Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-5.htm
ADPU-nun Şamaxı Filialında payız semestrinin imtahan sessiyası şəffaf və obyektiv keçirilir
ADPU-nun Şamaxı Filialında payız semestrinin imtahan sessiyası şəffaf və obyektiv keçirilir
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Təhsil naziri cənab Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunmuşdur.

 

İmtahanlar tədris qrafikinə uyğun olaraq filialın direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir. Filialın 02/103-2 nömrəli əmrinə əsasən imtahan sessiyasında 5 ixtisas üzrə 525 nəfər tələbənin 22 qrupda 132 sayda imtahanda iştirakı nəzərdə tutulmuşdur. İmtahan sessiyası başlayana qədər filialın hər 3 kafedrasında imtahanlarla bağlı məsləhət saatları cədvəl üzrə hazırlanmış və elanlar lövhəsindən asılmışdır. Tələbələrin məsləhət saatlarında iştirakları təmin edilir. Tələbələrin imtahanaqədərki semestr balları hesablanaraq elanlar lövhəsindən asılmışdır. İmtahanlar saat 0900-da başlanır. İmtahanlar yazılı formada keçirilir. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictamiyyət nümayəndələrinin və valideynlərin iştirakıına şərait yaradılır. İmtahan zamanı davranış qaydalarına əməl etməyən və üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir. İmtahan sualları, biletlər və cavab blankları imtahan otağından kənara çıxarıla bilməz. İmtahan vərəqləri ancaq bənövşəyi rənglə yazan diyircəkli qələmlə doldurulur. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir və təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılaraq qiymətləndirilir. Yoxlanılmış imtahanların qiymətləri həmin gün tələbələrə elan olunur. Günün sonuna qədər bütün imtahanların nəticəsi elanlar lövhəsində yerləşdirilir. Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialın II mərtəbəsində 202-ci otaqda Münaqişə Komissiyası fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda nəticələr elan olunduğu gün filialın Münaqişə Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir.
Filialda imtahanların şəffaf, obyektiv təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə İmtahan Qərargahı yaradılmışdır. İmtahan Qərargahı filialın tədris korpusunun birinci mərtəbəsində 102-ci otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-63-70). Qərargaha daxil olan hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır. İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunur. İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin edilir. Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi təmin olunur. Filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova hər gün auditoriyalarda olaraq imtahan prosesinə nəzarət edir. Ümumiyyətlə, filialda imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün lazımi tədbirlər həyata keçirilir.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft