Bu gün: 24 Noyabr 2017, Cümə
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabr ayının 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş nitqi ilə açaraq bildirib ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 18-də “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin Sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı.

Sərəncamda vurğulanır ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Sərəncamda eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təhsil Nazirliyi (TN) və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi vəzifəsi qarşıya qoyulmişdur. Bizim bu gün ADPU-da I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuşI Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda keçirdiyimiz Respublika elmi-praktik konfransı da bu Sərəncama əsasən keçirilən bir konfransdır. Konfransda xarici ölkə səfirləri, millət vəkilləri, ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının pedaqoq-alimləri, tanınmış mütəxəssislər iştirak edirlər.

Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, I Türkoloji Qurultay barədə danışarkən bu Qurultayın keçirildiyi tarixi dövrə, həmin dövrün mövcud ictimai-siyasi şəraitinə diqqət yetirmək məqsədəuyğundur. I Türkoloji Qurultay Bakı şəhərində 1926-cı il fevral ayının 26-da başlayıb və mart ayının 6-a kimi davam edib. I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan səmərəli fəaliyyət göstərirdilər. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində də nüfuzlu “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Qeyd edək ki, adıçəkilən jurnal hazırda da “Türkologiya” adı ilə Bakıda öz işini uğurla davam etdirir.

I Türkoloji Qurultayda keçmiş SSRİ məkanının türkdilli xalqları yaşayan bütün bölgələrindən, o cümlədən xarici ölkələrdən dəvət olunan 131 tanınmış alim iştirak edib. Ümumilikdə isə qurultayda 600 nəfər alim iştirak edib. 9 gün davam edən Qurultayda 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 38 məruzə dinlənib. Mənbələrdən məlum olur ki, Qurultayın diqqət mərkəzində dayanan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş Qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb.

I Türkoloji Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının böyük olduğunu bir daha sübuta yetirdi. Eyni zamanda türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi. I Türkoloji Qurultayda türk dillərinin 7 böyük problemi müzakirə edilmişdir. Bunlar aşağıdakılardır:

1. Əlifba məsələsi;

2. İmla-orfoqrafiya problemi;

3. Termin məsələsi;

4. Tədris-metodika məsələsi;

5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri;

6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən ortaq ədəbi dil məsələsi;

7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.

I Türkoloji Qurultayda türk xalqlarının tarixinin öyrənilməsinin hazırkı vəziyyəti ilə bağlı akademik V.V.Bartoldun məruzəsi dinlənilmiş bu məruzə əsasında qətnamə qəbul edilmişdir. Qətnamədə göstərilir ki, türk xalqlarının yazılı abidələrinə ciddi diqqət yetirmək lazımdır. Yazılı abidələrin siyahısı tutulmalı və onlar qorunmalıdır. Onlardan ən böyüklərinin qoruq yeri elan olunması məqsədəuyğundur.  Müqayisə üçün bildirək ki, indi Ermənistan adlanan ərazidə Azərbaycan türklərinə aid yazılı abidələr ermənilər tərəfindən məhv edilmiş, dağıdılmışdır. Məsələn, Cücəkənd yazılı abidələri, Nüvədi yazılı abidələri və s. Qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınmışdır. Qeyd edək ki, müasir türkologiyamızın qarşısında  da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirilməsi mühüm vəzifələrdən biri kimi qarşıda dayanır. Çap olunmuş arxiv materiallarının türk xalqlarının dilinə tərcümə edilərək çap edilməsi olduqca vacibdir. Türk xalqları ilə bağlı müxtəlif salnamələr toplanaraq çap olunmalı, türk xalqlarının tarixinə dair rus və xarici alimlərin elmi işləri türk dillərinə tərcümə edilməlidir. Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməli, türk xalqlarının tarixi yazılmalıdır. Özü də bu iş tanınmış tarixçi alimlərin koordinasiya olunmuş fəaliyyəti yolu ilə həyata keçirilməlidir.  

Xüsusi qeyd etmək istəyirəm ki, I Türkoloji Qurultay türk xalqlarının tarixində ən mühüm hadisələrdən biridir və böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay, ilk növbədə, geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə həyata keçirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. I Türkoloji Qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdir.

I Türkoloji Qurultayda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri müzakirə obyekti oldu. Qurultay nümayəndələri böyük özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar məlum səbəblər üzündən baş tutmadı. Qeyd edək ki, I Türkoloji Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu. Məlum olduğu kimi, həmin məsələlər və onlarla bağlı problemlər bu gün də öz aktuallığı ilə seçilir və böyük əhəmiyyət daşıyır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş və az müddət sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir.

Rektor Cəfər Cəfərov çıxışının sonunda qeyd edib ki, hazırda dünyada qloballaşma, inteqrasiya prosesi gedir. Ancaq bu qloballaşmada hər bir xalq öz milli varliğını, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini qoruyub saxlamalıdır. Bu gün türk xalqları qarşısında böyük tarixi imkanlar açılıb. Biz bundan yetərincə bəhrələnməliyik. Birliyimizi qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik.

Tariximizə öz əbədi möhürünü vuran, dəyərli töhfələrini verən I Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, ortaq türk tarixi, ortaq türk ədəbiyyatı, ortaq türk terminologiyası kimi qlobal məsələlər bu gün də olduqca aktualdır, əhəmiyyətlidir. I Türkoloji Qurultayın proqramı, müzakirə olunan məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bir sözlə, I Türkoloji Qurultayda səslənən fikir və təkliflər, qarşıya qoyulan vəzifələr, irəli sürülən ideyalar bu gün də yaşayır və həyata keçir.

Konfransda AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov  (Azərbaycan Atatürk Mərkəzi) “I Türkoloji Qurultay və müasir türk dünyası”, professor Buludxan Xəlilov (ADPU) “I Türkoloji Qurultay: dünənin, bu günün, sabahın türkoloji hadisəsi”, professor Adil Babayev (ADU) “I Türkoloji Qurultay və repressiya”, dosent Leyla İmaməliyeva (BSU) “Türk xalqlarının tarixi yaşantısı professor İlber Ortaylının elmi-tədqiqatlarında”, professor Minəxanım Nuriyeva Təkləli (ADPU) “Şərqi slavyan dillərində əski türk sözləri (Monqol-tatar dövrünədək keçən sözlər)”, Ülviyyə Orucova (Barselona Avtonom Universitetinin doktorantı) “İspan dilinin lüğət tərkibində türk mənşəli alınma sözlər”, professor Elman Quliyev (ADPU) “Məxtumqulunun lirikası”, dosent Nurlana Kazımova (ADPU) “Xalqımızın milli-mənəvi dəyərləri”, professor Əzizxan Tanrıverdiyev (ADPU) “Güz (payız) və qış sözlərinin etimologiyası”, dosent Cəlal Allahverdiyev (ADİU) “İrəvanda yeni əlifba islahatı: 1922-1929-cu illər”, dosent Təranə Rəhimli (ADPU) və Əkbər Qoşalı (Azərbaycan Atatürk Mərkəzi) “Qabdulla Tukay və Azərbaycan ədəbiyyatı”, professor Nisbət Mehdiyeva (BDU) “Türkmən xalqının mədəni-mənəvi nailiyyətləri (1900-1917-ci illər)”, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Məlahət Babayeva (ADPU) “I Türkoloji Qurultayın Azərbaycan folklorşünaslığının inkişafında rolu”, filologiya üzrə elmlər doktoru Məhərrəm Hüseynov (ADPU) “Bədii dil ənənələri və poetik təcrübədən yararlanma”, dosent Mahirə Hüseynova (ADPU) “Yazılı mənbələrdə və sənədlərdə türk onomastik vahidləri”, professor Nəbi Əsgərov (ADPU) “40 (qırx) sayının onomastik vahid yaradıcılığında rolu”, dosent Gülçöhrə Alıyeva (ADPU) “Aspektuallıq və onun ifadə vasitələri (türk dillərinin materialları əsasında)”, fəlsəfə üzrə fəlsəfə doktoru Eliza İsmayılova (BDU) “Türk xalqlarının miqrasiya prosesinin dünya sivilizasiyasına təsiri”, dosent Yeganə Qəhrəmanova (Ergin) (ADPU) “Azərbaycan dilində yiyəlik halın inkişaf tarixindən”, Könül Sadıqova (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı) “Azərbaycan dilinin şimal-qərb bölgəsi şivələrinin müxtəlif dillərlə və dialektlərlə əlaqəsi”, dosent Sakibə Ələsgərova (ADPU) “Milli istiqlaliyyət dövründə mühacirət ədəbiyyatı”, Sevinc Quliyeva (ADPU-nun doktorantı) “I Türkoloji Qurultayda multikultural mühit”, dosent Qızqayıt Mustafayeva (ADPU) “Dədə Qorqud dünyası” əsərində üslubların qarşılıqlı əlaqəsi”, baş müəllim Arif Kazımov (ADPU) “Azərbaycan tapmacalarının metaforik xüsusiyyətləri”, dosent Könül Səmədova (ADPU) “Qıpçaqların dili və etnogenezi”,  dosent Aytən Mehdiyeva (ADPU) “Gəncə Qız Qalasının tarixinə dair”, Mehriban Mahmudova (ADPU) “Türk xalqlarının adət-ənənəsi”, dosent Soltan Hüseynoğlu (ADPU) “Azərbaycan ədəbiyyatının öyrənilməsində yeni təlim texnologiyalarından istifadə”, Günay Əfəndiyeva (ADPU) “Karaçay-Balkar dilinin xüsusiyyətləri”, dosent Məmmədxan Soltanov (ADPU) və Aygün Həsənova (Bakı şəhəri, 18 nömrəli tam orta məktəb) “Koroğlu antroponimi haqqında”, dosent Sevinc Sadıqova (ADPU) “Qədim türk yazılı abidələri və Qərbi Azərbaycan şivələri” mövzularında məruzələrlə çıxışlar ediblər.

Konfransda azərbaycanlı və türkiyəli tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.023919

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)