Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-343.htm
ADPU-da tələbələrin qeydiyyata alınması davam edir
ADPU-da tələbələrin qeydiyyata alınması davam edir
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbər verildiyi kimi, 2017-2018-ci tədris ili üçün respublikamızın ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin avqust ayının 15-dən qeydiyyata alınması başlayıb. Qeydiyyatın avqust ayının 25-də başa çatdırılması nəzərdə tutulur.

 

Hazırda strukturuna və tələbə heyətinə görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də I tədris ilinə qəbul olunan tələbələrin qeydiyyata alınması prosesi davam edir. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun imzaladığı müvafiq əmrlə universitetdə 2017-2018-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara müvafiq təşkili və keçirilməsi məqsədilə universitetdə fəaliyyət göstərən 8 fakültənin - Filologiya, Riyaziyyat və informatika, Tarix və coğrafiya, Kimya və biologiya, İbtidai təhsil, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, Fizika və texnologiya fakültəsinin dekanlarından və əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrupuna ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. İşçi qrupu universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. İşçi qrupu ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 4930032. Universitetin saytında qəbul olunmuş şəxslərin qeydiyyat zamanı təqdim edəcəkləri sənədlərin siyahısı göstərilib. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat rahat və çevik təşkil edilib. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Həmçinin ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında da I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması üçün işçi qrupları yaradılıb. İşçi qrupunun məsul şəxsi, professor İbrahim Bayramovun verdiyi məlumata görə, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Bundan 2010 nəfər Azərbaycan bölməsi üçün, 190 nəfər isə rus bölməsi üçün nəzərdə tutulub. Bugünədək Azərbaycan bölməsi üzrə 970 nəfər, rus bölməsi üzrə isə 59 nəfər, ümumilikdə 1029 nəfər qeydiyyatdan keçib. Xatırladaq ki, 2016-2017-ci tədris ilindən başlayaraq ADPU-ya qəbul olunmuş I tədris ili tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır.Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft