шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Səma da sevinərmiş...

Aprelin 3-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə bir qrup ziyalı, tələbələr, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov, dosentləri Sultanəli Qurbanov və bu yazının müəllifi 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda erməni silahlı dəstələrinə qarşı mətanətlə döyüşərək uğurla irəliləyən və şəhid olan Vətən oğullarının şərəfinə ucaldılmış abidəni ziyarət etmək üçün Horadiz şəhərinə yollanıblar.

[gallery ID=310]

Yol boyu ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində çəkilmiş abad yolları, yol boyu zövqlə və sıra ilə əkilmiş ağacları, şəhərdə tikilmiş böyük tibb mərkəzini, dağıdılmış, xarabalığa çevrilmiş evlərin yerində ucaldılmış yeni tikililəri gördükcə ürəyimiz iftixarla doldu. Yol uzunu bir-bir kəndləri keçdikcə hiss etdim ki, Vətənimə, xalqıma qarşı dəfələrlə soyqırımı törədən ermənilər yanılırlar. Biz heç vaxt düşmən qarşısında əyiləsi, ruhdan düşəsi, geri çəkiləsi deyilik. Biz harada olsaq, orada həyat var, yaşayış var, Vətən var, sabaha inam var, aydın səma var!

Yol boyu gördük ki, hər yerdə həyat qaynayır – qoyunu örüşə aparan kim, bağ-bağçanı belləyən kim, toxum səpən kim, ağac əkən kim... Bir sözlə, hara baxırdıqsa, insanların ruhla işlədiyini görürdük. 

Əvvəlcə Aprel döyüşlərində şəhid olan Vətən oğullarının abidəsi önünə gül dəstələri qoyduq, onları bir dəqiqəlik sükutla yad etdik. Amma göz yaşlarımızı, ürəyimizdəki qəhəri boğa bilmədik. Bu abidə sanki canlı bir sərkərdəyə dönüb bizi intiqama, qisasa səsləyirdi, bədnam qonşularımıza qarşı bizdə nifrəti daha da artırırdı. Elə bir vaxtda abidənin önündə dayanmışdıq ki, səma aydın və ləkəsiz idi. Günəş adamı yandırırdı – sanki bu gənclərin ürəyindən qopan Vətən eşqi atəşə dönüb aləmə əbədi nur çiləyən günəşə dönmüşdü. Bu günəş gec-tez aydın sabahın, yəni murdar erməni ayaqlarının torpağımızdan kəsilib atılacağından xəbər verirdi, qələbə gününün mütləq gələcəyini qətiyyətlə vəd edirdi. Səma da sanki bizim gəlişimizə sevinirdi...

Biz abidənin önündə bu qəhrəmanların şərəfinə ehtiram əlaməti olaraq ağaç tingləri də basdırdıq.

Sonra Cocuq Mərcanlı kəndinə yollandıq. Buradakı gözəl və yaraşıqlı evlər, rahat yollar, göz işlədikcə uzanan zəmilər, insan əli ilə gözəlləşən yaşıl ormanlar, yeni tikilmiş məscid, məktəb binası, gözəl və yaraşıqlı park, yeni elektron tədris vəsaitləri ilə təmin olunmuş sinifləri olan məktəb binası insanı heyran edirdi.

Azərbaycan bayrağı bu gün Aprel şəhidlərinin cəsarəti nəticəsində Cocuq Mərcanlıda vüqarla dalğalanır.

Biz böyük bir əminliklə dərk etdik və inandıq ki, bir xalq, bir millət kimi aciz deyilik. Torpaqlarımızın geriyə qaytarılması üçün gücümüz, qüvvəmiz, namus və qeyrətimiz, mübarizə əzmimiz var.

Sonra Cocuq Mərcanlı kəndindəki məktəbə getdik. Başda professor Himalay Qasımov olmaqla, məktəbə 300 kitab hədiyyə etdik. Məktəb rəhbərliyi, şagirdlər və ictimaiyyətin nümayəndələri bizi çox sevinclə, məmnunluqla, ehtiramla qarşıladılar. Həmin məktəbin şagirdləri Aprel döyüşlərində şəhid olmuş igidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirirdilər. Tədbirdə uşaqların yanıqlı ahla, böyük iftixarla dediyi şeirlər məni kövrəltdi. Məni ağlamaq tutdu, göz yaşlarımı gizlədə bilmədim. Şəhid qardaşım bir anlıq gözümün qarşısında canlandı. Elə hiss etdim ki, qardaşım da bu gənclərin arasından mənə baxıb gülümsəyir, gəlişimizə sevinir... Axı o da Şəhidlər xiyabanında uyuyur. Qardaşım Eldəniz Aslan oğlu Novruzov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Qəlbim, ürəyim qürur hissi ilə doldu. Fikirləşdim, yaxşı ki, bizim bu cür igidlərimiz olub və var. Çünki “Şəhidi olmayan torpaq müstəmləkədir”, “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyirlər.

Sonra biz Müdafiə Nazirliyinin “N” hərbi hissəsində olduq, əsgərlərin yaşayış şəraiti ilə tanış olduq. Sovet dövrü ilə müqayisədə bugünkü yaşayış tərzinin üstünlüklərini gözümüzlə gördük, əsgərlərlə birlikdə yeməyə oturduq. Onlarla söhbət etdik. Hər bir əsgərdəki ruh yüksəkliyini, döyüşə hazır olduqlarını, ürəklərinin qələbəyə inam hissi ilə döyündüyünün şahidi olduq. Onlarla xudahafizləşib Füzuli rayonunun ermənilərlə təmas xəttində yerləşən Alxanlı kəndinə getdik. Orada erməni vəhşiliklərinin qurbanı olmuş 2 yaşlı Zəhra və onun nənəsi Sahibə Allahverdiyevanın abidəsi önünə gül dəstələri qoyduq.

Bu səfərdən qələbəyə inam hissi ilə döndük. Biz inandıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq, Cocuq Mərcanlıdakı şərait Azərbaycanımızın itirilmiş bütün kənd və şəhərlərində yaradılacaq. Xalqımızın böyük ruh yüksəkliyi ilə etimad göstərib Prezident seçdiyi İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan xalqı söndürülmüş ocaqların yenidən yandırılmasını reallaşdıracaq, üçrəngli bayrağımızı bütün bölgələrdə dalğalandıracaq.

Nazəni Novruzova,

ADPU-nun dosenti