шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində fakültənin müstəqil fakültə kimi fəaliyyətə başlamasının 50 illiyi və “Fizika günü” ilə bağlı tədbir keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində fakültənin müstəqil fakültə kimi fəaliyyətə başlamasının 50 illiyi və “Fizika günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru,  professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Tədris Depatamentinin direktoru, dosent Sənan Əliyev, fakültənin görkəmli məzunları, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru, Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadur Tağıyev, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayıl İsgəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika kafedrasının müdiri, professor Adil Abdullayev, professor Tahir Pənahov, “Tərəqqi” liseyinin direktoru, professor Nasim Abışov, fakültə dekanları, məktəb direktorları və şagirdləri, fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

[gallery ID=323]

Tədbirdən öncə qonaqlar Eksperimental qrupun, ADPU-nun SABAH qruplarının, fakültənin I və II tədris ili tələbələrinin hazırlayıb ingilis, rus və azərbaycan dillərində təqdim etdikləri maraqlı fiziki təcrübələrlə tanış olublar.

Tədbiri təbrik sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, Ali Pedaqoji İnstitut yaradılarkən fəaliyyət göstərən 3 şöbədən biri Fizika-riyaziyyat şöbəsi olmuşdur. İlk dekan Peterburq Universtetinin məzunu, professor  M.Əfəndiyev olmuşdur. Şöbənin fizika bölməsində dosent R.Məlikov, N. Berq və başqaları çalışmışlar. Keçən əsrin 30-cu illərində şöbə Fizika–riyaziyyat fakültəsi adlandırılmış və fakültəyə professor A.Abbaszadə dekan təyin edilmişdir. Fizika-riyaziyyat fakültəsi 1968-1969-cu tədris ilində iki müstəqil fakültəyə-fizika və riyaziyyat fakültələrinə ayrılmışdır. Fizika fakültəsinin ilk dekanı, dosent Teyfur Xasməmmədov (1968-1971) olmuşdur.

 Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuş Həsən Abdullayev bu fakültənin məzunu olmuşdur. Hazırda AMEA-nın fizika üzrə 2 həqiqi üzvü- akademik Cavad Abdinov və akademik Bahadur Tağıyev də Fizika fakültəsinin məzunlarıdırlar. Yarandığı gündən bu günə qədər Fizika fakültəsi ölkəmizin elminə və təhsilinə xidmət edən onlarla məzun yetişdirmiş, müxtəlif elm və təhsil müəssisələrində çalışan elmlər doktoru, professor Fizika fakültəsinin auditoriyalarında ilk addımlarını atmışdır. ADPU-nun Fizika fakültəsinin məzunu adını daşıyan elm xadimlərimizdən professor Abbasqulu Abbaszadə, professor Zahid Qaralov, professor Abdulla Mehrabov, professor Tahir Pənahov, professor Yusif Əsədov, professor Hidayət Nuriyev, professor Əflatun Həsənov, professor Vaqif Nəsirov, professor Fikrət İsayev, professor Şükür Əlizadə, Bəstəkar Oqtay Rəcəbov və başqalarının adını fəxrlə çəkə bilərik. Fakültənin minlərlə məzunu Azərbaycanın kənd və şəhərlərində məktəblərdə ləyaqətlə universitetimizi, Fizika fakültəsini təmsil edirlər. 

Ötən illər ərzində və hazırda fakültənin əməkdaşları gənc nəslin təlim-tərbiyəsi ilə, onların layiqli fizika müəllimi kimi yetişmələri üçün fizikanın tədrisi metodikasını təkmilləşdirməklə yanaşı, həm də fundamental fizikadan elmi araşdırmalar da aparırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsində fakültənin əməkdaşlarının AMEA-nın Fizika İnstitutu ilə birlikdə təqdim etdikləri “Kationları nadir torpaq elementləri ilə qismən əvəz edilmiş mis xalkogenidlərinin quruluş və dielektrik xassələrinə qamma-şüalanmanın təsiri” mövzusu qalib layihələr sırasındadır. Elmi-tədqiqat işləri üçün yeni cihazlar, qurğular və tədqiqat üsulları yaradılmış, 20-dən artıq ixtira üçün müəlliflik şəhadətnaməsi alınmışdır. Fakültədə tədris olunan fənlərdən dərslik və dərs vəsaitlər hazırlanmışdır. Respublikamız müstəqillik qazandıqdan sonra təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində fakültənin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə tam inteqrasiya olunmasının təmin edilməsində, orta ümumi təhsil məktəblərində "Fizika" və "Astronomiya" fənlərinin dövlət standartlarının müəyyənləşdirilməsində, proqramları tərtib olunmasında, müasir konsepsiyalar və qəbul olumuş proqram əsasında VII-XI siniflər üçün "Fizika", XI siniflər üçün "Astronomiya" milli dərslikləri, “Elektron dərsliklər", multimedialar hazırlanmışdır. Fakültədə tədrisin keyfiyyətinin artırılması istiqamətində müxtəlif klublar, mərkəzlər yaradılıb, təlimin effektivliyinin artırılması istiqamətində çalışmalar davam etdirilir. Eksperimental qruplar yaradılıb, STEM dərsləri keçirilir. Fakültənin əməkdaşları xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə uğurla çıxış edirlər. (Danimarka, Türkiyə, Rusiya və s.).Web of Science daxil olan impakt-faktorlu jurnallarda məqalələr çap edilir.

Rektor Cəfər Cəfərov tələbələrin təqdim etdikləri təcrübələrdən danışaraq qeyd edib ki, kənardan fizikanın çətin və cansıxıcı görünməsinə rəğmən, bu gün fakültənin tələbələrinin hazırladıqları işlərdə fizikanın həyatla necə əlaqəli elm olduğunu gördük. Fakültə əməkdaşlarını fakültənin 50 illik yubileyi və “Fizika günü” münasibətilə təbrik edən rektor professor-müəllim heyətinə və tələbələrə uğurlar arzulayıb.

Sonra fakültənin məzunu, AMEA-nın həqiqi üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edərək, özünün tələbəlik həyatından xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, qeyd edib ki, ADPU ölkəmizin təhsilinə və elminə çox böyük töhfələr vermişdir. Bu universitetin 3 məzunu müxtəlif illərdə Elmlər Akademiyasının prezidenti olmuşdur. Azərbaycanda müasir fizikanın banisi, akademik Həsən Abdullayev bu fakültəni bitirmişdir. Hazırda Akademiyanın Fizika İnstitutunun 7 laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini bu universitetin məzunudur. 100-ə yaxın məzun Akademiyanın müxtəlif institutlarında elmlər doktoru, elmlər namizədi kimi tədqiqatlar aparır. Mən inanıram ki, hazırda ADPU rəhbərliyinin həyata keçirdiyi uğurlu islahatlar universitetin əvvəlki nüfuzunu bərpa edib, inkişaf etdirəcəkdir. Fakültədə görülən işlər bunu deməyə əsas verir. Sonda akademik Cavad Abdinov fakültənin tələbə və müəllim heyətini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru, Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Bahadur Tağıyev çıxış edərək deyib ki, bu gün mən öz tələbəlik illərimə qayıtdım, özümü tələbə kimi hiss etdim. Mən ali təhsil alanda mənə professor Abbasqulu Abbaszadə, professor Abdulla Muxtarov kimi görkəmli alimlər dərs demişlər. Mən arzu edirəm ki, gələcəkdə də bu universitetin, Fizika fakültəsinin auditoriyalarında da elmə, təhsilə xidmət edən görkəmli alimlər yetişsin.Bu məqsədlə mən fakültə dekanından xahiş edirəm ki, bizim laboratoriyalarda fizika ilə, konkret olaraq işıq texnologiyaları ilə yaxından tanış olmaq üçün tələbələri seçib göndərsin. Bu gün fakültə tələbələrinin ingilis, rus dillərində göstərdikləri təcrübələr, müxtəlif robotları kodlaşdıraraq onların işini göstərmələri fakültədə təhsilə və elmə qayğı göstərildiyini, tələbələrə elmə marağın təşviq olunduğuna sübutdur. Mən hamını bu bayram münasibətilə təbrik edir və fakültə rəhbərliyinə bu işdə uğurlar arzulayıram.

Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov ADPU-nun rektoru, professor Cəfər Cəfərova, akademik Cavad Abdinova və akademik Bahadur Tağıyevə cıxışlarına görə minnətdarlığını bildirərək deyib ki, son illər fakültəmiz özünün inkişaf dövrünü yaşayır, fakültədə tələbələrin keyfiyyətli təhsil almaları üçün universitet rəhbərliyi hər cür şərait yaradıb. Hazırda fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin “İlk addımlarım” elmi konfransları keçirilir, “Young Physics” klubu, “Peşəkar vərdişlər” Mərkəzi və s. fəaliyyət göstərir. Fakültəmizdə unuversitetdə ilk olaraq Eksperimental qrup yaradılıb. Onlara tədris planında nəzərdə tutulan fənlərdən əlavə STEM, Science, Engeenering, xarici dillər də tədris olunur. Fürsətdən istifadə edərək bu dərslərin keçirilməsində fakültəmizə təmənnasız kömək edən Fizika Muzeyinin yaradıcısı Elçin Abbasova, Rüfət Əzimova, Yalçın İslamzadəyə, Ceyhun Cabbarova, Ravil Rzayevə, Hafiz Veysova təşəkkür edirəm. Hazırda fakültəmizdə tədris planlarının yenilənməsi istiqamətində işlərimiz davam edir. Çalışacağıq ki, fakültəmizdə təhsilin səviyyəsini daha da yüksəldək. Bu gün burada həm də orta məktəblərin direktorları, fizika müəllimləri və şagirdlər iştirak edirlər. Ümid edirəm ki, onlar bu tədbirdə iştirak etmələrindən  məmnun qalıblar. Sonda tədbirin təşkil edilməsinə görə dosent Xatirə Adıgözəlovaya, dosent Xankişi Məmmədova, dosent Namiq Niftiyevə, kafedra müdirlərinə və fakültə TGT-nin sədri Mülkü Yusifliyə təşəkkürümü bildirirəm.

Tədbir iştirakçıları sonra fakültənin tələbələrinin hazırladıqları musiqili-əyləncəli konsert proqramına baxıblar. Tələbələrin ifasında rəqslər, səhnəciklər və mahnılardan qonaqlar məmnun qalıblar. Tədbir “Yallı” rəqsi ilə sona çatıb.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi