Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-395.htm
ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçirilir
ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçirilir
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi Abidəsini ziyarət edərək “Əbədi məşəl” kompleksi, həmçinin Türk Şəhidliyi Abidəsinin önünə gül dəstələri düzüblər.

Beynəlxalq elmi konfransın  plenar iclası ADPU-nun Böyük Akt zalında keçirilib. Öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov plenar iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə  söylədiyi “Biz bir millət, iki dövlətik” fikrinə sadiq qalaraq müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər. Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirlər. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvvəffəqiyyətlə davam etdirirlər. Bizim bu gün keçirdiyimiz beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir.

Rektor qeyd edib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir. Konfransın keçirilməsi üçün həmsədrlər müəyyən edilib, tərkibinə azərbaycanlı və türkiyəli alim-mütəxəssislər daxil edilən Təşkilat Komitəsi yaradılıb, konfransın koordinatorları, katibliyi və akademik heyəti müəyyənləşib. Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri  iştirak edirlər. Konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi  aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin  ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar bir hadisədir. Konfrans hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir edəcək. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın çıxış edərək konfransın keçirilməsinə görə ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, konfrans Türk və müsəlman dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının “Dildə, işdə, fikirdə birlik” ideyasının əyani ifadəsidir. Konfrans iki qardaş ölkənin əlaqə və münasibətlərinin inkişafına müsbət təsir edəcək.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov çıxışında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişə yaxşı olub. Türkiyə 1918-ci ildə Azərbaycan Xalq Cümhurriyyətini tanıyan birinci ölkə olmuşdur. 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanda keçirilən bütün beynəlxalq layihə və tədbirlərdə fəal iştirak edir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkənin güclənməsinə kömək edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransın keçirilməsindən məmnunluq duyduğunu ifadə edib və konfransın təşkilatçılarına təşəkkür edib. Səfir vurğulayıb ki, dostluq və qardaşlıq Türkiyə-Azərbaycan münasibətlərin təməl prinsiplərini təşkil edir. İki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. Bu münasibətlərin miqyası gələcəkdə daha da genişlənəcək.

         Konfransda hədiyyələr təqdim edilib.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 6 bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur. Konfransda ADPU-nun və ATMU-nun magistrantları və doktorantları da iştirak edirlər. 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq. Konfransın bağlanış iclasında hər iki ölkənin təmsilçilərinin hesabatları dinləniləcək, musiqili hissə təqdim olunacaq, sertfikatlar veriləcək. Konfransdan sonra qonaqların Bakının görməli yerləri ilə tanışlığı da təşkil ediləcək. Konfransda edilən məruzələrin “Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq elmi konfransının materialları “ adı ilə çap olunması nəzərdə tutulur.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft