Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-581.htm
Tarix və coğrafiya fakültəsində şair Oqtay Rza ilə görüş
Tarix və coğrafiya fakültəsində şair Oqtay Rza ilə görüş
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində tanınmış şair, alim və Əməkdar müəllim Oqtay Rzanın 83 illik yubileyi münasibətilə “Oqtay Rza–83 yaşda” adlı yubiley–görüş keçirilib. Yubiley-görüş Tarix və coğrafiya fakültəsinin, Tələbə Gənclər Təşkilatının (TGT) və Azərbaycan Coğrafiya Cəmiyyətinin ADPU Filialının birgə təşkilatçılığı və “Coğrafiya müəllimliyi” ixtisasının 105-ci qrup tələbələrinin təşəbbüsü ilə gerçəkləşib.

 

Görüşü giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekan müavini, Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) vitse–prezidenti, dosent Mətanət Əsgərova qeyd edib ki, hörmətli rektorumuz, professor Cəfər Cəfərov universitetimizdə fəaliyyətə başladığı dövrdən universitetin elmi, ictimai və pedaqoji fəaliyyətində baş verən müsbət yeniliklər göz önündədir. Qısa müddət ərzində unversitetdə bir sıra beynəlxalq və respublika səviyyəli konfransların, görüşlərin, layihələrin həyata keçirilməsi bunu təsdiqləyir. Respublikamızın aparıcı mütəxəssislərinin universitetə cəlb olunması və bu qəbildən fevral ayından fakültəyə rəhbərlik edən dosent Şahin Pənahovun qısa müddətdə bir sıra ideyalarının–fakültənin elektron arxivinin yaradılması, yazışmaların elektron aparılması, elektron yazışmaların təkmilləşdirilməsi, Davamlı İnkişaf Mərkəzinin, tələbələrin maraq qruplarının, Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, qısa müddətdə fakültənin bir neçə beynəlxalq konfrans və seminarların keçirilməsində fəal iştirak etməsi, tələbələrlə mütəmadi görüş və mühazirələrin keçirilməsi və digər yeniliklər bunun göstəricisidir. 
           Bu günlərdə 83 illik yubileyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, neftçıxarma ustası, geologiya-mineralogiya elmləri namizədi, 1966-cı ildən fakültənin əməkdaşı, Ümumi coğrafiya kafedrasının dosenti və “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi olmüş, Əməkdar müəllim, hər birimizin dəyərli və sevimli müəllimi, tanınmış şair Oqtay Rza ilə görüş də bu qəbildəndir. Oqtay Rza uzun illər fakültədə pedaqoq kimi çalışıb, bir çox alim və müəllimlərimizin müəllimi olub. 

Tədbirin aparıcısı “Coğrafiya müəllimliyi” ixtisasının 205-ci qrup tələbəsi Royalə Əzizli idi. “Tarix və coğrafiya müəllimliyi” ixtisasının 202-ci qrup tələbəsi, ADPU-nun ACC üzvü tələbələrinin rəhbəri Aysun Hacıbəyli sevimli müəllimimiz və şairimiz Oqtay Rzanın həyatı və elmi–pedaqoji fəaliyyəti haqqında, “Coğrafiya müəllimliyi” ixtisasının 201-ci qrup tələbəsi, ADPU TGT-nin üzvü, ACC-nin əlaqələndiricisi Taleh Mirzəyev isə şairin poeziyası haqqında çıxış ediblər. Taleh Mirzəyev Oqtay Rzanın “Körpü” şeirinə yazdığı eyniadlı nəzirəsini oxuyub.

 

Körpü
Körpüyə baxıram – fikirli, dalğın,
Kədərə batıbdır vüsal müjdəsi...
Körpüyə baxıram – deyir nağılın ;
Qurudur ümmanı ahı – naləsi...

Körpülər az idi, həsrət idik biz,
Uşaq düşüncəmdə körpü salardım...
Dünyadan ayrıydı onda kəndimiz,
Dünyanın sorağın göydən alardım...

Körpülər salındı, yollar qovuşdu,
Fəqət ayağımız tutuldu indi...
Bir-birinə həsrət qollar qovuşdu,
Könül bağlarımız qırıldı indi...

Daha bombalara tuş gəlmir körpü,
İndi beyinlərdə mərmi partlayır!
O kərpic, o daşdan, o dəmir körpü
Bu dərdi ağlayır, səni ağlayır...

Axır göz yaşları suya durmadan – 
Onun ki məramı vüsal olmuşdu!?
Əl-ələ üstündən keçsə də insan,
İnsanlıq bağları xəyal olmuşdu...

Körpü salamlasın min – min insanı,
Bozarmış daşını parlayan görüm!
Körpünün bəzəyi birlik karvanı,
 Körpünü sevincdən ağlayan görüm!

 

Sonra “Coğrafiya müəllimliyi” ixtisasının rus bölməsinin 105-ci qrup tələbələri Oqtay Rzanın rübailərindən ibarət bədii kompozisiya ifa ediblər və şairi 83 illik yubileyi münasibətilə təbrik ediblər.

Tədbirdə fakültənin dekanı, dosent Şahin Pənahov çıxış edərək Oqtay Rzaya xoş arzularını ifadə edib. Sonra isə yubilyar şairə söz verilib. Oqtay Rza bu görüşdən çox məmnun olduğunu ifadə edib, uzun illər elmi–pedaqoji fəaliyyət göstərdiyi fakültə haqqında olan xatirələrini bölüşüb. Şair tələbə və müəllimlərə şeir sovqatını da unutmayıb. Müxtəlif mövzularda yazılmış ibrətamiz şeirlərini ifa edən şair daha sonra tələbələrin suallarını cavablandırıb, səmimi görüşə görə təşəkkürünü bildirib.

Tədbirin sonunda xatirə səkilləri çəkdirilib.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft