Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-344.htm
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 96
Azərbaycan Dövlət Pedaqoji Universiteti - 96
Bu gün ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaranmasının 96 ili tamam olur. 1921-ci il avqust ayının 26-da xalqımızın böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır.

 

ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınıb. ADPU respublikamızda yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərib. Fəaliyyətlərinə xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Azərbaycan müəllimləri respublikamızın intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək yüksək səviyyəyə çatmışdır. Eyni zamanda fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamışdır. ADPU Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən çoxsaylı alimlər hazırlamış, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun daha geniş miqyasda artmasında, yüksəlməsində mühüm rol oynamışlar. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü–Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, 2 vitse-prezidenti – Heydər Hüseynov və Səməd Vurğun ADPU-nun məzunlarıdır. ADPU ölkəmizdə ali pedaqoji təhsilin öncülü sayılır. Ötən müddət ərzində ADPU ölkəmiz üçün 200 minə yaxın yüksəkixtisaslı pedaqoji kadrlar hazırlayıb. Universitetimizin məzunları bu gün respublikamızın müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, həmçinin dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərirlər. Universitetimizin çoxsaylı tanınmış və məşhur məzunları respublikamızın inkişafında mühüm rol oynayıblar.

Milli təhsil sisteminin inkişafına Azərbaycan dövlətçiliyinin tərkib hissəsi kimi böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil, səhiyyə, mədəniyyət və digər sosial-mədəni sahələrin inkişafına sanballı töhfələr verir. Hazırda Azərbaycanın qarşısında dayanan əsas vəzifə, strateji hədəf keyfiyyətli təhsil imkanlarının yaradılması, infrastrukturun və insan resurslarının inkişaf etdirilməsi, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasıdır. Qloballaşan müasir dünyanın tələbələrinə uyğun təhsil sistemini formalaşdırmaq, rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq ölkəmizin beynəlxalq rəqabət gücünün artmasında mühüm rol oynayır. Öz strukturuna və tələbə heyətinin sayına görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri olan, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında baza ali məktəb rolunu oynayan ADPU-nun üzərinə bu sahədə böyük və məsuliyyətli vəzifələr düşür. Biz müasir dövrün tələblərinə cavab verən, hərtərəfli bilik və bacarıqlara, analitik və kreativ düşüncəyə malik yüksək səviyyəli pedaqoji kadrların hazırlanması üçün səylərimizi artırmalı, fəaliyyətimizi gücləndirməli, əzmlə çalışmalıyıq.

Hörmətli həmkarlar, əziz tələbələr, əməkdaşlar,

Hamınızı bu xoş və əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, müqəddəs, şərəfli və eyni zamanda məsuliyyətli fəaliyyətimizdə uğurlar arzulayıram!

Cəfər Cəfərov,

ADPU-nun rektoru, professor

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft