шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da Reytinq qiymətləndirməsi ilə bağlı bütün fakültələrdə geniş təqdimatlar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi ilə bağlı təsdiq edilmiş sənədlərin bütün fakültələrdə geniş təqdimatları keçirilib. Universitet Elmi Şurasının qərarına əsasən dekanlıqların təşkilatçılığı ilə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov tərəfindən keçirilən təqdimatlarda fakültə rəhbərliyi, müəllimlər və tədris-köməkçi heyətin nümayəndələri iştirak ediblər.

[gallery ID=95]

Sözügedən təqdimatlar  Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim və İbtidai təhsil fakültələrinin Elmi Şuralarının genişləndirilmiş iclaslarında keçirilib və universitetin saytında işıqlandırılıb. Tarix və coğrafiya, Fizika və texnologiya, Kimya və biologiya, Filologiya, Riyaziyyat və informatika fakültələri də daxil olmaqla noyabr ayında keçirilmiş təqdimatlarda aparılan qeydiyyata əsasən bütün fakültələr üzrə ümumilikdə 350-yə yaxın əməkdaş iştirak edib.

Şöbə müdiri R.Sadıqov təqdimatlarda qeyd edib ki, son illər universitetin rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə idarəetmə, tədris, elm, infrastruktur, beynəlxalq əlaqələr istiqamətində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. ADPU-nun cəmiyyətdə nüfuzunun artması, tələbə qəbulunda nəzərəçarpan irəliləyişlər, yeni çağırışlar və hədəflər tədrisin təşkilinin, müəllimlərin peşəkarlığının, elmi fəaliyyətin  keyfiyyətinin daha da artırılmasını tələb edir.   

Sonra Reytinq Qiymətləndirməsi ilə bağlı universitet Elmi Şurasının qərarı ilə rektor tərəfindən 14 sentyabr 2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetində Reytinq Qiymətləndirməsi haqqında Müvəqqəti qaydalar”, professor-müəllim heyəti, kafedra və fakültə üçün hazırlanmış reytinq cədvəlləri və tələbələr arasında keçiriləcək sorğu nümunəsi haqqında geniş məlumat verilib.

Vurğulanıb ki, Reytinq Qiymətləndirməsinin yaradılması konsepsiyası universitetin, o cümlədən fakültə və kafedraların fəaliyyətinin müasir dövrdə ali təhsil müəssisələri qarşısında qoyulan milli və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlıdır. Əsas məqsəd professor-müəllim heyətinin, kafedraların və fakültələrin mövcud pedaqoji, elmi-tədqiqat və ictimai fəaliyyətinin vəziyyətinin və səviyyəsinin vahid meyarlar əsasında qiymətləndirilməsi, fakültələrin və kafedraların resurslarının, tədris işinin təşkilinin və elmi-tədqiqat işlərinin səviyyəsinin müəyyənləşdirilməsidir. Bununla yanaşı, professor-müəllim heyətinin, kafedra və fakültələrin tədris prosesinin yaxşılaşdırılmasına fərdi və kollektiv töhfəsini nəzərə almaqla onların maddi və mənəvi həvəsləndirilməsi və nəticələri ümumiləşdirməklə onların fəaliyyətinin dinamikasının izlənilməsi nəzərdə tutulur.

Hər bir fəaliyyət növü müəyyən edilmiş müvafiq balla qiymətləndirilir və toplanan ballar əsasında reytinq müəyyən edilir. Hər bir kafedranın professor-müəllim heyəti tərəfindən il ərzində həyata keçirilmiş fəaliyyəti özündə əks etdirən cədvəl kafedralar tərəfindən dekanlığa təqdim edilir və onların əsasında fakültə üzrə müvafiq cədvəl doldurularaq təsdiq olunmaq üçün Keyfiyyətin təminatı şöbəsinə təqdim edilir. Professor-müəllim heyətinin, kafedra və fakültələrin fəaliyyətinin reytinq nəticələri hər təqvim ilinin sonunda universitet Elmi Şurasının iclasında təsdiq edilir.

Fakültələr tərəfindən təqdim edilən sənədlərin araşdırılması, reytinqlərin hesablanması, müəyyən təhlillər üçün meyarların, metodların, vasitələrin işlənilməsi, tələbələr arasında sorğu keçirilməsi və s. məsələləri rektor yanında yaradılacaq Keyfiyyət Komissiyası yerinə yetirəcək. Qeyd edək ki, ADPU Elmi Şuranın növbəti iclasında komissiyanın tərkibinin təsdiq olunması nəzərdə tutulur.

Professor-müəllim heyətinin, kafedraların və fakültələrin reytinq nəticələrinin dinamikası rəhbərliyə illik fəaliyyətin qiymətləndirilməsinə əsasən diferensial əməkhaqqı sisteminin tətbiqində, müsabiqə yolu ilə vəzifə seçkilərində və ya təyinatında, elmi-tədqiqat işlərinin aparılmasında, avadanlıqların alınmasında və s. məsələlərdə qərar vermək üçün obyektiv əsas yaradacaq.    

Bütün təqdimatlarda cədvələrin doldurulması qaydaları, müəllimlərin tədris keyfiyyətlərinin qiymətləndirilməsi üçün tələbələr arasında keçiriləcək sorğu, düsturların hesablanması mexanizmləri, nəticələri təsdiq etmək üçün tələb olunan sənədlər və s. məsələlər geniş izah edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi