шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Ağcabədi Filialında 18 Oktyabr –Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirildi

m4Oktyabrın  17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirildi. Konfransda filialın professor-müəllim heyəti və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev iştirak edirdi. Konfransda öncə ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildi. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva tarixən xalqımızın milli müstəqillik uğrunda apardığı mübarizə və bu mübarizəyə dərin inamın bəhrəsi olaraq bugünkü ölkə həyatımızı nümunə göstərdi. Qeyd etdi ki, müstəqil ölkəmiz etibarlı əllərdədir və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə sədaqətlə xidmət edir.

Konfransda milli müstəqillik günü ilə əlaqədar Ulu Öndərimizin çıxışlarını əks etdirən videoçarx nümayiş etdirildi.

 “Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını yetişdirən tarixi şərait” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov bildirdi ki, xalqımız beş min illik dövlətçilik ənənələrinə malikdir. Tarixin müxtəlif dönəmlərində xalqımızın müstəqilliyi əlindən alınmış, əsarətdə yaşamışdır. Bu isə böyük imperialist dövlətləri ilə qonşu olmağımızla əlaqədar olmuşdur. Azərbaycan xalqı nə qədər əsarətdə yaşasa da, onun içindəki azadlıq, istiqlaliyyət duyğusu ölməmiş, zamanı gəldikcə mübarizəyə atılmaqdan çəkinməmişdir.

Xalqlar həbsxanasına çevrilən rus imperiyasının tarixi süqutu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına zəmin hazırladısa, Sovetlər Birliyinin daxili tənəzzülü xalqların öz müqəddəratını müəyyən etmək fürsətini yaratdı. Öz azadlığı, suverenliyi uğrunda meydanlara atılan xalqımız 1990-cı ilin qanlı Yanvar faciəsi ilə müstəqilliyə aparan yolun manifestini yazdı. 1991-ci ilin  oktyabr ayının 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini elan etdi.

 “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə edən İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi Anar Kərimli bildirdi ki, ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq simasıdır. Ulu Öndərin həyata keçirdiyi taleyüklü məsələlər, nəzəri və praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər xalqımıza gərəkli olacaq və onu işıqlı sabaha səsləyəcəkdir. Məhz Heydər Əliyevin zəngin həyat təcrübəsi və siyasi dünyagörüşünün nəticəsində indi Azərbaycan qüdrətli, qüvvətli bir ölkəyə çevrilmiş, sabit, tolerant, yüksək mədəniyyətli bir xalqın dövləti kimi dünyaya tanınmışdır.

“Müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə” mövzusunda məruzə edən İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Hüseynov bildirdi ki, müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması, nüfuzlu bir ölkə kimi qəbul edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük rolu olmuşdur. Azərbaycanın BMT-yə üzvlüyündən sonra onun ali kürsüsündən xalqımızın başına gətirilən milli faciələrin səbəbkarı olan erməni işğalçılarının törədiyi soyqırımı aktının və torpaqlarımızın 20 faizinin işğal edilməsi kimi məsələlərin dünyaya tanıdılması Heydər Əliyevin vətəndaşlıq mövqeyinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan dünyanın tanınmış, inkişaf etmiş ölkələri ilə sıx siyasi, iqtisadi və mədəni əlaqələr qurmuşdur. Bütün bunlar Ulu Öndərimizin müstəqil Azərbaycan dövləti haqqında dediyi fikirləri - onun əbədiliyi, daimiliyi və dönməzliyini sübuta yetirən amillərdir.

“Milli təhsilimiz müstəqillik dövründə” mövzusunda məruzə edən Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimli Azərbaycan təhsilinin dünəni, bu günü və gələcəyi ilə bağlı ətraflı danışdı. Xalqımız müstəqillik əldə etdikdən sonra təhsil sahəsində əldə edilmiş nailiyyətlər fərəh hissi ilə qeyd olundu. Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” fikirinin əsl mahiyyəti açıqlandı.

“Azərbaycan ədəbiyyatı müstəqillik illərində” mövzusunda məruzə edən Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev həmin illərdə yaranmış ədəbiyyat nümunələrindən, dövrün yetişdirdiyi sənətkarların həyat və bədii fəaliyyətindən danışdı. Qeyd etdi ki, müstəqillik illərində yaradılmış ədəbiyyatımızın böyük əksəriyyəti öz mayasını, rişəsini xalqımızın qanı bahasına əldə etdiyi suverenlik, azadlıq və istiqlaliyyət duyğusundan almışdır.

“Müstəqil Azərbaycanda multikultural dəyərlər” mövzusunda məruzə edən tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Azərbaycanın tolerant, mədəniyyətlərin qovuşduğu və inkişaf etdiyi ölkə kimi dünyada tanınmasından danışdı.

Məruzələr ətrafında çıxışlar dinlənildi. Pedaqoji fakültənin 401-ci qrup tələbəsi Lamiyə Qarayeva müstəqil Azərbaycan dövlətinin azad və xoşbəxt gənci kimi dövlətimizin gələcəyinə böyük ümidlər bəslədiyini ifadə etdi.

Sonda çıxış üçün söz Ağcabədi RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyevə verildi. O, konfrans iştirakçılarını bayram münasibətilə təbrik etdi və onlara uğurlar arzuladı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi