шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fəal vətəndaş, tanınmış ziyalı

Noyabr ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana–İnformasiya Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Azər Hüseynovun 80 yaşı tamam oldu. Bu münasibətlə ADPU-da tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, ictimai təşkilatların nümayəndələri, Kitabxana–İnformasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

[gallery ID=42]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azər Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və əmək fəaliyyətində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azər Hüseynov öz işinin öhdəsindən layiqincə gələn işguzar, bacarıqlı və təcrübəli təşkilatçı, nizam-intizamlı, məsuliyyətli rəhbər işçidir.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Kitabxana–İnformasiya Mərkəzinin şöbə müdirləri Zinharə Həsənova, Arifə Məhyəddinova, “Aşıq Pəri” Məclisinin rəhbəri Pərvanə Zəngəzurlu çıxış edərək Azər Hüseynovu nəcib və xeyirxah insan, kitabxana işini dərindən bilən mütəxəssis, yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə malik  ziyalı, qayğıkeş ailə başçısı  kimi səciyyələndirərək ona uğurlar arzulayıblar.

Azər Hüseynov çıxış edərək tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. O, həmçinin tədbirin gerçəkləşməsində əməyi keçən Kitabxana–İnformasiya Mərkəzinin əməkdaşlarına da minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Azər Umud oğlu Hüseynov 1938-ci ildə Qərbi Azərbaycanın Sisian rayonunun Dəstəgird qəsəbəsində anadan olub. 1947-1957-ci illərdə doğulub boya-başa çatdığı Dəstəgird qəsəbəsindəki beynəlmiləlçi orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Kitabxanaçılıq şöbəsinə qəbul olunub. Tələbəlik illərində xalqımızın Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Abuzər Xələfov, Əlyar Qarabağlı kimi böyük alimlərindən dərs alıb.

1962-ci ildə universiteti uğurla başa vuran A.Hüseynov 1965-ci ilə kimi Respublika Kitabxanasında (indiki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası) işləyib. Sonra o, 1965-ci ildən 1975-ci ilə kimi Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Metodika şöbəsinin müdiri vəzifəsində çalışıb. Əmək fəaliyyəti ilə yanaşı, A.Hüseynov həmin illərdə kitabxana işinin nəzəri və praktiki məsələlərindən bəhs edən silsilə məqalələr yazaraq, onları dövri mətbuatda dərc etdirib. A.Hüseynov həm də  “Məktəb kitabxanası işinin təşkili” vəsaitlərinin müəllifi, “Uşaqların yaxın dostu”, “Gözəlliyə doğru” vəsaitlərinin  redaktoru olub.

A.Hüseynov həm də respublikamızda ilk dəfə uşaq yazıçılarının əsərlərindən ibarət bukletləri hazırlayıb nəşr etdirib. Buna misal olaraq, onun Süleyman  Sani Axundov, Abdulla Şaiq, Xanımana Əlibəyli, Mirmehdi Seyidzadə, Qılman İlkin kimi yazıçıların buketlərini hazırlamasını göstərmək olar. Eyni zamanda A.Hüseynov həmin dövrdə respublikamızda olan uşaq kitabxanalarının illik fəaliyyətini ümumiləşdirərək “Uşaq kitabxanalarının birillik fəaliyyəti icmalı” vəsaitini çap etdirib və həmin vəsaitin rayon kitabxanalarına çatdırılmasını təmin edib. A.Hüseynovun bu fəaliyyəti lazımınca qiymətləndirilib və o, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında işlədiyi dövrdə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

A.Hüseynov harada işləməsindən asılı olmayaraq, özünü yüksək nizam-intizamlı və bacarıqlı bir təşkilatçı kimi göstərib. Bu baxımdan, onun Azərbaycan Dillər Universitetinin (ADU) Kitabxanasının direktoru vəzifəsində çalışdığı 1975-1981-ci illəri xüsusi qeyd etmək olar. Həmin illərdə A.Hüseynov adıçəkilən universitetin kitabxanasının maddi-texniki bazasının gücləndirilməsi, kitabxananın xarici ədəbiyyatla komplektləşdirilməsi, orijinal xarici ədəbiyyat və jurnallarla təmin edilməsi üçün xeyli iş görüb. A. Hüseynovun ADU-da belə səmərəli fəaliyyət göstərməsi nəticəsində 1979-cu ildə bu ali məktəbin kitabxanası SSRİ Mədəniyyət Nazirliyi tərəfindən “Kitab və elmi-texniki tərəqqi” mövzusunda keçirilmiş Ümumittifaq konfransının qalibi olaraq 1-ci dərəcəli diploma layiq görülüb, onun özü isə sözügedən nazirliyin Fəxri Fərmanı ilə təltif edilib. O, həm də univeritetdə işlədiyi dövrdə səmərəli fəaliyyətinə görə dəfələrə rektorluğun təşəkkürünə layiq görülüb.

ADPU-nun İnzibati-təsərrüfat işləri  üzrə prorektoru işlədiyi 1981-1989-cu illər də A.Hüseynovun fəaliyyətində xüsusi bir mərhələni təşkil edib. Bu illər o, universitetin maddi-texniki bazasının gücləndirilməsində, tədris və yataqxana binalarının əsaslı təmir edilməsində, həmçinin 14 mərtəbəli tədris-laboratoriya binasının tikintisinin başa çatdırılıb istifadəyə verilməsində böyük əmək sərf edib. Eyni zamanda A.Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə universitetin tədris və yataqxana binalarının ətrafında abadlıq işləri aparılıb, ağaclar əkilib və yaşıllıq zolaqları salınıb. Habelə onun təşəbbüsü ilə tədris binalarının fasadı xüsusi qurğu vasitəsilə təmizlənərək müasir vəziyyətə gətirilib. A.Hüseynov işlədiyi bütün ali məktəblərdə Elmi Şuranın üzvü olub.

O, 1989-2000-ci illərdə Bakı Mədəni-Maaarif Texnikumunun (indiki Bakı Humanitar Kolleci) Təsərrüfat işləri üzrə direktor müavini, Kitabxanaçılıq şöbəsinin müdiri işləyib. Həmin texnikumda Kitabxanaçılıq şöbəsinin müdiri işlədiyi illərdə “Kitabxana işinin idarə olunması”, “Oxucularla iş”, “Kitabxana tarixi” kimi fənn proqramlarını tərtib edərək tədris planında kitabxana fənnlərinin ümumi çəkisinin xeyli yüksəlməsinə  nail olub.

A.Hüseynov həm də öz mövqeyi olan, əqidəli bir ziyalıdır. Müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin böyük şəxsiyyətinin vurğunu və pərəstişkarı olan A.Hüseynov həmişə Ümummilli Liderimizə dərin hörmət və rəğbət hissi ilə yanaşıb, dahi liderimizi cəsarətlə, prinsipiallıqla müdafiə edib.

A.Hüseynov həm də respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edib. Belə ki, o, 1999-cu il dekabr ayının 17-də respublikamızda ilk dəfə keçirilmiş bələdiyyə seçkilərində iştirak edib və Nəsimi bələdiyyəsinin sədr müavini seçilib. Eləcə də 2004-cü il dekabr ayının 17-də respublikamızda 2-ci dəfə keçirilən bələdiyyə seçkilərində iştirak edən A.Hüseynov yenidən həmin bələdiyyənin sədr müavini seçilib. Həmin dövrdə respublikamız üçün yeni qurum sayılan bələdiyyələrin fəaliyyətinin təbliği ilə bağlı A.Hüseynov əhali arasında maarifləndirmə işlərinin aparılmasında fəal iştirak edib. O, Avropa Şurasının (AŞ) Tibilisi şəhərində təşkil etdiyi tədbirdə “Nəsimi bələdiyyəsinin maliyyə resursları” mövzusunda çıxış edib. Bələdiyyədə səmərəli fəaliyyət göstərdiyinə görə Respublika Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının Fəxri Diplomuna layiq görülüb. 2009-cu ildə Türkiyənin Elağız şəhərində keçirilmiş “Kitabxana işində kompüterlərin əhəmiyyəti” mövzusunda türkdilli ölkələrin konfransında iştirak edib.

Səmərəli əmək fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamı ilə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 75 illik yubileyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və ADPU-nun Fəxri Fərmanı ilə təltif edilib. ADPU-nun Elmi Şurasının oktyabrın 24-də keçirilmiş iclasında universitetdə uzun illər səmərəli fəaliyyəti nəzərə alınaraq A.Hüseynov universitetin Fəxri Fərmanına, eləcə də gənc nəslin təlim-təbiyəsindəki xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına və pul mükafatına layiq görülüb. 

A.Hüseynov gözəl ailə başçısı, qayğıkeş atadır. 4 övladını cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirmiş A.Hüseynov bunu özünün həyatdakı ən böyük uğurlarından biri hesab edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi