Bu gün: 24 Noyabr 2017, Cümə
Professor Buludxan Xəlilovun “Dil mədəniyyəti” kitabından silsilə məqalələri doktorantı Könül Salmanova təqdim edir. Azərbaycan dili istilahı
Professor Buludxan Xəlilovun “Dil mədəniyyəti” kitabından silsilə məqalələri doktorantı Könül Salmanova təqdim edir. Azərbaycan dili istilahı
Filologiya fakültəsi
“Azərbaycan dili” termininin hansı dövrdən işlənməsi də maraq doğurur. Dilçilik elmində belə bir fikir mövcuddur ki, guya “Azərbaycan dili” termini XX əsrin 30-cu illərinin məhsuludur. Halbuki son tədqiqatlar təsdiq edir ki, bu termin ən azı 700 il bundan əvvəl işlənməyə başlanmışdır.

 

“Azərbaycan dili” termini Məhəmməd bin Hinduşah Naxçivaninin (1292-1370) “Sihah əl-fors” lüğətində təsadüf olunmuşdur. Məhəmməd Naxçivaninin “Sihah əl-fors” lüğəti 1328-ci ildə yazılıb başa çatdırılmışdır. Bu lüğətdə fars dilində az işlənən 2300 sözün mənası izah olunmuşdur. “Sihah əl-fors” lüğətində “Azərbaycan dili” termininin işlənməsi barədə V.Piriyev yazır: “Sihah əl-fors” lüğətində nəzərimizi cəlb edən əsas məsələ burada “zəban-e Azərbaycani”, yəni “Azərbaycan dili” istilahının işlənməsidir: Məhəmməd Naxçivani “kəpita” sözünün izahında yazır ki, bu, halvanın bir növüdür və ona “Azərbaycan dilində beyləqan deyirlər” (be zəban-e Azərbaycani bəyləqan guyənd); “coğd” sözünün müqabilində göstərilir ki, coğd bayquşun bir növüdür və “Azərbaycan dilində kəngər deyirlər” (be zəban-e Azərbaycani kəngər guyənd); “nəxiz” sözü ağac əkilmiş sahəni bildirir və “Azərbaycan dilində kərdu adlanır” (be zəban-e Azərbaycanni kərdu xanənd) və s. Göründüyü kimi, lüğətdə üç yerdə “Azərbaycan dili” (kursiv bizimdir – B.X.)   istilahı işlənmişdir”. (V.Piriyev. “Azərbaycan dili” istilahı nə vaxtdan bəllidir? – “Ədəbiyyat” qəzeti, 17 iyul, 1992)

V.Piriyev sonradan “Azərbaycan dili” sözünün lüğətin üç yerində işlənməsini daha da dəqiqləşdirərək yazır: “Müəllif (Məhəmməd Naxçivani – B.X.) lüğətin üç yerində (s.26,77,132) farsca həmin istilahı – “zəban-e Azərbaycani” istilahını işlətmişdir”. (V.Piriyev. Bir daha “Azərbaycan dili” istilahı barədə. – “Azadlıq” qəzeti, 13 may, 1995, s.8)

Çox güman ki, Məhəmməd Naxçivaninin lüğəti diqqətlə oxunsa, nəinki üç yerdə, hətta çoxlu yerdə Azərbaycan dili istilahına rast gəlmək olar.

“Azərbaycan dili” termini daha əvvəlki dövrlərdə də mövcud olmuş və Azərbaycan əhalisinin danışıq dili    kimi işlənmişdir. Bu mənada Xətib Təbrizi (1030-1109) ilə Əbülüla Məərri arasındakı bir hekayənin məzmunu belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Məərrinin dərsində əyləşmişdi. Birdən onun Təbrizli qonşularından bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin onlara qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizinin həmyerliləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimlərdən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtar-dıqdan sonra Əbülüla Məərri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildə danışdığını soruşur. O isə cavab verir ki, azərbi dilində danışırdı. Əbülüla  Məərri deyir ki, mən sizin dilinizi bilməsəm də, danışığınızı çox məmnuniyyətlə dinlədim. Sonra Əbülüla Məərri azərbi dilində olan danışığı olduğu kimi təkrar edir. (Bax: M.F.Köprülü. Azəri, Bakı, 2000, s.99)

Burada azərbi sözü əslində Azərbaycan sözünün   fonetik variantıdır. Mətndə isə ərəb dilində “bi-l-adər-bicidə” kəlməsi ilə yazıldığına görə dilçilər arasında müəyyən mübahisələr yaratmışdır. Lakin bu mübahisələrin heç biri Azərbaycan dili termininin hələ XI əsrdə də işləndiyinə kölgə sala bilmir.

Azərbaycan dili kəlməsinin XI əsrdə işlənməsi bu ifadənin dil və ərazi adı kimi qədimliyinə bir işarədir. Azərbaycan adının həm ərazi, həm də dil adı kimi işlənməsinin özündə də heç bir uyğunsuzluq yoxdur. “Belə ki, məsələn, Çin, Koreya, Yaponiya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tuva, Özbəkistan yer adları ilə həmin ərazilərdə yaşayan xalqların dil adları arasındakı uyğunluğu heç kəs inkar etmir”. (Mübariz Yusifov. Dahi şəxsiyyətin nitq fenomenliyi. Bakı, 1997, s.16-17) Azərbaycan sözünün yer və dil adı olması hər iki mənada qədimliyin göstəricisidir.

XI yüzilliyin böyük türkoloqu Mahmud Kaşğarinin “Divani lüğət-it türk” adlı əsərində bir xəritə verilmişdir. M.Kaşğari həmin xəritədə XI yüzilliyin coğrafiyasını əks etdirmişdir. Bu xəritədə bir çox ərazilərlə yanaşı, həm də Azərbaycanın ərazisi, qonşuluqda yaşadıqları xalqlar göstərilmişdir. (Divanü lüğat-it-türk (tercüməsi çevirən Besim Atalay). I c., Ankara, 1992). Xəritədə Azərbaycan adının qeydə alınması indiyə qədər tədqiqatçıların diqqətindən yayınsa da, bu faktı nəzərdən    qaçırmayan da olmuş və xəritədə əks olunmuş ərazilərdən, onların xalqlarından bəhs etmişdir. Konkret olaraq xəritədə Azərbaycanla bağlı mövcud olanlar barəsində belə bir şərh yazmışdır: “Xəritədə Azərbaycan adı Azərabadkan şəklində (ərzi Azərabadkan yəni, Azərbaycan ərazisi, Azərbaycan torpağı) yazılıb. O, (yəni Azərbaycan – B.X.) xəritədə şimal-qərb istiqamətində Xəzər dənizinin (xəritədə “bəhri Abesqun” –      yəni, Abesqun dənizi. Bu, (dəniz – B.X.) Xəzərin qədim adlarından biridir) qərbində yerləşir. Cənubda Xorasan, İraq, şərqdə Rum, şimalda Xəzərlər (“Dərbəndi Xəzəran” – xəzərlərin Dərbəndi), qərbdə Şam (“ərzi  əl-Şam”– Şam ərazisi, Suriya) ilə həmsərhəddir”. (Xəlil Ağaverdi. 930 yaşlı xəritədə Azərbaycan. – “Xalq qəzeti”, 21 sentyabr, 2000, № 215 (23580), s.5)

Azərbaycan sözü dil adı kimi XIX əsrdə də işlənmişdir. V.V.Radlovun XIX əsrin sonu XX əsrin əvvəllərində yazılmış “Opıt slovarya tyurkskix nareçiy” adlı dörd cildlik (8 kitabdan ibarət) lüğətindəki Azərbaycan ləhcəsi//dili terminini də nəzərdən qaçırmaq olmaz. Azərbaycan dili termini 1903-cü ildə N.F.Katanovun çap etdirdiyi “Uryanxay dili” adlı iki cildlik əsərində də işlənmişdir.

Azərbaycanla bağlı olan bu faktların özü də dilimizin, xalqımızın və dövlətçiliyimizin tarixi baxımından əhəmiyyətli rol oynayır. Həm də bu faktlar təkzib edir ki, Azərbaycan sözü XX əsrin 30-cu illərində meydana çıxmamış, əksinə qədim tarixi köklərə söykənmişdir. Deməli, bu sözə XX əsrin 30-cu illərinin siyasi baxışından qiymət verməyin elmi əsası yoxdur. Sadəcə olaraq elmi irsimizə və qaynaqlarımıza diqqətlə yanaşmalı,     tarixi faktlara biganə qalmamalıyıq.

Azərbaycan sözünün mənbələrdə işlənməsi onu təsdiq edir ki, bu kəlmə ərazi və dil adı kimi tarixən mövcud olmuşdur. Lakin bu mənbələrdən xəbərsiz olanlar (bəzən isə xəbərləri olanlar heç bu mənbələrin adını da çəkməmişlər) Azərbaycan sözünün ərazi və dil adı olmasının qədim tarixi köklərini nəzərə almamış və süni     şəkildə həqiqəti təhrif etmişlər. Həqiqətin təhrif olunmasında İran və Sovet tarixşünaslığının mövqeyi üst-üstə düşmüşdür. Vaxtı ilə Seyid Əhməd Kəsrəvi Tehranda “Azəri, ya zəbane bostane Azərbaycan” (“Azəri, yaxud qədim Azərbaycan dili”) adlı əsər çap etdirmişdir. Başdan-ayağa cəfəng fikirlərlə dolu olan bu əsərdə Azərbaycan xalqının dili, tarixi, ərazisi qərəzli və Azərbaycanın əleyhinə olan şovinist mövqedən “tədqiq edilmiş”dir. Onun əsərində siyasi dairələrin məqsədli şəkildə apardıqları təbliğatın təsiri aydın şəkildə hiss olunur. Çox haqlı olaraq M.Hacıyev Seyid Əhməd Kəsrəvinin mənbələrə əsaslanmayan, faktlara söykənməyən bu fikrinə etiraz edir: “Yalnız bir neçə il bundan əvvəl “Qafqaz Azərbaycanı” adlanmağa başlanan Bakı vilayətinin adı Aran olmuşdur...

Əgər qafqazlı qardaşlarımız öz yeni yaranmış ölkə və millətlərinin qədim adını saxlayıb, onu “Aran” adlandırsaydılar, daha yaxşı olardı, onlara qarşı heç kəsin sözü və etirazı da ola bilməzdi. Bəzi qədim müəlliflərin “Azərbaycan” adını daha genişləndirib Aran şəhərlərini də ona daxil etmələrinə baxmayaraq, demək lazımdır ki, o vilayət heç vaxt Azərbaycan adı daşımamışdır”. (Bax: Maqsud Hacıyev. Öz dilim - vicdanım, iftixarımdır. – Azərbaycan. № 8, 1990, s.166)

Deməli, Seyid Əhməd Kəsrəvi mənbələri nəzərə almadan Azərbaycan adı ilə razılaşmamışdır və Bakı vilayətinin adını Aran adlandırmışdır. Halbuki Azərbaycan ərazisi yalnız Bakı vilayətindən ibarət deyildir. Aran adına gəldikdə isə bu ad Azərbaycan ərazisinə daxil olan vilayətlərdən biridir. Həm də yuxarıda M.Kaşğarinin (XI əsr) və Məhəmməd Naxçivaninin (XIV əsr) əsərlərində, eləcə də digərlərində Azərbaycan sözünün      işlənməsi təsdiq edir ki, Seyid Əhməd Kəsrəvi mənbələrə və faktlara düzgün yanaşmamışdır. Bu mənada M.Hacıyevin fikri və mövqeyi də əsaslı olduğu qədər də elmidir. O, Seyid Əhməd Kəsrəvinin dəlilsiz-sübutsuz fikrinə qarşı yazır: “...Aran adı müstəqil dövlət adı deyil, vahid Azərbaycanın bir vilayətinin adı olmuşdur. Azərbaycanın Qəzvin, Zəncan, Şamaxı, Gəncə və s. vilayətləri kimi. Ona görə də bəzi tarixçilər Azərbaycanın      şimal hissəsindən bəhs edərkən, onu Aran deyil, ümumi adı ilə Aderbadakan, Azərbayqan, Azərbaycan və s.    şəkillərdə adlandırmışlar”. (Bax: Maqsud Hacıyev. Öz dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. № 8, 1990, s.166) Azərbaycan adını inkar edənlər sırasında İran və Sovet tarixşünaslığının xeyli “xidmət”i olmuşdur. Bu “xidmət”də İranla Sovetlər İttifaqının mövqeyi üst-üstə düşmüşdür. İranla Sovetlər İttifaqının mövqeyinin üst-  üstə düşməsi bir sıra səbəblərlə bağlı olmuşdur. Birincisi, İran heç vaxt Azərbaycanın müstəqil olmasını ürəkdən istəməmişdir. Ona görə ki, Azərbaycanın müstəqil və güclü olması İranın tərkibində olan Cənubi Azərbaycanın da müstəqillik tələb etməsi ilə nəticələnə bilər. İkincisi, Azərbaycanın müstəqil olması Sovetlər İttifaqını və onun siyasi karyerasını heç vaxt razı salmamışdır. Beləliklə, Azərbaycana olan münasibətdə İranla Sovetlər İttifaqının mənafeyi bir-birini tamamlamışdır. Həm də İranın və Sovetlər İttifaqının apardığı siyasəti qəbul edən dövlətlər də (eyni zamanda öz maraqları naminə bu məcburiyyətdə qalanlar) istər-istəməz Azərbaycana qarşı qeyri-obyektiv münasibətə haqq qazandırmışlar.

İranın hakim dairələri, millətçi şovinistləri nəinki türk dilinin, eləcə də Azərbaycan dilinin işlənməsi və yayılması arealına həmişə qısqanclıqla yanaşaraq onlara qarşı müqavimət göstərmişlər. Bununla da Azərbaycan dilini fars dilinin içərisində əritməyə çalışmışlar. İş o  yerə çatıbdır ki, genetik, fonetik-qrammatik cəhətdən İran dillərindən fərqlənən Azərbaycan dilinin kökünü saxtalaşdıraraq onun İran dilinin özülü üzərində qurulması fikrində bulunublar. Bununla da, Azərbaycan dilini sıxışdırmaq, öz içərilərində əritmək, nəyin bahasına olursa-olsun bu xalqın ədəbiyyatına, mədəniyyətinə yiyə durmaq İranın siyasi dairələrinin əbədi mövqeyi olmuşdur. Əsl həqiqət isə tamam başqadır. Həqiqət əvəzinə yalan, böhtan yazmaq Kəsrəvidən başlamışdır. Sonradan isə saxta tarix yaratmaq yolunda xeyli “işlər” aparılmışdır. Artıq tarixin necə saxtalaşdırıldığı aşkar olunur, əsl həqiqət üzə çıxır. Odur ki, Nasir Purpirar “On iki əsr sükut!” adlı kitabında yazır: “Yüzlərcə sənədin qərəzsizcə araşdırılması göstərir ki, yəhudilərin sifarişi və    arxa duruşu ilə Həxamənişlər (Əhəmənilər – B.X.) adı ilə “İran” tarixinə girən qövm qətiyyən yerli və “İran”lı olmamışlar. Şayəd onları yerli olmayan yeganə mühacir qəbilələr kimi anlamaq olar ki, miladdan öncə 650-ci ildə və ya daha doğrusu, Babilin süqutundan qısa bir      zaman öncə Babilə, Beynəlnəhrinə və sonra da “İran”a soxulmuşlar”. (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.268)

Azərbaycan dili və tarixini saxtalaşdıranlardan biri də Əbdül Əli Karəng olmuşdur. Onun yanlış və əsassız fikirləri etirazla qarşılanmışdır: “...Əbdül Əli Karəng 1959-cu ildə İranda nəşr olunmuş bir əsərində müasir fars dilini, yaxud, İran dillərinin bir-birinə çox yaxın olan, yalnız bir sıra fonetik fərqlərlə ayrılan müasir İran dillərini Azərbaycanın türk dilinin (XI-XII əsrə qədərki dilinin) anası–özülü hesab edir.

Hal-hazırda da İranın hakim dairələri Cənubi Azərbaycanda dilimizi sıxışdırıb aradan çıxartmaq üçün az cəhd etmirlər. İndi də İranın islam hakim dairələri bu müəlliflərin əsərlərini əllərində bayraq edərək, deyirlər ki, azərbaycanlılar yenidən öz qədim dillərinə – yəni fars dilinə qayıtmalıdırlar”. (Bax: Maqsud Hacıyev. Öz        dilim – vicdanım, iftixarımdır. – Azərbaycan. № 8, 1990, s.168) Göründüyü kimi, azərbaycanlıların qədim dilini fars dili hesab etmək böhtançı, şovinist, millətçi təmayüldən başqa bir şey deyildir. Azərbaycan və fars dilləri bir-birindən fərqli dil ailəsinə aid olduğu halda, bunları eyni köklü dil hesab etmək dilimizin, xalqımızın tarixini göz görə-görə ağlasığmayan bir şəkildə saxtalaşdırmaqdır. Məqsəd isə aydındır. Təki azərbaycanlılara məxsus mədəniyyət, ədəbiyyat, dil etnoqrafiya və s. farslara aid edilsin, yaxud da azərbaycanlılar fars köklü bir millət kimi təqdim olunsun. Bununla da farsların     siyasi dairələri Azərbaycanın maddi-mənəvi, tarixi-etnik, dövlətçilik, sosial-siyasi və s. bazasına yiyə durmaqla özlərinə zəngin bir tarix yaratmaq iddiası ilə   beyinləri zəhərləyir, gərəkli tarix səhifəsini saxtakarlıqla doldururlar. Bəs onların özləri kimlərdir? Bu barədə “On iki əsr sükut!” kitabında xeyli təhlillər vardır.    Təhlillərin, araşdırmaların nəticəsi kimi oxuyuruq: “İran”da qətiyyən Pars adında bir ölkə və tarixdə qətiyyən Parslar adında bir qəbilə və qövm olmamışdır. Yəhudi tarixçiləri ilə eyni görüşləri və hədəfi paylaşan öz tarixçilərimiz bu saxta sözü gündəmdə saxlamaqla, əski İran qövmlərinin viranedici vəhşi axınçı qövmə söyüş kimi söylədikləri Pars sözünü saxtalaşdıraraq və bu sözə tarixən, ifadə etmədiyi bir mənanı yükləyərək, milli vəhdət və birliyi pozmağa çalışmışlar”. (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273) Pars//Parse sözünün mənası barədə yazılır: “İran” xalqları bu tanınmaz, kimliksiz və qaniçən qövmü “Parse” olaraq adlandırdı. Bu ləqəb əski “İran”da, indiki “İran”da və Midiya və Elam lüğətnaməsində “dilənçi, sülənən və işğalçı” olaraq anlaşılmaqdadır. Bu ləqəbdən fars dilində “pərse zədən (veyllənmək, avaralanmaq)” sözü düzəldilmişdir və hətta İran xalqları köpəyin əsəbi hürüşünü köpəyin hürüş səsinə uyğun olaraq “Pars” adlandırmışdır”. (Nasir Purpirar. On iki əsr sükut! (çevirən: Güntay Cavanşir). Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2002, s.273)

Özünü üstün tutmaq, başqa millətlərə yuxarıdan aşağı baxmaq, fars şovinizminin tarix boyu tutduğu mövqe olmuşdur. Bu, həm də İranın apardığı siyasətin tərkib hissəsində həmişə məqsədli şəkildə özünü göstərmişdir. Xüsusilə, İrandakı azərbaycanlılar və onların dili, şimaldakı azərbaycanlılar və onların qurduğu dövlət fars şovinizminin həmişə narahatçılığına səbəb olmuşdur. Tarix boyu azərbaycanlılara, Azərbaycan dilinə qısqanc münasibət hiss olunmuşdur və indi də hiss olunmaqdadır. Azərbaycanlılara və Azərbaycan dilinə bu cür düşmən münasibət barəsində bir faktı qeyd etmək yerinə düşər. Düzdür, biz bu faktın getdiyi mənbə olan “Azərbaycan” qəzetini (N 56, 8 noyabr, 1946) axtarsaq da, tapa bilmədik. Görünür ki, belə dəyərli faktların getdiyi mənbələri hansı yollasa (?!) yoxa çıxartmışlar. Ancaq bununla belə, həmin faktı ilk mənbədən əldə edə bilməsək də, burada verməli oluruq. Belə ki, doğma dilini dərin məhəbbətlə sevən   Firudin İbrahimi “Ana dilimizin düşmənləri” adlı məqaləsində yazırdı: “Mənim pasportum Azərbaycan dilində   yazılmışdı (Cənubi Azərbaycanda qurulmuş demokratik hökumət zamanında Azərbaycanın dövlət dili Azərbaycan dili idi. – M.H.). Fransaya viza almaq üçün mən (yəni    Firudin İbrahimi – B.X.) pasportumu İranın xarici işlər nazirliyinə təqdim etdim... İdarə məmurları mənim pasportumu Azərbaycan dilində gördükdə ildırım vurmuş adamlar kimi mat qaldılar. Mənə: – Ağa, bağışlayın, biz bu pasportu qəbul edə bilmərik. Çünki, azərbaycanca    yazılmışdır, bu rəsmi dil deyil – deyə pasportu əldən-ələ ötürdülər. Pasportum bütün idarələri dolandı... Pasportun Azərbaycan dilində yazılması Xarici İşlər Nazirliyi üçün çətin həll olunan bir məsələ açmış və ömürlərini idarə stolunun dalında çürütmüş bürokratlar üçün  əngəl olmuşdu”. (Bax: Maqsud Hacıyev. Öz dilim - vicdanım, iftixarımdır. – Azərbaycan. № 8, 1990, s.169) Budur, Cənubi Azərbaycanda azərbaycanlılara və Azərbaycan dilinə olan münasibət. Bu cür düşmənçilik münasibətinin nəticəsidir ki, İranda 30 milyondan çox azərbaycanlının yaşamasına baxmayaraq, Azərbaycan dilində məktəb, təhsil yoxdur.

Azərbaycanın tarixi coğrafiyası indikindən qat-qat    geniş areallı olmuşdur. Bunu “Azərbaycanın tarixi coğrafiyası” kitabındakı tərtib olunmuş xəritələr də təsdiq edir. (Bax: Историческая география Азербайджана. «Наука», Баку, 1987) F.Məmmədovanın (Bax: Историческая география Азербайджана. «Наука», Баку, 1987, s.36-41) (b.e.ə. III əsr - b.e. VII əsri), N.Vəlixanovanın (Bax: Историческая география Азербайджана. «Наука», Баку, 1987, s.74) (ərəb işğalından sonrakı dövrdə Azərbaycanın tarixi coğrafiyasını əks etdirən), M.X.Şəriflinin” (Bax: Историческая география Азербайджана. «Наука», Баку,. “Элм”, Баку, 1987, s.89 -91) (Azərbaycan ərazisində IX-XII əsrlərdə yaranmış feodal dövlətlərinin – Şirvanşahlar, Məzyədilər, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər və Naxçıvanşahlar), V.Z.Piriyevin (Bax: Историческая география Азербайджана. «Наука», Баку,1987, s.104-105) (Azərbaycan torpaqlarının XIII-XIV əsrlərdəki tarixi coğrafiyası), O.Ə.Əfəndiyevin (Bax: Историческая география Азербайджана. «Наука», Баку, 1987, c.115-116) (Azərbaycanın XV-XVI əsrlərdəki tarixi-coğrafi hüdudları), Ə.Ə.Rəhmani və F.M.Əliyevin (Bax: Историческая география Азербайджана. «Наука», Баку, 1987, s.125) (Azərbaycanda XVI əsrin sonu - XVIII əsrlərdə sərhədlər və inzibati bölgü) tərtib etdikləri xəritələr Azərbaycan   tarixinə dair vacib və mühüm məlumatlar verməklə yanaşı, həm də Azərbaycan dilinin işlənmə arealının tarixən geniş olması barədə də müəyyən təsəvvürləri əhəmiyyətli dərəcədə dərinləşdirir. Yeri gəlmişkən qeyd edək ki, Manna, Midiya, Atropaten, Albaniya dövlətləri Azərbaycanın tarixi coğrafiyasının hüdudları içərisində mövcud olan dövlətlərdir.

Manna, Midiya (Maday), Atropaten, Albaniya dövlətləri Azərbaycan türklərinin dövlətləridir və orada müxtəlif etnoslar da yaşamışdır. Əgər belə demək olarsa, Mannada yaşayan Manna xalqı, Midiyada (Madayda)  yaşayan Midiya (Maday) xalqı, Atropatenda yaşayan Atropaten xalqı, Albaniyada yaşayan Alban xalqı Azərbaycan türklərinin nüfuzundan, üstün mövqeyindən kənarda deyildir. Deməli, Manna, Midiya (Maday), Atropaten, Albaniya adları ümumiləşmiş ad kimi türk mənşəli tayfaların üstünlüyünə və aparıcı roluna məxsusdur, aiddir.

 

1 ... 165 166 167 ... 540

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.96826

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)