərbiyə işlərinin milli zəmində qurulması, tariximizin, mədəniyyətimizin, pedaqoji irsimizin öyrənilməsi hər zaman olduğu kimi bu gün də  aktuallığı ilə diqqəti cəlb edir. Müdriklər yaxşı demişlər ki, keçmişi unutma, çünki o gələcəyin müəllimidir.

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaranmasının 95 ili tamam olur. Xalqımızın dahi oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Azərbaycan müəllimləri müstəqil respublikamızın intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Ölkəmizdə yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında ADPU-nun  professor-müəllim heyətinin və onun məzunlarının xüsusi payı vardır. Bu illər ərzində Pedaqoji Universitet böyük və şərəfli inkişaf yolu keçməklə bərabər, zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəsinə çatmışdır. Eyni zamanda çoxillik  fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir.

ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki, Azərbaycan Xalq Komissarları Sovetinin(XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. Fəaliyyəti dövründə institut 150 mindən çox müəllim kadrı hazırlamış, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrilmişdir.

Bununla yanaşı, institut tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərlərə məruz qalmışdır.İki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) öz fəaliyyətini dayandırdırmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Lakin zamanın  bütün çətinliklərdən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.

Qeyd etmək lazımdır ki, İnstitutun ali təhsil ocağı kimi   formalaşmasında və inkişafında Azərbaycan hökumətinin başçısı N.Nərimanov, Xalq Maarif komissarı D.Bünyadzadə, dövrün görkəmli ziyalıları M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və sair ziyalıların xidməti əvəzsizdir. 95 il əvvəl yaranmış İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli,  direktor müavini  Tiflis Müəllimlər İnstitutunun məzunu  Həbib bəy Mahmudbəyov olub.

Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilatı baxımdan  möhkəmlənməsi, o cümlədən tədrisin təşkili  və elmi fəaliyyətin tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstəriblər. Onların həyata keçirdikləri konkret əməli tədbirlər yeni təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub-möhkəmləndirilməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almalarına təkan verdi.Rusiya, Qərbi Avropa, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan yüksəkixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edildilər. Onlara öz bilik və bacarıqlarını tədris prosesinə tətbiq etmələri üçün münasib şərait yaradıldı.

Azərbaycanda pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS 1926-cı ilin iyun ayının 16-da «Ali pedaqoji institutların yenidən təşkili haqqında» qərar qəbul etdi. Həmin qərara uyğun olaraq Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları BDU-nun Pedaqoji fakültəsinə birləşdirildi. BDU-nun Pedaqoji fakültəsi səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, ali təhsilli pedaqoji kadrlara olan ehtiyacı lazımınca ödəyə bilmədi. Buna görə də Pedaqoji fakültənin bazası əsasında müstəqil ali təhsil müəssisəsinin–Azərbaycan Dövlət Pedaqoji İnstitutunun(ADPİ) yenidən yaradılması planlaşdırıldı. Respublikada ali pedaqoji təhsilin yenidən qurulmasında uğurlu addımlar atıldı. P.Qasımov instituta direktor, professor B.B.Komarovski isə direktor müavini təyin edildilər. BDU müvəqqəti olaraq öz fəaliyyətini dayandırdı. BDU-nun Pedaqoji fakültəsində çalışan tanınmış alimlərin əksəriyyəti ADPİ-yə müəllimliyə cəlb olundular.

30-cu illərdə və 40-cı illərin əvvəllərində ADPİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri oldu. Onların fəaliyyət göstərdikləri dövr tariximizin çox mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir mərhələsidir. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyələnən həmin dövrdə Pedaqoji İnstitutda təhsilin tamamilə siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi ali pedaqoji təhsilin inkişafında demokratik ənənələrin inkişafını ləngitməklə, yeni, arzuolunmaz istiqamətin formalaşmasına zəmin yaratdı. 30-cu illərdə başlanan repressiya dalğası Azərbaycanın bir çox ziyalıları kimi, Pedaqoji İnstitutun da ən yaxşı müəllimlərinin məhv edilməsinə və ya sürgünə göndərilməsinə səbəb oldu. Ölkədə tüğyan edən repressiya dalğası ADPİ-nin kafedralarına rəhbərlik edən milli kadrlarla yanaşı, bəzi görkəmli rus alimlərinin də həyatını qaraltdı, onların yerinə ermənilər asanlıqla yerləşdirildi.

Böyük Vətən müharibəsinin ilk illərində ADPİ-nin maliyyə imkanları tükəndi, tələbə və müəllim heyətinin maddi vəziyyəti ağırlaşdı. Bu səbəbdən də Azərbaycan XKS və Azərbaycan K(b)PMK-nın qərarı ilə institut 2-ci dəfə BDU ilə birləşdirildi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra ADPİ BDU-nun tərkibindən ayrıldı və müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başladı. Bu dövrdə instituta rəhbərlik ardıcıl olaraq A.Abdullayev, M.Ələkbərli və Ə.Seyidova həvalə edildi. ADPİ-nin yenidən qurulması onun maddi-texniki bazasının xeyli möhkəmlənməsinə, tələbə kontingentinin genişlənməsinə imkan verdi. Cəbhədə həlak olan müəllimləri əvəz edə biləcək elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə məqsədyönlü işə başlandı.

Xronoloji ardıcıllığa əsasən  ötən əsrin 50-70-ci illərində tanınmış elm və maarif xadimləri- C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev ADPİ-nin direktoru (rektoru) vəzifəsində çalışıblar.

50-60-cı illərdə M.Muradxanov, Ə.Zəkuzadə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, professor A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi böyük elmi hadisə kimi gənc elmi kadrların inkişafına təkan verən əsas amilə çevrildi. Fəxrlə deyə bilərik ki, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlər-M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, S.İmanov məhz ADPU-nun əməkdaşları olmuşlar. Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü–Yusif  Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev ADPU-nun məzunlarıdır.

Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Bu ali təhsil müəssisəsində pedaqogika və psixologiya (Ə.Y.Seyidov, M.M.Mehdizadə, Ə.K.Zəkuzadə, M.Ə.Muradxanov, Ş.S.Ağayev, H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziyyat (M.R.Əfəndiyev, M.Ə.Cavadov, İ.İ.İbrahimov, M.H.Cavadov), fızika (A.Q.Abbaszadə, S.Ş.İmanov, M.İ.Murquzov), kimya (H.Şahtaxtinski, Ş.Ə.Məmmədov, A.Ə.Verdizadə), biologiya (Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev), tarix (Z.İ.İbrahimov, Y.B.Yusifov), fılologiya (B.V.Çobanzadə, M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə, M.H.Rəfıli, Ə.R.Sultanlı, H.M.Araslı, F.S.Qasımzadə, A.M.Qurbanov, H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov) və başqa sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradılıb inkişaf etdirilmişdir.

Xalqımızın fəxr etdiyi yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışlar. Universitetin məzunlarından Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış elm və mədəniyyət xadimləri çoxdan xalqımızın elm və şöhrət simvollarına çevrilmişlər. Onların ayrı-ayrılıqda hər birinin  adı xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli nüfuzlu elmi məclislərdə böyük iftixarla çəkilir.

Sovet İttifaqı Qəhrəmanları - Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları - Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, “Azərbaycan bayrağı” ordenli Malik Bayramov, Mürşid Məmmədov igidlik, hünər, vətənpərvərlik rəmzi kimi xatırlanırlar. Onlar mərdlik və şücaətləri ilə məzunu olduqları ADPU-nun şərəfini uca tutmaqla, on minlərlə insana örnək və tərbiyə nümunəsidir. ADPU-nun məzunları müxtəlif ali məktəblərdə, elmi-tədqiqat institutlarında, dövlət təşkilatlarında uğurla fəaliyyət göstərirlər.

Sov.IKP MK-mn Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev V.I.Lenin adına API-nin yaradılmasının 50 illiyinə həsr olunınuş təntənəli yığıncaqda çıxış edərkən (1973-cü il)

Qeyd edək ki, ADPU-nun 95 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimizin- Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə qırılmaz tellərlə   bağlıdır. “Təhsil millətin gələcəyidir!” deyən ulu öndər Heydər Əliyev daim ADPU-ya yüksək qiymət vermişdir. Ulu öndər Heydər Əliyev 5 dəfə ADPU-da olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyələr, məsləhətlər və göstərişlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır. Müdrik siyasi xadim, görkəmlli dövlət rəhbəri Heydər Əliyevin dəyərli tövsiyyələri ADPU-da təhsil-tərbiyənin səmərə və keyfıyyətinin yüksəldilməsində, qəbul imtahanları prosesində obyektivlik və ədalətin zəfər çalmasında, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.

Ulu Öndərin ADPİ-nin 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə «Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir» -cümlələri ilə verdiyi yüksək qiymət institut əməkdaşlarının sonrakı fəaliyyətinə yeni,sağlam nəfəs vermişdir.

Öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyevin müəllimlə bağlı belə bir müdrik və gözəl fikri var: «Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm».

Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verərək demişdir: «Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır».

70-80-ci illərdə institutda tədris və elmi fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması, maddi-texniki bazanın genişləndirilməsi, yeni tədris korpusları və tələbə yataqxanalarının tikilməsi istiqamətində konkret tədbirlər həyata keçirildi. ADPU-nun rəhbərliyi dəyişdirildi. Əvvəlcə Haşım Ağayev, sonra Afad Qurbanov instituta rektor təyin olundular.

80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində ölkədə mövcud olan ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən mübarizə, ermənilərin işğalçılıq siyasəti tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Ölkəmizə erməni-sovet hərbi qruplaşmalarının təcavüzü, eyni zamanda ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan səriştəsiz müxalifət qruplarının qanunazidd üsullarla hakimiyyətə yiyələnmək təşəbbüsləri nəticəsində respublikada nizam-intizam pozuldu. Bütün bunlar ADPU-da normal tədris fəaliyyətinə mane olurdu. Belə çətin bir şəraitdə xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və «Mən öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» -deyərək müasir Azərbaycan dövlətini qurmaq missiyasını həyata keçirməyə başladı. Beləliklə,ölkədə alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi. Ermənilərlə hərbi qarşıdurmada tarazlığa nail olundu, hərbi əməliyyatlar dayandırıldı, münaqişənin dinc yolla aradan qaldırılması üçün ilkin şərait yarandı. Qonşu dövlətlərlə yaranmış gərginlik tədricən aradan qaldırıldı. Ölkədə və cəbhədə yaranmış sabitlik və Heydər Əliyevə inam nəticəsində 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın böyük neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. Respublikada irimiqyaslı sosial-iqtisadi problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün bəlaları dəf etdi, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət etdi. Cəmiyyətin bütün potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə və inkişafına yönəldi. Bütün tədris və elm müəssisələri kimi ADPU-nun da səmərəli fəaliyyəti üçün əlverişli zəmin yarandı.

ADPU ötən əsrin 90-cı illərindən sonra Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsində vətəndaşlıq mövqeyi nümayiş etdirımişdir. Pedaqoji Universitet ölkəmizdə ali pedaqoji məktəblər arasında Universitet statusu alan ilk tədris və elm ocağıdır. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə Universitet statusu verilmişdir. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU respublikamızda ali pedaqoji təhsilin öncülü hesab edilir.

ADPU-ya 1989-1994-cü illərdə professor Səlvər Aslanov, 1994-1996-cı illərdə professor Nizami Xudiyev, 1996-2006-cı illərdə professor Bəhlul Ağayev, 2006-2016-cı illərdə professor Yusif Məmmədov rəhbərlik ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 23 iyun tarixli sərəncamı ilə ADPU-nun rektoru vəzifəsinə mən təyin olundum.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsində, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun genişlənməsində, milli və dünyəvi dəyərlərin bərqərar edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunınasında, demokratik təsisatların yaradılmasında, bazar iqtisadiyyatına keçid prosesində əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür. Təhsil-bilik, bacarıq və qabiliyyətlərin gənc nəslə öyrədilməsi və ötürülməsi prosesidir. Təhsil geniş anlayışdır, onun müxtəlif pillələri, mərhələləri vardır. Təhsil sahəsində qarşıya qoyulan vəzifələr tədris prosesində gerçəkləşdirilir. Ali təhsil bütövlükdə təhsil sisteminin ən mühüm, ən vacib mərhələlərindən biridir. Çünki ali təhsil hər bir ölkənin insan kapitalının formalaşmasında böyük rol oynayır. İnsan kapitalı isə insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq və motivasiya imkanlarını müəyyən edir.Təhsil cəmiyyətin inkişafının özülünü təşkil etməklə yanaşı, həm də ölkənin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsində mühüm amil kimi çıxış edir. Dövlət başçımızın qeyd etdiyi kimi, “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.

Ölkəmizdə təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilən və həyata keçirilən proqramlar nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)» təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital insan kapitalının inkişafına yönəldilmişdir.

Dövlət başçımız İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük xidmətləri vardır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı”,“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” və digər layihələri özünün humanist məqsədləri ilə diqqəti cəlb edir. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün dünyada təbliğinə böyük töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar ölkəmizdən çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır. Xarici ölkələrdə (Pakistan, Rusiya, Fransa, Gürcüstan və s.) Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunan məktəb binaları, təmir edilən mədəniyyət abidələri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun zəngin və mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini dərindən  öyrənmək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi, insanın insana, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən biridir. Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq ADPU-nun foyesində abidəsi qoyulmuş, nadir eksponatları sərgiləyən, professor-müəllimlərin, tələbələrin və universitetin qonaqlarının ziyarət məkanına çevrilən Heydər Əliyev Muzeyi yaradılmışdır. Zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə «Heydər Əliyev məktəbinin lektoriyası» təşkil edilmiş, ADPU-nun 2 nömrəli tədris binasında möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmışdır. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənmək məqsədilə universitetin professor-müəllim heyəti, magistr və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.

ADPU-nun foyesində Ulu öndər Heydər Əliyevin abidəsi
ADPU-da Ulu öndər Heydər Əliyevin xatirə muzeyi
ADPU-da "Heydər Əliyev Məktəbinin Lektoriyası"

Hazırda ADPU-da 8 fakültə- Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət,fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri fəaliyyət  göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 26 noyabr  tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ) ADPU-ya birləşdirilib və AMİ-nin Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları ADPU-nun tərkibinə verilib. Bununla yanaşı, Nazirlər Kabinetinin  3 fevral 2016-cı il qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, dövlət başçımızın 2016-cı il 29 aprel tarixli sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib.

Baş verən struktur dəyişiklikləri nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, professor-müəllim heyətinin və tələbə kollektivinin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 67 elmlər doktoru, 61 professor, 273 dosent, 354 fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura  səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlanır.

Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunınuş ADPU bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bizim qarşımızda böyük strateji hədəflərimiz, ali məqsədlərimiz var. Hazırda ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Müasir əmək bazarının tələbləri öyrənilməli və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmalıdır. Kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini yenidən qurmalı və yüksək elmi nəticələrə nail olmalıdırlar.

ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmun və formasının təkmilləşdirilməsi, professor-müəllim heyəti və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.ADPU-da struktur islahatlarının həyata keçirilməsi, idarəetmənin optimallaşdırılması, fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və universitetin idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması istiqamətində ciddi addımlar atılır.Tədrisin məzmununun müasirləşdirilməsi, ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması ilə bağlı fəaliyyət planının hazırlanması, tədris işi ilə bağlı dünya təcrübəsinin, habelə ölkədə toplanmış qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi, peşə hazırlığı fənləri ilə yanaşı, xarici dillərin tədrisinin gücləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması, kitabxana fəaliyyətinin modernləşdirilməsi, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi qarşımızda dayanan əsas vəzifələrdir. Elmi-tədqiqat laboratoriyalarının işi yenidən qurulmalı, elmi-tədqiqatların dövlət sifarişi və qrant layihələri əsasında maliyyələşdirilməsi mexanizmi hazırlanmalı, elmi-tədqiqat laboratoriyalarının işinin təşkilində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər həyata keçirilməli, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistem və keyfiyyətin monitorinqi və qiymətləndirmə mexanizmləri yaradılmalıdır. İnformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktur yaradılmalı, universitetin bütün strukturları kompüter avadanlıqları ilə təchiz olunmalı, professor-müəllim heyətinin və hər bir tələbənin İnternetə rahat çıxışı təmin edilməli, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılmalı, bu məqsədlə də yeni ixtisasartırma və rəqabətəsaslı təlimlər sisteminin yaradılmasına başlanılmalı, ayrı-ayrı ixtisaslar və fakültələr üzrə reytinq sistemi formalaşdırılmalıdır. ADPU-da və onun filiallarında tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qeyd etmək istəyirəm ki, diferensial əməkhaqqı sistemi ali təhsilin modernləşməsində mühüm rol oynayır. Buna görə də sağlam və ədalətli rəqabət şəraitində əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədilə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması vacib vəzifələrdir. Eyni zamanda əməkdaşların icra intizamı, təşəbbüskarlıq, xidməti fəaliyyətinin qiymətləndirilməsi və əmək intizamına nəzarət xidmətinin gücləndirilməsi, ADPU-nun fəaliyyəti ilə bağlı marketinq və ictimaiyyətlə əlaqələr işinin təşkili, universitetin fəaliyyəti ilə bağlı təbliğat və təşviqat fəaliyyətinin genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi də olduqca vacibdir. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalqmiqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər, olimpiadalar, təhsil karyera sərgiləri keçirilməli, beynəlxalq tələbə mübadiləsi gerçəkləşdirilməlidir. ADPU orta təhsil müəssisələri ilə əlaqələri genişləndirməlidir. Həmçinin ADPU öz məzunları ilə sıx əlaqə saxlamalı, onları universitetin ümumi inkişaf prosesinə cəlb etməlidir. Universitet elmi kəşflərin və  ixtiraların biznes layihələri, qrant layihələri ilə birləşdiyi bir məkana çevrilməlidir. Tələbə-gənclər universitetin idarə edilməsinə yaxından cəlb edilməli, onların yaradıcı təşəbbüsləri nəzərə alınmalıdır. Universitetin saytının rus və ingilis dillərində versiyaları hazırlanmalı, yeni loqosu yaradılmalı, veb-səhifəsi yenilənməli, daxili radio yaradılmalı, təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməli, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməlidir.

Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, 2016-2017-ci tədris ilində ADPU-ya qəbul olmuş I kurs tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılacaqdır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir.

Sonda demək istəyirəm ki, biz bu mühüm vəzifələrin uğurlu həllinə məsuliyyət hissimizi dərindən dərk etməklə bərabər, nizam-intizam, o cümlədən yüksək peşəkarlığımız sayəsində  nail ola bilərik. Yalnız bu halda strateji hədəflərimizə, ali məqsədlərimizə çata bilərik.

Bu məsuliyyətli, şərəfli və müqəddəs fəaliyyətimizdə kollektivimizə uğurlar arzulayıram.

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013648

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)