Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-440.htm
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabr ayının 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib.

 

İclası ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov açaraq bildirb ki, ADPU Təhsil Nazirliyinə Elmi Şuranın tərkibi barədə müvafiq məktubla müraciət edib. Təhsil Nazirliyinin 7 oktyabr 2016-cı il tarixli əmri ilə Elmi Şuranın tərkibi təsdiqlənib. Elmi Şuranın hazırda 48 nəfər üzvü var. Rektor Elmi Şuraya fəaliyyətində uğurlar arzulayıb və qeyd edib ki, hazırda universitetdə mühüm islahatlar aparılır, vacib tədbirlər həyata keçirilir. Biz işimizi düzgün təşkil etməli, fəaliyyətimizi müasir dövrün tələblərinə uyğun qurmalıyıq.

Rektor Cəfər Cəfərov çıxışı zamanı bildirib ki, ADPU-da həyata keçirilən islahatlar, reallaşan müsbət işlər kollektivə və bütövlükdə cəmiyyətə olduğu kimi çatdırılmalıdır. ADPU effektiv idarə olunan ali təhsil müəssisəsinə çevrilməlidir. Biz ADPU-nun maddi-texniki bazasını, elmi-pedaqoji kadr potensialını gücləndirməliyik. Bunun üçün mövcud maliyyə vəsaitlərindən qənaətlə və səmərəli istifadə etməli, qrant layihələrinə, ölkəmizdə həyata keçirilən investisiya layihələrinə qoşulmalıyıq. ADPU özünümaliyyələşdirən ali məktəb olmalıdır. İşə qəbulun yeni prosedurlarına keçilməsi də vacib vəzifədir. Professor-müəllim heyətinin tədris və elmi fəaliyyəti gücləndirilməlidir. Eyni zamanda professor-müəllim heyətinin fəaliyyətinin motivasiyası təmin edilməli, ədalətli rəqabət mühiti yaradılmalıdır. Boloniya prosesinin əsas tələblərindən biri də müəllim seçimidir. Qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Biz bu sessiyanı qanun çərçivəsində, şəffaf və obyektiv keçirməliyik.

İclasda Elmi Şuranın üzvlərinə yeni tədris ili üçün iş planı paylanılıb və yekdilliklə qəbul edilib.

İclasda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı ADPU-nun 2016-cı il üzrə iş planının təsdiq edilməsi haqqında əmrin icrasının təsdiqi barədə” Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov məlumat verib. Prorektor M.Cəbrayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprel ayının 27-də  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla əlaqədər Təhsil Nazirliyinin 20 may 2016-cı il tarixli müvafiq əmri ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üzrə iş planı” təsdiq edilib. Həmin əmrə müvafiq olaraq ADPU üzrə hazırlanmış iş planı universitet rektorunun 4 iyul 2016-cı il tarixli əmri ilə təsdiq olunub. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı ADPU-nun 2016-cı il üzrə iş planı”nda filial, fakültə və digər struktur bölmələri tərəfindən lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin iş planında “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı universitet əməkdaşları arasında ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi, elektron xidmətlərin tətbiqi ilə əlaqədər ADPU və onun filialları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi, universitet və filiallarının informasiya sistemlərinin formalaşdırılması, təhsil haqqlarının elektron formada ödənilməsi ilə əlaqədər təşkilati-texniki işlərin həyata keçirilməsi, tədris proqramlarına korrupsiya əleyhinə mövzunun daxil edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi, bu prosesə korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssislərin mühazirəçi kimi cəlb edilməsi öz əksini tapmışdır. Eyni zamanda iş planında korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici məlumatların tələbələrə paylanılması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması, görülmüş tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ADPU və onun filiallarında sorğuların, araşdırmaların keçirilməsi və nəticələrin elan edilməsi vəzifələri irəli sürülmüşdür. Ötən müddət ərzində qeyd olunan bu vəzifələrin icrası ilə bağlı ADPU-da bir çox işlər həyata keçirilmişdir.

İclasda Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov ADPU-nun təşkilatçılığı ilə 2017-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli konfranslar barədə çıxış edib. Prorektor A.Zamanov qeyd edib ki, ADPU 2017-ci ilin noyabr ayında Daşkənd Dünya Dilləri Universiteti və Azərbaycan Dillər Universiteti ilə birgə “Современные проблемы преподавание иностранных языков” (“Xarici dillərin tədrisinin müasir problemləri”) beynəlxalq elmi konfransı, Moskva Dövlət Pedaqoji Universiteti, Litva Edukologiya Universiteti, Ukrayna Təhsil Menecerləri Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment  Universiteti, Azərbaycan Texniki Universiteti ilə birgə 2017-ci ilin noyabr ayında “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” beynəlxalq elmi konfransı, mart ayında “Müasir pedaqogika və psixologiya: reallıqlar, aktual məsələlər və innovasiyalar” Respublika elmi-praktik konfransı, aprel ayında “Fənlərin tədrisi: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı, iyun ayında isə “Pedaqoji kadr hazırlığına sinergetik yanaşma” Respublika elmi-praktik konfransını keçirməyi planlaşdırır.  

Prorektor A.Zamanov Elmi Şuranın iclasında həm də 2016-cı ildə aparılmış elmi-tədqiqatların mühüm nəticələri, ADPU-nun Kitabxana-informasiya şöbəsinin strukturu və Əsasnaməsinin təsdiqi barədə məlumat verib.

Elmi Şuranın iclasında ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ilin dekabr ayında görkəmli pedaqoq, akademik Şalva Amanaşvilinin və digər tanınmış alimlərin iştirakı ilə universitetdə pedaqogika üzrə beynəlxalq seminarın keçiriləcəyini bildirib. Qeyd edib ki, bu beynəlxalq seminar pedaqoji ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Müasirliyə və yeniliyə xidmət edən, pedaqojiyönümlü ali təhsil müəssisələrinin, pedaqoji kolleclərin, orta məktəb müəllimlərinin, bu sahənin tanınmış mütəxəssislərinin, ekspertlərinin iştirak edəcəyi bu beynəlxalq seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə ediləcək.

İnsan resursları şöbəsinin müdiri, hüquq elmləri namizədi Avtandil Bayramov iclasda “ADPU-nun professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə” məlumat verib. A.Bayramov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulmasından sonra AMİ-nin 189 nəfər işçisi mövcud qanunvericiliyə, o cümlədən Əmək Məcəlləsinə, Təhsil Nazirliyinin müvafiq əmrlərinə uyğun olaraq ADPU-da işlə təmin edilib. Hazırda ADPU-nun 1516 nəfər işçisi var. Onlardan 691 nəfəri professor-müəllim heyətidir. 35-i professor, 250-si dosent, digərləri isə baş müəllim və müəllimlərdir. 70 professor, 395 fəlsəfə doktoru var. ADPU-da Sənəd Qəbulu Komissiyası (SQK) şəffaf və obyektiv fəaliyyət göstərir. İşə qəbul müsabiqələrinin tədris ilinin ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, tədris olunan fənlər üzrə mütəxəssislərin müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd hərtərəfli bilik və bacarığa malik yüksək səviyyəli mütəxəssisləri işə qəbul etməkdir.

İclasda dissertasiya mövzularının və dissertasiya işlərinin elmi rəhbərlərinin təsdiqi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elmi Şura üzvlərinə iclasda qəbul olunan qərarların, irəli sürülən vəzifələrin icrası ilə bağlı öz tapşırıq və tövsiyələrini verib.

 

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft