шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da silsilə seminarlar: "Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı" adlı elmi-praktiki seminar keçirilib

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində IV elmi-praktiki seminar keçirilib. Seminarda ekspert qismində dəvət edilmiş İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında UNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayev "Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı" mövzusunda çıxış ediblər. Tədbirdə  ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, prorektor köməkçisi Sahil Qələndərov, layihə rəhbəri Taleh Mirzəyev və elektron seçim prosesi ilə  seçilən iştirakçı tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qonaqları və iştirakçı tələbələri salamlayıb. Professor F.Rzayev layihənin növbəti elmi-praktiki seminarın çox mühüm ictimai və siyasi əhəmiyyətindən danışıb. Müstəqil alim və QHT  nümayəndəsinə, dövlət qurumuna və diplomatik missiyanın nümayəndələrinə tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Seminarda ekspert qismində iştirak edən Aydın Xan Əbilov məsələnin kulturoloji qoyuluşundan, milli irsimizdən, onun qorunması və təbliği yollarından, ələxsus bu sahədə sosial media aktivliyinin, elektron tətbiqlərin, trendlərin, ümumən, internet şəbəkəsində vətəndaş mövqeyinin rolundan danışıb, həmçinin Virtual Qarabağ, kitabxana.net – milli virtual kitabxası kimi bu sahədə dövlət və QHT layihələrindən nümunələr, örnəklər göstərib.

Çıxış edən Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayev dövlət agentliyi haqqında qısa məlumat verərək, agentliyin fəaliyyətində erməni plagiatçılığına qarşı və milli irsimizin mühafizəsi üçün görülən qabaqlayıcı tədbirlər haqqında söz açaraq agentliyin bu sahədəki bir neçə nəşrini tələbələrə təqdim edib. Elektron sahədəki işlərdən, çoxdilli video, audio, e-kitab, online konfranslar və s. materialların təbliğindən danışıb. O, xüsusi olaraq qeyd edib ki, agentlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir və Azərbaycan maddi-mədəni irs nümunələrinin ÜƏMT-də rəsmi qeydiyyatdan keçirilməsini, mənfur qonşularımızın yalan iddiaları ilə bağlı operativ iş aparılmasını, eləcə də bu sahədə ictimaiyyətin də üzərinə böyük yükün düşdüyünü vurğulayıb.

XİN yanında UNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov bu sahədə diplomatik missiyanın fəaliyyəti, uğurları, məsələlərin diplomatik etiketlər daxilində elmi faktlarla arqumentləşdirilməsinin əhəmiyyətindən geniş məlumat verərək, bu yaxınlarda UNESKO-da “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımızın qəbul olunduğunu, eyni zamanda “Yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsindən danışıb.

Sonra mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi