Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-15.htm
ADPU-nun Şamaxı Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun Şamaxı Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil Nazirliynin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunub.

 

İmtahan sessiyasına hazırlıq işləri mütəşəkkil şəkildə həyata keçirilib. Belə ki, imtahan sessiyasından 1 ay əvvəl imtahan sualları hazırlanaraq tələbələrə təqdim edilib və eyni zamanda həmin suallar əsasında imtahan biletləri tərtib edilib. Tələbələrin imtahana giriş balları hesablanaraq onların nəzərinə çatdırılib və elanlar guşəsində yerləşdirilib. Kafedralarda imtahanlarla bağlı məsləhət saatları cədvəl üzrə hazırlanıb və tələbələrin məsləhət saatlarında iştirak etmələri təmin edilib. İmtahan cədvəli məsləhət saatları qeyd olunmaqla, dekabr ayının 20-dək filialın rəhbərliyi tərəfindən təsdiq olunub və elanlar lövhəsindən asılıb. İmtahan sessiyasında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtisai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları olmaqla, 5 ixtisas üzrə 22 qrupda 504 tələbə iştirak edir.

İmtahanlar bir qayda olaraq yazılı formada keçirilir, saat 900-da başlanır və 2 saat davam edir. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir və təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılaraq qiymətləndirilir. Yoxlanılmış imtahanların nəticələri tələbələrə elan olunur və elanlar lövhəsində yerləşdirilir.

Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialın 20.12.2017-ci il tarixli 02/116 nömrəli əmri ilə Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası filialın II mərtəbəsində, 202-ci otaqda fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda nəticələr elan olunduğu gün Apelyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir. Filialda imtahanların şəffaf, obyektiv təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək mənfi halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə 20.12.2017-ci il tarixli 02/115 nömrəli əmrlə İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahı filialın tədris binasının I mərtəbəsində, 102-ci otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-63-70). Qərargaha daxil olan hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapıb.

İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunur. İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur. Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə ictamiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılır. İmtahan sessiyası zamanı demək olar ki, hər gün “Açıq qapı günü” dür.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft