шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və coğrafiya fakültəsinin tələbəsi Taleh Mirzəyevin layihə rəhbəri olduğu “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində ilk elmi seminar  keçirilib. Seminarda ekspert qismində dəvət edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, fiziki antropoloq, Azərbaycanda müasir dövrdə paleoantropologiya sahəsində tədqiqatlar aparan Vüsal Həsənov “Antropoloji dəlillər ermənilərə yox deyir”  mövzusunda  çıxış edib. Tədbirdə  ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, prorektor köməkçisi Sahil Qələndərov və elektron seçim prosesindən keçərək iştirak hüququ qazanan 100 nəfər  tələbə iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qonağı və iştirakçı tələbələri universitetin rəhbərliyi adından salamlayıb. Professor F.Rzayev mövzunun aktuallığı, gələcəyin qurucuları olan tələbələrin bu sahədə ciddi elmi dəlillər, yanaşmalar və davranış kodeksinə yiyələnmələrinin əhəmiyyətini xüsusi vurğulayıb və tələbələri bu müzakirələrdə fəal olmağa səsləyib.

Ekspert Vüsal Həsənov dünyadakı əsas makroirqlər, irqlərin antropoloji tipləri, tiplərin əsas fizioloji əlamətləri, müqayisəli təhlilləri ilə bağlı geniş məlumat verib, vaxtilə professor Rəbiə Qasımovanın bu barədə əldə etdiyi elmi nəticələr haqqında danışaraq əyani nümunələr və elmi dəlillərlə Qafqaz ərazisində qədim dövrün bütün mərhələlərində tapılan insan qalıqlarının kaspi antropoloji tipində, digər dövrlərdə isə bu nisbətin alpin, pont və s. kimi Qafqaz və turanit tiplərində  təmsil olunduğunu qeyd edib. Bu fakt isə birbaşa olaraq ermənilərin antik dövrdən bəri Qafqazın yerli sakinləri olmaları iddialarını rədd edən ciddi elmi dəlildir. Çünki ermənilər sadalanan tiplərin heç birində təmsil olunmur. Ermənilər dinarik antropoloji tipinə aiddirlər.

Sonra seminar interaktiv şəkildə davam edib, tələbələr mövzu ilə bağlı öz fikir və suallarını səsləndiriblər.

Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya mübarizəsində gənclərimizin elmi, milli-ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Layihənin əsas iştirakçıları tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzu ilə əlaqəli debatlara qatılan gənclərdir.  Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.

Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektron və buklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq.  Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi