шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Anarın “Keçən ilin son gecəsi” əsəri əsasında eyniadlı tamaşa hazırlayıblar

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, prodüseri Pərvin Nurəliyevadır. Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə ərsəyə gələn səhnə əsərində universitetin tələbələri - Samir Canızadə, Eltun Süleymanov, Həmid Yolçiyev, Qərib Əliyev, Əkbər Novruzov, Süleyman Süleymanov, Asiman Quliyeva, Günay Veysəlova, Lamiyə Rzayeva, Miradə Axundova, Aişə Bayramlı, İlahə Rüstəmova, Günel Mahmudova, Gülnar Şərifli rol alıblar. Həmidə xala rolunu Pərvin Nurəliyeva canlandırır. Tamaşanın premyerası  dekabrın 27-də Gənc Tamaşaçılar Teatrında keçirilib.Tamaşanı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Birinci katibi, Xalq yazıçısı Fikrət Qoca, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorları, fakültə dekanları, universitet rektorları, dövlət qurumlarının məsul şəxsləri, tanınmış və nüfuzlu mədəniyyət və incəsənət xadimləri, ziyalılar izləyiblər. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

[gallery ID=156]

Qeyd edək ki, Anarın ilk mətbu hekayəsi “Keçən ilin son gecəsi” əsəri əsasında yazmış olduğu pyesə ilk dəfə  Gənc Tamaşaçılar Teatrında 1968-ci ildə rejissor Ulduz Əliyeva-Rəfili quruluş verib. Həmidə xala rolunu Firəngiz Şərifova canlandırıb. 

Moskvanın Mərkəzi televiziyası həmin hekayəni səhnələşdirərək iki dəfə iki müxtəlif quruluşda Birinci proqramla nümayiş etdirib. Birinci quruluşda (8 yanvar 1967-də efirə gedib, rejissor B.Talmazov) Həmidə xala rolunda SSRİ Xalq artisti L.Dobrjanskaya, ikinci quruluşda (5 yanvar 1968-də efirə gedib, rejissor Rıjov) həmin rolda RSFSR Xalq artisti Fadeyeva çıxış edib. Həmçinin əsərə Azəbaycan televiziyasında Ramiz Həsənoğlu quruluş verib. Həmidə xala rolunu Zərnigar Ağakişiyeva ifa edib. "Azərbaycanfilm" kinostudiyasında isə Anarın ssenarisi əsasında "Ötən ilin son gecəsi" filmi çəkilib. Quruluşçu rejissorlar Gülbəniz Əzimzadə və Şahmar Ələkbərovdur. Həmidə xala rolunu isə Elmira Şabanova ifa edib.

Beləliklə, son dərəcə uğurlu səhnə və ekran həyatı yaşayan əsərə bu dəfə tələbələrin yazıçının 80 illik yubileyi münasibətilə müraciət etməsinin, həm də Ramiz Həsənoğlunun bu tamaşaya quruluş verməsinin xüsusi əhəmiyyəti var. Tamaşada əsərin dərin fəlsəfi mənası ilə yanaşı, həm də müasir dövrümüzlə səsləşəcək ideyalar irəli sürülüb.

Tamaşanın nümayişindən sonra çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, biz bu gün gözəl və maraqlı vaxt keçirdik. Biz bu gün Anar dünyasına, mənəviyyat dünyasına baş vurduq. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu. Müdrik babalarımız yüksək dəyərlərimizi yaratdılar, sonrakı nəsillər bu dəyərləri daha da zənginləşdirdilər. Bu yüksək dəyərlərin arasında Anar dəyərləri xüsusi yer tutur. Universitetimizin tələbələrinin hazırladıqları bu tamaşa Anarın 80 illik yubileyinə gözəl hədiyyədir. Pərvin Nurəliyeva istedadlı yazıçı və müəllim olmaqla yanaşı, həm də aktyorluq istedadına malikdir. Rektor çıxışının sonunda Xalq yazıçısı Anara, tamaşanın rejissoru Ramiz Həsənoğluna, prodüseri Pərvin Nurəliyevaya, tələbə-gənclərə təşəkkür edərək onlara uğurlar arzulayıb.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, bu tamaşa onun 80 illik yubileyinə gözəl hədiyyədir. O, tamaşanın hazırlanmasına görə Ramiz Həsənoğluna, Pərvin Nurəliyevaya və tələbələrə dərindən təşəkkür edib.

Rejissor Ramiz Həsənoğlu çıxışında bildirib ki, gənclərlə işləmək ona stimul verir. Rejissor universitetin tələbələrinin tamaşanın hazırlanması ilə bağlı onlara bəslənilən inamı layiqincə doğrultduqlarını vurğulayıb.

Pərvin Nurəliyevaya çıxış edərək tamaşanın hazırlanması üçün göstərilən dəstəyə görə ADPU-nun rəhbərliyinə, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Sonda rektor Cəfər Cəfərov təşəkkürnamələri təqdim edib, xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi