шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da Enactus layihəsinin iştirakçıları ilə görüş keçirilib

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) Enactus müsabiqəsinə hazırlıq məqsədilə ADPU-nun Enactus komandasının üzvləri ilə “Enactus Azerbaijan”ın proqram meneceri Əziz Falakzadənin görüşü oldu. Görüşdə ADPU-nun  Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, Kimya və biologiya fakültəsinin kafedra müdiri, kimya üzrə elmlər doktoru  Əli Zalov, Elm və innovasiyalar şöbəsinin mütəxəssisi Ülviyyə Bayramova, Tələbə Gənclər Təşkilatının sədri Nurlan Hüseynov, layihənin müəllifi Pərvanə Bayramova və qrup üzvləri iştirak edirdilər.

Görüşdə layihə haqqında ətraflı məlumat verildi, komanda üzvlərinin sualları cavablandırıldı, təklifləri dinlənildi. Beləliklə, ADPU-nun Enactus komandasının üzvləri və fakültə məsləhətçiləri bu görüşdən həm maarifləndilər, həm də layihənin daha mükəmməl hazırlanması yollarını bildilər. 

Məlumat üçün qeyd edək ki, 24-25 may 2019-cu ildə Baki Konqres Mərkəzində “Enactus Azərbaijan” müsabiqəsi olacaq. Bu müsabiqədə Azərbaycanın 14 ali məktəbi yarışacaq. ADPU da  öz layihəsi ilə bu müsabiqədə yarışacaq.

  Enactus layihəsi haqqında qısa məlumat

“Enactus” (SIFE) proqramı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə “Enactus” müsabiqəsində ABŞ universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə isə bu proqrama cəlb edilən tələbələrin sayı 30 000-ə yaxın olub və müsabiqəyə 171 komanda qatılıb. Bu gün isə 36-ya yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən “Enactus” Dünya Kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər. “Enactus” proqramı genişlənərək dünyanın ən böyük təşkilatlarından birinə çevrilib. “Enactus” bu günün və sabahın biznes liderlərini bir araya toplayan və biznesin müsbət gücü ilə insanların həytlarını yaxşılığa doğru dəyişən beynəlxalq proqramdır. Bu proqramın sosial əhəmiyyətliliyi – insanların həyat və yaşam standartlarını yaxşıllaşdırılması, yeni iş yerlərinin açılması, insanların işlə təmin olunmasıdır. “Enactus” proqramı gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək “Enactus” proqramının əsas məqsədlərindən biridir.

“Enactus” proqramının ictimai fəlsəfəsi budur ki, “Mənə balıq vermə ki, bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ki, ömürlük ac qalmayım”.  Akademik tədris ili “Enactus”un Milli (Respublika) Yarışı ilə yekunlaşır. Bu müsabiqə hər bir komandaya özlərinin işlədiyi və hazırladığı layihələri münsiflər heyəti qarşısında təqdim etmək imkanı verir. Hazırlanan layihələr cəmiyyət və insanların həyat səviyyəsinin və yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından qiymətləndirilir. “Enactus” proqramını tətbiq edən hər bir ölkə ən azı respublika yarışını təşkil etməlidir. Yarışın nəticəsi olaraq bir universitet qalib elan olunur və “Enactus” Dünya Kubokuna vəsiqə qazanır.

Yarışın keçirilməsində məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. “Enactus” proqramının Azərbaycanda fəaliyyəti gələcəkdə biznes və sahibkarlıq sahəsində istedadlı və təcrübəli kadrların sayının çoxalmasına böyük təsir göstərir. “Enactus” proqramı vasitəsilə tələbələr qazandıqları bilikləri təcrübədən keçirir, gənc liderlər kimi formalaşır, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir, ehtiyacı olan insanlara biznes və iqtisadi bilikləri aşılayaraq, insanların həyat və yaşam keyfiyyətlərinin yaxşılaşmasına kömək edir və ən əsası da ehtiyacı olan insanlar üçün daimi iş yeri yaradırlar.

Layihələrdə  biznes, sosial, ekoloji, sahibkarlıq yanaşması, insan həyatının yaşam və keyfiyyət standartlarının yaxşılaşdırılması amilləri nəzərə alınır. “Enactus” proqramı dinamik və rəqabətli qlobal iqtisadiyyat şəraitində uğurlu fəaliyyət göstərmək üçün bu günün tələbələri, gələcəyin sahibkarları və iş adamları, eyni zamanda gələcək “Enactus” müsabiqələrinin münsifləri olacaq gənclərdə lazımi bilik və vərdişlərin, bacarıq və qabiliyyətlərin formalaşmasında mühüm rol oynayır. Hər il “Enactus” Dünya Kubokunda müxtəlif ölkələrin öndə gedən şirkətlərindən münsiflər qismində nümayəndələr iştirak edir. Tədbirdə dünyanın 436 ən iri şirkətləri təmsil olunacaq. “Enactus” proqramına qoşulmaqla “Enactus” Milli Yarışında və “Enactus” Dünya Kubokunda iştirak edərək dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq etmək mümkündür.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi