шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-nun maliyyə-təsərrüfat fəaliyyəti haqqında”, “ADPU-nun Cəlilabad Filialının fəaliyyəti haqqında”,  Monitorinq qrupunun rəhbərinin arayışı və cari məsələlər daxildir.      

[gallery ID=100]

Rektor Cəfər Cəfərov giriş nitqində qeyd edib ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) sabiq direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. Qulu Novruzov təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışıb, bu sahədə tanınmış, təcrübəli və nüfuzlu mütəxəssisdir. Qulu müəllim ADPU-nun nəzdində ADPK-də yeniliklərin, islahatların uğurla həyata keçirilməsində böyük xidmətlər göstərib. İnanırıq ki, o dövlət başçımız tərəfindən göstərilən yüksək etimadı layiqincə doğruldacaq. Rektor Qulu Novruzova ADPU-nun nəzdində ADPK-nin inkişafında və yenidənqurma işlərində səmərəli və əvəzolunmaz fəaliyyətinə görə təşəkkürnamə təqdim edib və ona uğurlar arzulayıb.

Qulu Novruzov göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

ADPU-nun nəzdində ADPK-nin yeni təyin edilmiş direktoru, dosent İsrayıl İsgəndərov çıxış edərək ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib.

Rektor çıxışında həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, ADPU-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı, Azərbaycan müəllimlərinin XV qurultayı,  “ADPU-nun 2018-2019-cu tədris ili üçün iş planı”, universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış “ADPU-nun 2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı”, Filologiya fakültəsinin dekanı və kafedra müdirləri vəzifəsinə keçiriləcək seçkilər, professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi, Kitabxana-İnformasiya Mərkəzinin və elmi-tədqiqat laboratoriyalarının yenilənməsi və onların fəaliyyətinin güclənməsi, həmçinin 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı danışıb.

İnzibati və iqtisadi  işlər üzrə prorektor Ümid Mehdiyev “ADPU-nun maliyyə-təsərrüfat fəaliyyəti haqqında” hesabat məruzəsi ilə çıxış edib. Prorektor Ü.Mehdiyev bildirib ki, müasir dövrdə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir təşkilatın əsas vəzifələrindən biri dayanıqlı maliyyə tədbirlərinin həyata keçirilməsi,  düzgün strategiyalarla inkişafa nail olunmasıdır.  ADPU hazırda yüksək elmi-pedaqoji kadr potensialı olan, filial və kolleclə birlikdə təxminən 18 min tələbə heyəti ilə pedaqoji kadr hazırlığını həyata keçirən böyük müəssisədir. ADPU-da islahatları həyata keçirmək və universiteti səmərəli vəziyyətə gətirmək 2016-cı ildən qarşıda duran əsas vəzifə olmuşdur. 

 ADPU-nun gəlirləri müxtəlif istiqamətlərdən formalaşır. Buraya ödənişli təhsildən daxil olan gəlirlərlə yanaşı, doktorant və dissertantlardan, təkrar ali təhsildən, davamlı təhsildən, əcnəbi tələbələrin hazırlıq kursundan və yataqxana xidmətindən daxil olan gəlirlər aiddir. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarına əsasən dövlət sifarişli tələbələrdən daxil olan vəsait də gəlirlərin formalaşmasına böyük təsir edir. ADPU-nun xərclər maddəsində əsas yeri əmək haqqlarının ödənilməsi tutur. Universitetin əməkhaqqı fondunun planlaşdırılması ştat cədvəlinə əsasən formalaşır. Eyni zamanda universitet işçilərinə cari ilin 11 ayı ərzində 3 dəfə mükafat verilib ki, bu da orta aylıq əməkhaqqının artmasına səbəb olub. ADPU böyük infrastruktura malikdir. Car ildə smeta ilə nəzərdə tutulan 1 nömrəli inzibati-tədris korpusunun binasının 3-cü mərtəbəsində əsaslı təmir işləri görülüb.   Bütün istilik xəttləri, elektrik təchizatı yenilənib, binanın dam hissəsində  təmir-bərpa işləri aparılıb. Ümumiyyətlə, təmir zamanı 26 auditoriya, 16 iş otağı əsaslı təmir edilib. Təmirdən sonra auditoriayalar yeni partalar, lövhələr, digər avadanlıqlar ilə təchiz olunub və istifadəyə verilib. Cari ildə digər diqqətçəkən işlərdən biri Heydər Əliyev Fondunun dəstəyi ilə 1 nömrəli inzibati-tədris korpusunun 14 mərtəbəli binasının fasad üzlüyünun yanğına davamlı, kompozit keramik materialdan üzlənməsi, bütün pəncərələrin və eyvan çıxışlarının yüksək keyfiyyətli alüminiumdan olan qapı və pəncərələr ilə dəyişdirilməsi olub. Bu fakt ölkə rəhbərliyinin təhsilə xüsusi diqqət və  qayğısının bariz nümunəsidir. 

Prorektor Ü. Mehdiyev çıxışının sonunda “ADPU-nun 2018-2021-ci illər üzrə Strateji İnkişaf Planı”na görə maliyyə-təsərrüfat sahəsində qarşıda dayanan vəzifələr barədə ətraflı məlumat verib, universitetin imicinin yüksəldilməsi, yüksək keyfiyyətli təhsil xidmətlərinin göstərilməsi, təhsilverənlərin sosial vəziyyətinin yaxşılaşdırılması və infrastrukturun gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.  

Professor Himalay Qasımov, professor İramin İsayev, professor Nailə Verdizadə, professor Nizami Xuduyev, professor Zemfira Abdullayeva, dosent Vaqif Əliyev və başqaları çıxış edərək hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər.

Elmi Şura Ü. Mehdiyevin hesabatını qəbul edib.

“ADPU-nun Cəlilabad Filialının fəaliyyəti haqqında” filialın direktoru, dosent Xudayar Sultanlı  hesabat məruzəsi ilə çıxış edib. Dosent X. Sultanlı qeyd edib ki, filialda  Pedaqoji fakültə və 3 kafedra - Ümumelmi fənlər kafedrası, İxtisas fənləri kafedrası, Təbiət və riyazi fənlər kafedrası fəaliyyət göstərir. Ümumilikdə filialda 95 nəfər işçil çalışır. Hazırda filialda 4 ixtisas üzrə - “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”,  “Məktəbəqədər təlim və tərbiyə”  ixtisasları üzrə  kadr hazırlığı həyata keçirilir. 4 ixtisas üzrə ümumilikdə  352 nəfər tələbə təhsil alır. Filialda 1 nəfər elmlər doktoru, professor, 15 nəfər fəlsəfə doktoru,  5 nəfər dosent, 1 nəfər dosent əvəzi, 20 nəfər baş müəllim çalışır. Filialın müəllimlərindən 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Qabaqcıl təhsil işçisi”  döş nişanı ilə təltif edilib. Son 5 ildə filial əməkdaşları 342 elmi məqalə və tezis, 22 monoqrafiya, dərslik və dərs vəsaiti, 13 proqram və metodik tövsiyə yazaraq çap etdiriblər. Filialın tələbələri pedaqoji təcrübəni qabaqcıl və tanınmış məktəblərdə keçirlər.

Filialda tələbələrin ictimai fəallığını təmin edən 3 ictimi təşkilat: Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Həmkarlar Təşkilatı (THT) fəaliyyət göstərir. İctimai təşkilatların iştirakı ilə filialda davamlı olaraq şeir, rəsm, şahmat və esse müsabiqələri, fənn olimpiadaları, elmi seminarlar keçirilir, dövlət əhəmiyyətli bayram günləri qeyd edilir. Filialın tələbələri respublika konfranslarında elmi məqalə və tezislərlə çıxış edirlər. Filialda müntəzəm olaraq hər həftənin şənbə günü intellektual yarış keçirilir. Bununla yanaşı, Lənkəranda keçirilən “Azərbaycan Birincisi” layihəsində davamlı olaraq, eləcə də ADPU-da və digər universitetlərdə keçirilən intellektual yarışlarda fəal iştirak edirlər. Tələbə-gənclərin asudə vaxtlarının maraqlı və səmərəli keçməsi məqsədilə muzeylərə və tarixi abidələrə səyahətlər təşkil edilir.

Filial dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün əzmlə çalışır. Müasir əmək bazarının tələblərinə cavab verən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən kadrların hazırlanması, yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə əxz edən, Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaşlar yetişdirmək filialın ən mühüm hədəflərindən biridir.

ADPU-nun Cəlilabad Filialında aparılmış monitorinqin nəticələri barədə Monitorinq qrupunun rəhbəri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib. 

Elmi Şura dosent X. Sultanlının  hesabatını qəbul edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev tədris planlarında edilən dəyişikliklər barədə məlumat verib. Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov fakültədə “Davamlı insan inkişafı” fənninin tədris olunmasını təklif edib.  Dosent Ş.Pənahovun təklifi Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

 Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın qərarlarını Şura üzvlərinin diqqətinə çatdırıb.

 Sonda ADPU-nun rektoru yanında 25 nəfərdən ibarət Keyfiyyət Komissiyasının tərkibi təsdiq edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi