шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-da Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xalq şairi, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüş keçirilib.

[gallery ID=58]

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu gün universitetimizin kollektivi üçün xoş və sevindirici bir gündür. Xalq şairi, vətənpərvər ziyalı, tanınmış ictimai-siyasi xadim Nəriman Həsənzadədən danışmaq xalq, millət, tarix, bu gün haqqında danışmaq deməkdir. N.Həsənzadə bədii yaradıcılığa ötən əsrin 50-ci illərinin sonlarında başlayıb. Onun əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. N.Həsənzadənin Azərbaycan ədəbiyyatında öz xüsusi yeri, mövqeyi, yaradıcılıq dəst-xətti, üslubu var. O, böyük zəhmət və çətinliklərlə dolu, lakin mənalı və şərəfli bir ömür yolu keçib, cəmiyyətdə öz layiqli yerini tapa bilib. Görkəmli şair, əsl ziyalı, təcrübəli müəllim-alimdir. Onun keşməkeşli və mənalı həyat yolu gənclik üçün layiqli örnəkdir.

 Qeyd edək ki, N.Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-1953-cü illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. 1954-1956-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Azərbaycan Yazıçılar Birliyinin göndərişi əsasında Moskvadakı İkiillik Ədəbiyyat Kursunu bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. 1962-1965-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (indi fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1962-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhimdar Cəmiyyətində böyük redaktor, sonralar Uşaq və gənclər ədəbiyyatı nəşriyyatında redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, 1976-1990-cı illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru  vəzifələrində işləyib. Azərbaycanın və Belarusun fəxri fərmanları ilə təltif edilib. SSRİ yazıçılarının Ədəbiyyat Fondunun Azərbaycan bölməsinin direktoru olub.

N.Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısı olub. 1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, bir müddət Mətbuat və informasiya nazirinin vəzifəsini icra edib.  1992-ci ildə Türkiyə Respublikasının Böyük Millət Məclisində xalq deputatı kimi nümayəndə heyəti adından çıxış edib. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilib. 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib.

N.Həsənzadənin bədii yaradıcılığı və ictimai-siyasi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək  qiymətləndirilib. O, “Xalq şairi” fəxri adına layiq görülüb,  "Şərəf" ordeni ilə təltif edilib və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasının müdiri vəzifəsində işləyir, həmin Akademiyanın Elmi Şurasının üzvüdür.

N.Həsənzadənin yüksək səviyyəli əsərləri xarici mətbuat səhifələrində, o cümlədən “Vətənsiz” poeması 2009-cu ildə Rumıniyada, “Nuru Paşa” poeması isə Türkiyədə dərc edilib. 2009-cu ildə  Türkiyədə keçirilən “Kayseri poeziya günləri”ndə şair yüksək mükafatlara layiq görülüb. Həmin il N.Həsənzadə “İlin şairi” elan olunub və ona “Uğur – 2009” diplomu verilib. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

N.Həsənzadə görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Sonra N.Həsənzadə tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.

Cənubi Azərbaycandan olan tanınmış şair, “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi görüşdə iştirak etməsindən məmnunluq duyduğunu bildirib və şairə ən xoş, ən gözəl arzularını ifadə edib.

Görüşdə tələbə-gənclər musiqi sədaları altında N.Həsənzadənin şeirlərini səsləndiriblər. Görüş hamıda xoş ovqat yaradıb.

Sonda xatirə şəkli çəkdirilib.