шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktiki konfrans keçirilib

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin, “Müasir İnkişaf” İctimai Birliyinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı və ADPU-nun təşkilati dəstəyi ilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda elmi-praktiki konfrans keçirilib.

[gallery ID=132]

Tədbiri giriş sözü ilə ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev açaraq bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir.O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanları xatırladaraq,  Azərbaycan dilinin daim dövlətin diqqət və qayğısında olduğunu qeyd edərək, bu istiqamətdə vətəndaşların, cəmiyyətin aparıcı hissəsi olan qeyri-hökumət təşkilatlarının çalışmalar həyata keçirməsinin zəruriliyindən söz açıb.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov dilimizi qorumağın, onun saflığı uğrunda mübarizə aparmağın vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, QHT-lərin bu istiqamətdə fəal olması həm cəmiyyət üçün, həm də dövlət üçün çox faydalıdır.

Sonra çıxış edən Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova bildirib ki, dil millətin varlığını göstərən ən mühüm amildir. O, tələbələri, gəncləri ana dilinin qorunması istiqamətində fəal olmağa səsləyib.

“Müasir İnkişaf”  İctimai Birliyinin sədri Mübariz Göyüşlü çıxışında bildirib ki, texnoloji inkişaf dünyadakı dillərə, o cümlədən Azərbaycan dilinə çox ciddi təsir edir. O, buna qarşı təklikdə dayanmağın çətin olduğunu, ortaq türk ədəbi dilinin formalaşması nəticəsində müqavimət göstərməyin mümkün ola biləcəyini deyib.

Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil dünyada 356 milyon türkün yaşadığını bildirib və ortaq türk ədəbi dilinin yaranma perspektivindən söz açıb.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev media, sosial şəbəkələr və reklam lövhələrində Azərbaycan dili ilə bağlı rast gəlinən pozuntulardan söz açıb.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Kərimova məruzə ilə çıxış edərək dilimizin tarixdən gələn inkişaf perspektivinə toxunublar. Məruzələrdə ortaq türk lüğəti kitabının çapından, Azərbaycan dilinin gələcək inkişaf istiqamətlərindən də danışılıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosenti İradə Kərimova dilimizin Sovet dövründə məruz qaldığı təzyiqlərdən danışıb. O, hazırda bir sıra televiziyalarımızda dialektlərdən, şivələrdən istifadə olunmasından narazılığını bildirib.

İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva xarici dilləri öyrənməklə yanaşı, doğma dilimizi bilməyin vacib olduğunu qeyd edib.

Sonda dosent Yusif Alıyev qeyd edib ki, tələbələrin də iştirak etdiyi bu tip tədbirlərin və müzakirələrin müntəzəm şəkildə keçirilməsi olduqca gərəklidir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi