шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Müəllimlərimiz yazırlar

 

Pedaqoji kadr hazırlığı ilə bağlı təkliflər və mülahizələr

Müəllimlər yaşadıqları cəmiyyətin güzgüsu və onun hərəkətverici qüvvəsidir. Müəllim adı həmişə müqəddəs olmuş, müəllimlər xalqın maariflənməsində, inkişafında əvəzsiz rol oynamışlar. Xüsusilə, pedaqoji universitetlərdə çalışan bu şərəfli peşə sahibləri cəmiyyət üçün saysız-hesabsız layiqli kadrlar, müxtəlif fənlər üzrə çox savadlı və yüksək intellektli, əsl vətənpərvər müllimlər ordusu hazırlamışlar. Buna görə pedaqoji universitetlərin müəllimlərinə  çox vaxt, düzgün olaraq, ”müəllimlər müəllimi” də deyirlər.

Ulu öndər Heydər Əliyev demişdir: “Mən Yer üzərində müəllimdən yüksək ad tanımıram”. Dahilərdən biri də belə bir fikir söyləmişdir ki, əgər bir xalqı, bir milləti məhv etmək istəyirsənsə, onun müəllimlərini savadsız yetişdirmək kifayət edir. Onda o  millət öz-özünə məhv olacaq və müharibə etməyə belə ehtiyac qalmayacaq. 

Müəllimlik peşəsi nə qədər şərəfli və yüksək olsa da, bir o qədər məsuliyyətli və çətindir. Bu baxımdan, müəllimlər ordusu hazırlayan pedaqoji universitetlərin üzərinə çox böyük məsuliyyət düşür. Dövlətin hər hansı bir sahədə: hərbi, iqtisadi, sosial və s. qüdrətli olması cəmiyyətdəki müəllimlərdən birbaşa asılıdır. Belə ki, bağçadakı tərbiyəçi müəllimədən başlayaraq universitetdə mühazirə oxuyan müəllimlərədək bütün müəllimlər sanki, cəmiyyətin barometridir. Onlar yüksək biliyə, intellektə malik olsalar, cəmiyyət üçün savadlı, mədəni, ədalətli, bacarıqlı vətəndaşlar yetişdirəcək, həmin vətəndaşlar da öz növbəsində, normal cəmiyyət, iqtisadi və hərbi cəhətdən çox qüdrətli bir dövlət quracaqlar. Məhz buna görə cəmiyyət üçün müəllimlər hazırlayan pedaqoji universitetlərdə təhsil son dərəcə keyfiyyətli və hərtərəfli olmalı, daim xalqın, millətin, Vətənin rifahı naminə çalışan müəllimlər ordusunun yetişdirilməsi işinə xidmət etməlidir. Universitetlərdəki tədrisin əsas qayəsi də məhz bundan ibarət olmalıdır.

Pedaqoji universitetlərin bugünkü tələbələrinin sabahın müəllimlərinə çevrilməsində və pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasında əsas amillərdən hesab olunan tədrisin  cox böyük rolu vardır. Buna görə də tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün hər bir fənn müəllimi çox böyük məsuliyyət daşımalıdır. Belə ki, hər bir fənn müəllimi ilk növbədə:

1) Yüksək nəzəri biliyə malik olmalıdır. Bu nəzəri bilikləri o, dərs dediyi tələbələrə pedaqoyi ustalıqla, müasir tədris metodlarından istifadə etməklə izah etməlidir. Bunun üçün onlar müasir dərsliklərdən və vəsaitlərdən, İnternet materiallarından və s. istifadə etməklə yüksək səviyyəli və zəngin məlumatlı mühazirələr hazırlamalıdırlar. Yaxşı olardı ki, mühazirələrin elektron versiyaları da tərtib olunsun və monitorlarda elektron qələmlərlə izahatlar verilsin.

2) Yüksək praktik biliyə malik olmalıdır ki, tələbələrə praktik vərdişlər əsasında təbii xammallardan xalqın rifahı naminə istifadə etməyin sirlərini öyrətsinlər.

3) İstər orta məktəb, istərsə də ali məktəb kimya müəllimləri neft və qaz ölkəsi olan Azərbaycan Respublikasının zəngin təbii ehtiyatlara malik olduğunu və bu ehtiyatlardan səmərəli istifadə etməyin yollarını axtarmalı və tələbələrin diqqətini bu sahəyə cəlb etməlidirlər.

4) Təbiətdə hazır şəkildə xammal kimi olan maddələrin xassələrini öyrənməli və onlardan insanların ehtiyacı üçün istifadə etməyi bacarmalı və bu bacarıqları gələcək gənc nəslə aşılamalıdırlar.

5) Yeri gəldikcə, dərs dediyi şagird və tələbələrə öz fənninin sirlərini öyrətməklə yanaşı, onların öz xalqını, dövlətini, Vətənini sevən vətəndaşlar kimi yetişməsinə yardımçı olmalıdır. Milli sərvətlərin, təbii xammalların bu ruhda istifadəsi  tələbələrə aşılanmalı, təbliğ olunmalıdır.

6) Daim öz üzərində işləməli, nəzəri və praktik biliklərini genişləndirməlidir. Hər kafedra həftənin məlum bir günündə seminarlar, elmi diskussiyalar təşkil etməli, müntəzəm surətdə açıq dərslər aparılmalı və lazım gələrsə, fakültənin qabaqcıl və əlaçı tələbələri də bu proseslərə cəlb olunmalıdır.

 Bütün bunlarla yanaşı:

a) Vaxtaşırı müəllimlərin attestasiyaları keçirilməli və onların daim öz biliklərini müasir standartlar səviyyəsinə çatdırmaları stimullaşdırılmalıdır.

b) Vaxtaşırı müəllimlərin təkmilləşməsini təmin etmək lazımdır ki, onların bilik səviyyələri müasir tələblərə uyğun olsun.

c) Fənn olimpiadaları təşkil olunmalı və hər tədris ili tələbələri üçün onların keçdikləri tədris materiallarına uyğun suallar tərtib olunmalı və qaliblər mükafatlandırılmalıdır.

d) Tələbə elmi cəmiyyətlərinin fəaliyyəti genisləndirilməli, lazım gələrsə, bu sahədə həvəsləndirici prinsiplərdən istifadə edilməli, ən yaxşı və yaradıcı tələbə elmi işləri üçün mükafatlar təsis olunmalıdır.

e) Vaxtaşırı kollokviumlar və yoxlamalar təşkil olunmalı, tələbələrin aldıqları nəzəri və praktik biliklər obyektiv qiymətləndirilməlidir.

f) Dekanlıqlara tapşırılmalıdır ki, gənclər təşkilatı ilə birlikdə tələbələrlə nizam-intizama ciddi riayət etmələri, mühazirələrə diqqətlə qulaq asmaları və yüksək bilik əldə etmək üçün bütün mümkün variantlardan istifadə etmələri, öz xalqının ən layiqlıi müəllimi kimi yetişmələri barədə təbliğat və təşviqat xarakterli işlər aparılsın.

Pedaqoji kadrların hazırlanmasında nəzərə almaq lazımdır ki, Pedaqoji Universitetin müəllimləri “müəllimlər müəllimi” olduqlarından, cəmiyyət üçün xeyirli müəllimlər ordusu hazırlamaq işində onlar çox böyük məsuliyyət daşıyır və buna görə də yuxarıdakı tələblər, ilk növbədə, onların özlərinə bilavasitə aid edilməlidir. Universitetdə təhsil alan tələbələri cəmiyyətin əsl hərəkətverici qüvvəsi kimi, xeyirxah və bacarıqlı vətəndaş kimi yetişdirmək üçün tədris cox keyfiyyətli və düzgün istiqamətdə qurulmalı,  Pedaqoji Universitetin indiki tələbələrini sabahın savadlı və yüksək intellektli müəlliminə çevirmək üçün əsasən, aşağıdakılara əməl olunmalıdır :

1. Ədalətli bir cəmiyyətin vətəndaşarı olmaları üçün tələbələrə seçdikləri ixtisas fənnləri dərindən, peşəkarcasına və müasir tələblərə cavab verə biləcək şəkildə tədris olunmalıdır. Çünki savadlı adam heç bir zaman ədalətsiz ola bilməz.

2.Vətəndaş həmrəyliyi ruhunda  xalqına, millətinə, Vətəninə daim sadiq qalan əsl vətənpərvər bir ziyalı ordusu yetişdirilməsi işinə xidmət edilməlidir.

3.Müasir həyatı dərindən dərk edərək,  gənc nəslə düzgün istiqamətdə təhsil verə bilən, savadlı və yüksək intellektli müəllimlər ordusunun yaradılması işinə xidmət edə bilən tədris planı hazırlanmalıdır.

4.Semestr imtahanları əgər test üsulu ilə keçirilərsə, açıq testlərə (xüsusilə, dəqiq fənnlərdə) üstünlük verilməlidir.

Bu deyilən istiqamətlərdə işin qurulması üçün tədrisə məhz peşəkar, öz fənnini dərindən bilən, tələbələrin psixologiyasını, müasir pedaqogikanı mükəmməl bilən vicdanlı müəllimlər cəlb olunmalıdır. Pedaqoji universitetlərdə məhz keyfiyyətli tədrisin olması savadlı və yüksək intellektli müəllimlərin yetişdirilməsinə, cəmiyyətin saflaşmasına, elmi-texniki tərəqqiyə və ümumiyyətlə, əsl vətəndaş cəmiyyətinin yaranmasına gətirib şıxara bilər. Bunun üçün tədris prosesində bütün mümkün vasitələrdən, interaktiv tədris metodlarından və s. səmərəli istifadə edilməli, keyfiyyətli tədrisin istiqamətlərinin  və strategiyasının göstərilməsinə çalışılmalıdır.  Məhz tədrisin müasir tələblər səviyyəsində qurulması, onun keyfiyyətinin yüksəldilməsi savadlı müəllimlər ordusunun yaradılmasına və bununla əlaqədar olaraq, bütövlükdə cəmiyyətin saflaşmasına və sonda onun iqtisadi, hərbi, sosial və s.sahələrdə qüdrətinin artmasına gətirib çıxarar.

Beləliklə, yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, doğrudan da, pedaqoli kadrların hazırlanmasına sinergetik yanaşaraq, pedaqoji universitetlərin bugünkü tələbələrinin sabahın müasir, savadlı və yüksək intellektli vətənpərvər müəllimlərinə çevrilməsində qeyd olunan istiqamətlər üzrə ciddi işlər aparılmalı və pedaqoji kadrlar məhz bu istiqamətlər üzrə hazırlanmalıdır.

Nizami Əkbərov,

Kimya və biologiya fakültəsinin Analitik və üzvi kimya kafedrasının dosenti