Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-505.htm
ADPU-nun Ağcabədi Filialında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi
ADPU-nun Ağcabədi Filialında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi
İctimaiyyətlə əlaqələr şöbəsi
Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan filialın tədris və elmi ilər üzrə direktor müavini, dosent Seymur Süleymanov bildirdi ki, bu gün müstəqil dövlətimizin tarixində önəmli bir hadisəni qeyd edirik.

 

Məhz bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda məruzə edən dosent əvəzi Mahir Səlimov qeyd etdi ki, hər bir dövlətin bayrağa onun təmsil etdiyi xalq üçün əzizdir. Bu baxımdan, müstəqil Azərbaycanın üçrəngli bayrağı xalqımız üçün qürur mənbəyidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən üçrəngli bayrağımız qəbul edilmişdir. Lakin 23 aydan sonra, 1920-ci il aprelin 27-də bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Azərbaycan SSR-nin qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.  1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məcilisinin qərarı ilə üçrəngli bayrağımız bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib. Natiq bayrağımızın təsviri haqqında danışaraq göstərdi ki, bayrağımız eni üç üfüqi zolaqdan  ibarətdir, yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzərində ağ rəngli aypara ilə 8 guşəli ulduz təsviri edilmişdir. Bayrağımızın mavi rəngi türkçülüyümüzü, qırmızı müasir cəmiyyəti-demokratiyanı, yaşıl rəngi isə islamçılığımızı tərənnüm edir. Ağ rəngli aypara və səkkiz güşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı imperatorluğunun bayrağından keçmişdir. Başqa yanaşmaya görə isə səkkiz oğuz tayfasının birləşməsi və yaxud əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğu bildirilir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəmzlərinə xüsusi diqqət yetirərək hər bir azərbaycanlının suverenliyimizin rəmzlərinə hörmətlə, ehtiramla yanaşmağa, uca tutmağa çağırırdı. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikası Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən 9 noyabr  hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Sonra məruzə ətrafında çıxışlar oldu. Dosent əvəzi Tahir Kərimli, baş müəllimlər Araz Əliyev, Anar Kərimli öz çıxışlarında müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın keçdiyi tarixi dövrdən və xalqımızın onun uğrunda apardığı mübarizələrdən danışdılar və arzu etdilər ki, tezliklə üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızda dalğalansın.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft