шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU Türkiyə ilə təhsil sahəsində əlaqələrini genişləndirir

Aprelin 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının Ankara Regional Milli Təhsil İdarəsinin müdiri Turan Akpınar, İstanbul Regional Milli Təhsil İdarəsinin müdiri Levent Yazıcı, İzmir Regional Milli Təhsil İdarəsinin müdiri Ömer Yahşi ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Azərbaycan Respublikasının Türkiyədə Təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə Respublikasının Azərbaycandakı Təhsil müşaviri Mahmut Ağırman, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin məsul əməkdaşı Tural Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev iştirak ediblər.

Rektor Cəfər Cəfərov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. ADPU-nun tarixi barədə məlumat verən rektor qeyd edib ki, universitet 1921-ci ildə yaradılıb. ADPU ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm rol oynayıb. Universitetin 150 mindən çox məzunu olub. Son illər ölkəmizdə müəllim hazırlığının daha da genişləndirilməsi üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. Bu birləşmə nəticəsində ADPU geniş şəbəkəyə malik ali təhsil müəssisəsinə çevrilib. Bakıda  tədris 4 binada aparılır. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Universitetdə 17 mindən çox tələbə təhsil alır. Təhsil Nazirliyi ADPU-nun fəaliyyətinə xüsusi diqqət yetirir.

Rektor qeyd edib ki, son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzu yüksəlib. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, onların əməkhaqqı artırılıb, məktəblərin infrastrukturu yenilənib. Əgər 3 il bundan əvvəl 500-dən çox bal toplayan 3 nəfər gənc ADPU-nun seçmişdisə, 2018-2019-cu tədris ilində 500-dən çox bal toplayan 566 nəfər gənc ali təhsil almaq üçün ADPU-nu seçib. Biz ADPU-nun yenilənməsi, müasirləşməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, beynəlxalq əlaqələrinin genişləndirilməsinə də xüsusi önəm veririk. Türkiyə universitetləri ilə əlaqələrimizin genişləndirilməsi üçün səmərəli fəaliyyət gerçəkləşdiririk.

Türkiyə Respublikasının Azərbaycandakı Təhsil müşaviri Mahmut Ağırman, Azərbaycan Respublikasının Türkiyədə Təhsil müşaviri Nəcibə Nəsibova çıxış edərək səmimi və işgüzar görüşə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Qeyd edilib ki, müəllimlik şərəfli, müqəddəs və məsuliyyətli peşədir. ADPU bu şərəfli və müqəddəs peşə sahiblərinin hazırlanması missiyasını uğurla həyata keçirir. 

Görüşdə ADPU-nun Türkiyə ilə təhsil sahəsində əlaqələrinin daha da genişləndirilməsi və gələcək əməkdaşlığın yeni istiqamətləri müzakirə edilib.

Görüşdə hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib. Sonda qonaqlar ADPU-nun tədris binası, o cümlədən Türk araşdırmalar elmi-tədqiqat mərkəzi, TÜRKSOY kafedrası ilə tanış edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi