Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2016/xeber-449.htm
Rais Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
Rais Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
İctimaiyyətlə əlaqalər şöbəsi
Noyabr ayının 1-də Beynəlxalq Mətbuat Mərkəzində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə çıxış edən millət vəkili Rafael Hüseynov və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu Rais Rəsulzadənin keçdiyi həyat yolu haqqında danışaraq bildiriblər ki, o, son dərəcə çətin, əzab-əziyyətli, eyni zamanda şərəfli və ləyaqətli ömür yolu keçib. Rais Rəsulzadə 1946-cı il noyabr ayının 1-də sürgündə, Qazaxıstanda anadan olub, orada boyüyüb, orta məktəbi bitirib. Amma Vətən sevgisi onu doğma Azərbaycana çəkib gətirib. Onun bütün həyat və fəaliyyəti xalqına və Vətəninə xidmət nümunəsidir. Rais Rəsulzadə Azərbaycanın ən şanlı soyadlarından birini daşıyır. Qeyd edilib ki, Rais Rəsulzadə görkəmli rəssam və pedaqoqdur. O, əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, hərbi xidmətdən sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil alıb və bütün sonrakı həyatını ADPU-ya bağlayıb. Rais Rəsulzadə dünyanın ən müxtəlif şəhərlərində keçirilən sərgiləri, nümayiş etdirilən əsərləri ilə Azərbaycanı, xalqımızın zəngin mədəni irsini tərənnüm və təbliğ edib. Rais Rəsulzadə həm də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edərək tarixi ədalətsizliklərin aradan qaldırılması sahəsində səmərəli fəaliyyət göstərir. Rais Rəsulzadə istedadlı rəssam olmaqla yanaşı, həm də tələbələrin sevimli müəllimidir. O, uzun illərdən bəri rənglərin sirrini, ecazkar təbiətini gənclərə aşılayır, zəngin pedaqoji təcrübəsini yorulmadan gənc nəsillə bölüşür. Tədbirdə ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova çıxış edərək universitetin rəhbərliyi və kollektivi adından Rais Rəsulzadəni bu böyük və əlamətdar yubileyi münasibətilə təbrik edib, cansağlığı, yaradıcı və pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə Rais Rəsulzadənin müəllifi olduğu rəsm əsərləri nümayiş etdirilib, onun haqqında çəkilmiş film təqdim olunub. Qeyd edək ki, yubileyi ilə əlaqədar noyabrın 4-ü saat 19:00-da Bakı Mədəniyyət Mərkəzində Rais Rəsulzadənin rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək əsas sərgisinin isə noyabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft