шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Pedaqoji təcrübə zamanı dərslərin müşahidəsində diqqət ediləcək məsələlər

Məlum olduğu kimi tələbələrimiz Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.Universitetimizdə pedaqoji təcrübənin  başlanmasına qədər  rektorluğun və tədris hissəsinin göstərişi əsasında ADPU üzrə Təcrübə Komissiyası bir neçə dəfə yığcam və geniş tərkibdə müşavirələr keçirmiş, tələbələrin pedaqoji təcrübələrinin təşkilinin daha səmərəli olmasından ötrü hüquqi-normativ işləri həll etmiş, onun keçirilməsi üçün ilk dəfə olaraq "İşçi proqramı"nı  təcrübə rəhbərlərinin istifadəsinə təqdim etmiş,təcrübə jurnallarını yeniləmiş, pedaqoji təcrübənin nümunəvi gündəliyini hazırlamış, "Pedaqoji təcrübənin keçirilməsinə dair "Yaddaş"ı professor-müəllim heyətinin istifadəsinə təqdim etmişdir.

Rektorluğun və Tədris Departamentinin təşəbbüsü ilə tələbələrin pedaqoji təcrübəyə başlamasından bir gün əvvəl pedaqoji təcrübə rəhbərləri ilə universitet üzrə pedaqoji Təcrübə Komissiyasının geniş tərkibli təlimati xarakterli müşavirəsi keçirilmiş, təcrübənin keçirilməsinə dair metodik izahat işləri aparılmış, iştirakçıların sualları çavablandırılımışdır.

Pedaqoji təcrübənin  keçirilməsi üçün qəbul olunan qərarların vacibliyini, tətbiqini gözləyən yeniliklərin zəruriliyini, təcrübənin ilkin müəllim hazırlığı işində mühüm, həlledici və yekun mərhələ olduğunu nəzərə alsaq, görülmüş işləri müəyyən qədər müsbət qəbul etmək olar.

Amma bütün bunlarla yanaşı təcrübənin gedişi zamanı müşahidə olunan və hal-hazırda izaha ehtiyacı olan bəzi məqamları da qeyd etmək yerinə düşərdi. İlkin müşahidələr onu göstərdi  ki, hələ də tələbələrimiz sınaq dərsləri keçərkən nələrə diqqət yetirəcəklərini, təcrübəçi tələbə yoldaşlarının dərslərini dinləyərkən (müşahidə edən zaman) hansı məqamlara öz münasibətlərini bildirəcəklərini kifayət qədər təsəvvür edə bilmirlər.

Bunun əsas səbəbini fənlərin tədrisi metodikası kursunda  axtarmaq lazımdır. Etiraf etməliyik ki, həmin kursun praktikyönümlülüyü hələ də lazımi səviyyədə təmin olunmamışdır.  Təbiidir ki, növbəti tədris ilində Təcrübə Komissiyası bu boşluğu da doldurmaq üçün gərəkli olan addımları atacaqdır. Biz hələlik  tələbələrimizə lazım olan dəstəyi vermək üçün bir nümunə olaraq dərslərin müşahidəsi zamanı diqqət ediləcək məsələləri onların və təcrübə rəhbərlərinin diqqətinə çatdırırıq. Buyurub məzmunu ilə tanış olun. Dərsin gedişi zamanı

1. Dərsin qarşısında duran vəzifələr - təlim nəticələri (dərsin məqsədi) uğurla həll olundumu?

2. Dərs üçün nəzərdə tutulan a) texnıkalardan(üsullardan), b) iş formalarından, c) resurslardan səmərəli istifadə olundumu?

3. Dərsin gedişində a) təlim nəticələri, b) qrup tapşırıqları və c) qiymətləndirmə meyarları üst-üstə düşürdümü? (Bunlar eyni olmalıdır. Yəni təlim nəticələri qrup tapşırıqlarına, onlar da meyarlara çevrilməlidir. Fərq burasında olacaq ki,  təlim nəticəsində fellər indiki zamanda, qrup tapşırıqlarında əmr formasında, qiymətləndirmə meyarlarında isə feli-isim formasında - ma,-mə - kimi göstərilir).

4. Dərsdə təlim nəticələrinin (məqsədin) əldə olunmasına cəlb olunan a) üsul və b) vasitələri, alətləri yetərli saymaq olarmı?

5. Dərsin gedişi zamanı fəal(interaktiv) dərsin mərhələlərinə necə əməl olundu?

a. Motivasiya düzgün quruldumu? Yəni a) mövzu, b) tədqiqat sualları, c) ilkin fərziyyələrin yazılması düzgün və ardıcıllıqla həyata keçdimi?

b. Tədqiqın aparılması mərhələsi düzgün quruldumu? a)Yəni qruplara tapşırıq verildimi, b) vaxt elan olundumu, c) tapşırığın icrasına nəzarət olundumu? d) qrup tapşırıqları təlim nəticəsinə uyğun idi mi?)

c. Məlumat mübadiləsi mərhələsində a) qruplara bərabər vaxt ayrıldımı? b) təqdimatçılara müəllim və sinif lazımınca qulaq asdımı? c) fərqlənən qruplara diqqət yetirildimi? d) onlar qiymətləndirildimi?

ç. Məlumatın müzakirəsi və təşkili mərhələsində a) müzakirə sualları verildimi?b) onlar təqdimatların məzmununu əhatə etdimi?c) suallar təqdimatlardakı məzmunu ümumiləşdirə bildimi?

d. Nəticələrin çıxarılması mərhələsində a) ümumiləşdirilmiş məzmunla - yekun qənaətlə ilkin fərziyyələr tutuşduruldumu? b) nələrin yeni, nələrin təsdiq olunduğu müşahidə etdirildimi?

e. Yaradıcı tətbiqetmə mərhələsindəki tapşırıqlar a) düzgün qoyulmuşdumu?b) vaxt ayrılmışdımı? c) tapşırığın necə icra olunması nəzarətə götürülmüşdümü? d) tapşırıqlar dəyərləndirildimi?

f. Qiymətləndirmə meyarları a) qrup tapşırığı və b) təlim nəticələri ilə eyni idi mi? c) müəllim qiymətləndirməni düzgün apara bildimi?

6. Müəllimin a) fasilitasiya, b) ünsiyyət, c) idarəetmə, d) stimullaşdırma, e) psixoloji dəstəkləmə bacarıqları necə idi?

7. Dərsin gedişi a) cəlbedici və b) maraqlı idi mi?

8. Dərs a) pedaqoji, b) psixoloji, c) metodiki və d) elmi baxımdan tələbləri ödədimi?

9. Dərsdə istifadə olunan əyani və texniki vasitələr məqsədəuyğun idi mi?

10. Dərs barədə yekun rəyiniz nə oldu?

Əziz tələbələr və müəllim həmkarlarımız. Dərsin gedişatı zamanı hər bir bəndin, yarımbəndin qarşısında müsbət (+) və ya mənfi (-) işarəsinin qeyd olunması həm tələbənin vaxtını almır, həm də onun öz dərsinə hazırlaşması işinə lazımi səviyyədə metodik bir yaddaş kimi kömək etmiş olur. Belə hesab edirəm ki, hazırkı sxemi hər iki tərəf yadda saxlasa, həmin sxem əsasında dərsləri izləsə və dəyərləndirsə, ümumi işimizin xeyrinə olardı.

Fəxrəddin Yusifov,

Təcrübə Komissiyasının üzvü, dosent