шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Pedaqoji Forumunun VII dinləməsi keçirilib

Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən Pedaqoji Forumun (PF) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş VII dinləməsi keçirilib. Görüşdə Almaniya Federativ Respublikasının Münhen şəhərində Helmholtz Elmi-Tədqiqat Mərkəzində Dinamik sistemlər şöbəsinin müdiri vəzifəsində çalışan dünya şöhrətli riyazıyyatçı alim, professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev “Elmlərin konvergensiyası: Riyaziyyatın burada rolu” mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, təhsil ekspertləri, müvafiq sahədə tədqiqatlar aparan alimlər və pedaqoji ictimaiyyətin nümayəndələri, tanınmış ziyalılar iştirak ediblər. Dinləmədən öncə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin professor Məsud Əfəndiyevlə bağlı hazırladığı film nümayiş etdirilib.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbiri giriş sözü ilə açaraq görkəmli alim  Məsud Əfəndiyevin həyat və elmi fəaliyyəti haqqında məlumat verib. Dosent E.Aslanov bildirib ki, Məsud Arif oğlu  Əfəndiyev 1953-cü il oktyabr ayının 21-də Zaqatala rayonunda qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. İki il BDU-da təhsil aldıqdan sonra təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pillələrinə qalxaraq uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın elmi rəhbərliyi ilə yazıb. Bu diplom işi 1975-ci ildə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən "Azərbaycan SSRİ Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilib. 1991-ci ildən Almaniyada yaşayan alim bu ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində çalışıb. 2005-ci ildəYaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın 6 aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən sayılan, Almaniya Hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. 2014-cü ildə Münhendə M.Əfəndiyevin 60 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” Beynəlxalq konfransı keçirilib. 10 aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of  Biomathematics and Biostatistics” jurnalının baş redaktoru, Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiyanın müəllifidir.  Bu il  yanvarın 1-dən  iyunun 30-dək Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşən Toronto Universiteti və Fields Universitetinə dəvət edilib. O, Riyaziyyat fakültəsində Riyazi biologiya üzrə  mühazirələr oxuyub. Qeyd etmək lazımdır ki, bu universitetlər adətən mühazirə oxumaq üçün "Deans Distinguished Professor” statusunda olan Nobel və Fields mükafatı laureatlarını dəvət edirlər.

Professor M.Əfəndiyev öncə təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycandakı ictimai-siyasi prosesləri diqqətlə izləyir. Son illər ADPU müəllim hazırlığı sahəsində sanballı uğurlar qazanıb və bu, onu çox sevindirir.

Sonra “Elmlərin konvergensiyası: Riyaziyyatın burada rolu” mövzusunda məruzə ilə çıxış edən professor M.Əfəndiyev qeyd edib ki, “konvergensiya” latın sözü olub, “yaxınlaşma”, “yaxınlıq” deməkdir. XXI əsrin elmi-texnoloji yenilikləri riyaziyyat elmini biologiya, səhiyyə və digər sahələrlə yaxınlaşdırır və əlaqələri genişlədirir.Bu əlaqələr qarşılıqlı şəkildə inkişaf edir, hər iki tərəfə böyük faydalar verir. Riyaziyyat elmi artıq öz klassik mahiyyətini itirib. Yeni nəsil riyaziyyatçılar yetişib, riyaziyyata yeni baxışlar, yeni modellər yaranıb. Tətbiqi riyaziyyat artıq yox olmaq üzrədir. Riyaziyyat elmi həm də tarix, sosiologiya ilə bağlıdır. Məsələn, miqrasiya prosesində riyaziyyatın rolu böyükdür. Riyaziyyatçılara isə təkamül modellərini hazırlamaq üçün tarix elmi kömək edir. Riyaziyyat elmi bəşəriyyət qarşısında yeni üfüqlər açır. Qərbdə fundamental elmlərlə humanitar elmlər bir-birini tamamlayır, vəhdət halında inkişaf edir. Buna görə də fundamental və humanitar elmlərə vəhdətdə yanaşmaq olduqca vacibdir.

Daha sonra professor M.Əfəndiyev iştirakçıların həm mövzu, həm də Qərb təhsil sistemi və qabaqcıl beynəlxalq təcrübə ilə bağlı suallarını cavablandırıb.

Tədbirin sonunda çıxış edən rektor Cəfər Cəfərov qeyd edib ki, bugünkü görüş və məruzə elmin populyarlaşdırılması, elmi-tədqiqatların əməli fəaliyyətə tətbiqi baxımından çox faydalıdır. Universitet mədəniyyət, təhsil məkanıdır. ADPU-nun cəmiyyətdə missiyası tam fərqlidir. Belə görüşlər bizim üçün olduqca vacibdir. Rektor universitetin kollektivinə bu gözəl günü yaşatdığına görə professor M.Əfəndiyevə təşəkkür edib, alimə yeni-yeni uğurlar arzulayıb.

          Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi