шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu Ağcabədidə

Fevralın 20-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində ADPU-nun Ağcabədi Filialında panel müzakirələri keçirilib. Forum ADPU-nun gənc əməkdaşı Sahil Qələndərovun Gənclər Fondunun XI qrant müsabiqəsindən qazandığı layihədir. Layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələri üçün düzgün istiqamət göstərməkdir.

[gallery ID=213]

Forum çərçivəsində özünü inkişaf etdirmək, regionlarda təhsil alan tələbələrlə dostluq əlaqələri qurmaq istəyən hər bir ADPU tələbəsi üçün əlverişli dialoq mühiti yaradılıb. 

Forumun açılışında ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edib qonaqları, ekspertləri, forum iştirakçılarını salamlayıb, bu müzakirələrin filial tələbələrinin inkişafında, onların ölkə miqyaslı layihələrdə iştirakı, gələcək karyeraları üçün əhəmiyyətli bir vasitəçilik missiyasını daşıdığını qeyd edib.

Forumun moderatoru, ADPU-nun Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyev giriş nitqindən sonra panellər üzrə müzakirələrə start verib. Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” panellərində müzakirələr aparılıb.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” panelində çıxışçılar - ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi, layihə rəhbəri Sahil Qələndərov, ADPU-nun Ağcabədi Filialının müəllimi Anar Kərimli və Ağcabədi Filialının mətbuat katibi Qərənfil Rzayeva mövzu üzrə çıxışlar edib, tələbələrin sualları, fikirləri ətrafında müzakirələr davam etdirilib. Vurğulanıb ki, hazırkı dövrdə gənclərimizin üzərinə düşən ən ümdə vəzifələr təşəbbüskarlıq, gənc qızların təhsili, fəal və vətənpərvər mövqe tutmaq, bir müəllim kimi isə ən əsası sağlam ruhu sabahımızın təminatçısı olan gənclərimizə ötürməkdir.

“Sosial aktivliyin gənclərin formalaşmasında rolu” adlı paneldə layihə rəhbəri Sahil Qələndərov, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi (ictimai əsaslarla), ADPU-nun fəxri TGT sədri, magistrant Cavid Hüseynov, ADPU-nun İbtidai təhsil fakültəsinin III tədris ili tələbəsi, Türk Tələbələrin İdarə Heyətinin sədri Hakan Köse, Ağcabədi Filialının TGT sədrinin müavini İlqar İsayev ekspert qismində çıxışlar ediblər. ADPU-nun gənc əməkdaşı, könüllülük sektorunun yetirməsi Sahil Qələndərov sırf ADPU-nun timsalında sosial aktivliyin, könüllülük fəaliyyətinin uğur həllərindən, o cümlədən ölkədə və dünyada  tanınan bir çox şəxslərin vaxtilə könüllülük sektorunda yetişmələrindən söz açıb. Çıxış edən Cavid Hüseynov ictimai aktivliyin gənclərə qazandırdığı üstünlüklər, onların qarşılaşa biləcəyi maneələr və çıxış yolları haqda fikirlərini bölüşüb. Sonra Hakan Köse çıxış edib, öz təcrübəsini bölüşüb, bir Türkiyə vətəndaşı kimi Azərbaycanda və ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, qardaş ölkələrimizin mədəniyyətlərinin təbliği  sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb. Tələbələri maraqlanıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və Bakıda  yekun Foruma nümayəndələr seçilib.

Qeyd edək ki, Forumun yekun mərhələsi fevralın 22-də Bakı şəhərində həyata keçiriləcək və panellərdə ölkənin bir neçə tanınmış ictimai təşkilat rəhbərləri, ictimai xadimlər və alimlər iştirak edəcəklər. Forumun yekununda bəyənnamə qəbul ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi