шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Azərbaycanlıların soyqırımı: tarixi gerçəklik

Azərbaycan Respublikası müstəqilliyini  bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə, təhrif edilmiş hadisələr aşkarlıq  müstəvisində daha aydın  görünməyə başlamışdır. Xalqımıza qarşı zaman-zaman törədilmiş və beynəlxalq  miqyasda heç vaxt tarixi qiymətini almamış soyqırımı  hadisələri də bu qəbildəndir.

XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə  məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Bu qanlı faciələrin daha dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımdır və özünün ağır nəticələri ilə seçilir. Belə ki, 1917-ci ilin fevral və oktyabr inqilablarından məharətlə istifadə edən  ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, insanlar diri-diri yandırılmış, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılmışdır.

Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər. Həmin soyqırımın davam etdiyi dövrdə ölkəmizin ərazisində 100 minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını, ziyarətgahları top atəşinə tutaraq dağılmış, Cümə və Təzəpir məqsədlərinin minarələri ağır zədə  almış, habelə karvansarada vəhşicəsinə öldürülmüş  insanların meyitlərini elə oradaca  yandırmışdılar.

Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda  xüsusi qəddarlıqla həyata keçirilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmiş, 7 min nəfər öldürülmüşdür. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə külli miqdarda materialların olması bu bölgədə baş vermiş faciələrin miqyasını bir daha  göstərir. Tarixi mənbələrdə  qeyd olunduğu kimi , Şamaxıya hələ mart ayının ortalarında 2 min erməni əsgərinin  və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq götülməsinin sübutudur.

 Quba qəzasında da qanlı hadisələr eyni tərzdə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetirmişlər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış, günahsız insanlar öldürülmüş, neçə-neçə ev talan edilib yandırılmışdır.

On minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, insanlıq əleyhinə yönələn təcavüz, terrorçuluq kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin əlamətləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 9 dekabr  1948-ci il tarixli 260  nömrəli qətnaməsi ilə qəbul edilmiş “Genosid  cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”  Konvensiyada müəyyən olunmuşdur. Konvensiyaya  görə , soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir.  İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri  1918-ci ilin mart hadisələri zamanı  ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Tarix göstərmişdir ki, erməni millətçiləri əl çəkməmiş , dinc soydaşlarımızı qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq cinatətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrlə hadisələri saxtalaşdırmağa və öz xeyirlərinə yazmağa əl atmışlar.

Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ  ərazisini, eləcə də 7 ətraf rayonu işğal etmiş, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, 1 milyon soydaşımız  qaçqın və məcburi köçkün vəziyyətinə  düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın  Xocalı şəhərində, Kərkicahan , Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində soyqırımları törətmişlər.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il  tarixli qətnamə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağın separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 nömrəli qətnamə və 1690 nömrəli tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq  Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur.

Ermənistan AŞ-na üzv qəbul olunarkən Parlament Assambleyasının  221 nömrəli rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüş, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara  qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olunmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Belə ki, 2 aprel 2016-cı il tarixdə işğal olunmuş Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda  Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin , o cümlədən  Cenevrə  Konvensiyalarının  müddəaları kobud şəkildə pozulmuş, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qətiyyətlə bildiririrk ki, hər bir  vandalizm, separatçılıq, milliyyətçilik, terrorçuluq aktlarına hüquqi-siyasi qiymət verilmədikcə, bütün bəşəriyyət təhlükə qarşısında qalacaqdır.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt olunmuş  Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğulayır.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Qeyd olunmalıdır ki, ABŞ-ın Nyu-York ştatının Senatı və  Nyu-Cersi ştatının Baş Assambleyası  31 Mart-Azərbaycanlıların Soyqırımı Gününü tanıyan qətnamələr qəbul etmişlər.

Yeri gəlmişkən, artıq 14 dövlətin parlamentləri ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici  orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Beləliklə, qeyd etməliyik ki, 31 mart-Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi  qiymət verilməmişdir. Dünya  birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan  uzunmüddətli  erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına uzun müddət davam edən  bu münaqişənin sülh  və danışıqlar yolu ilə aradan qaldırılmasına  kömək  göstəriləcəyinə  tam əminliyimizi ifadə edirik.

Beynəlxalq təşkilatlardan ikili standartlara yol vermədən  haqlı mövqeyimizi dəstəkləməyi tələb edir, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin  soyqırımı aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı  səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, 1 milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi  şəkildə pozulmuş  hüquqlarının  bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq.

Ümüd edirik ki, tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında  sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər  etməklə səylər  göstərəcək, uzun illərdir  Azərbaycana qarşı davam edən təcavüz  siyasətinə son qoyulacaq.

Naibə Əhmədova,

Azərbaycan tarixi kafedrasının müdiri, dosent