шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

9 Noyabr-Dövlət Bayrağı Günüdür

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.  Qeyd edək ki, Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” şüarının müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadədir. Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprel ayının 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. 

Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.   1991-ci il fevral ayının 5-də xalqın tələbi ilə Ali Sovet  "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa  Dövlət Bayrağı statusunu vermişdir. 1991-ci il oktyabr ayının 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını qəbul etmişdir.

"Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Əsasnaməyə görə, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət Bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Rənglərin rəmzi mənasına gəldikdə isə mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü  kimi qeyd olunur. Xalqımız bu əlamətdar və müqəddəs bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi