Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-430.htm
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
18 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 18 oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva qeyd etdi ki, xalqımız dövlət müstəqilliyini əldə edənə qədər çox mərhumiyyətlərə məruz qalmış, tarixin ağır sınaqlarından çıxmışdır. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub-saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan daxili çəkişmələr, xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. 1991-ci ilin 18 oktyabrında Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutusiya Aktı” qəbul olundu. Qeyd olunan əlamətdar günün vacib məqamlarına toxunan dosent M.Fərzəliyeva yaxın tarixi keçmişə nəzər salaraq, xalqımızın azadlığı, müstəqilliyi yolunda öz ömrünü şam kimi əridən ulu öndərimiz Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasındakı böyük tarixi xidmətlərindən danışdı. Çıxış edənlər- filialın dosenti T.Kərimli, fəlsəfə üzrə fəlsəfə doktoru, baş müəllim M.Səlimov, dosent S.Süleymanov, baş müəllim X.Bədəlov, baş müəllim V.Fətullayev qeyd etdilər ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi cəhətdən dünyanın güclü dövlətlərindən birinə çevrilib. Bütün bu uğurların yeganə təminatı ümummilli liderimiz Heydər Əliyevin zəkası ilə müəyyən edilən siyasi kurs və bu kursu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti və böyük siyasi iradəsidir. Konfrans ulu öndər Heydər Əliyevin məşhur kəlamı ilə yekunlaşdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft