шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Şair qəlbli müəllim

 “Çox olub o kəslər ki, səhəri axşama çatdırmaq niyyətləri olub, lakin çatdıra bilməyiblər, çox olub o kəslər ki, sabaha yetişmək ümidləri olub, lakin yetişməyiblər”.  Bəşir müəllim ümidləri, niyyətləri, arzuları ilə sabahları açdı, lakin bir sabah ona qaranlıq oldu.

22 yanvar 2019-cu ildə qəfil gələn xəbər Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının əməkdaşlarını dərindən kədərləndirdi. Kafedranın sevimlisi Bəşir müəllimin  təkrarsız, nikbinliklə dolu həzin səsi həmişəlik susdu. Sıramızdan parlaq bir ulduz qopub ayrıldı, söndü. Bəşir müəllim onu tanıyanların ürəyində xoş izlər, xatirələr buraxıb əbədiyyətə qovuşdu.

Bəşir müəllim ömür yolunu özü istədiyi kimi mənalı yaşadı. O, gəlimli – gedimli dünyada həyatın mənasını belə ifadə edirdi:

Müdriklər demişdir dünya tamaşa,

Verilən ömürdə özünü yaşa.

Zirvənə çatarkən canında qorxu,

Sonunu gözlərkən düşmə təlaşa.

Bu misralardan göründüyü kimi, Bəşir müəllim heç kimi təkrar etmədən ömür yolunu qürurla yaşadı. Geridə cəmiyyətimiz üçün övladlarından, yetirdiyi kadrlardan, ədəbi yaradıcılığından ibarət bir zəngin irs qoydu.

 Bəşir Şükür oğlu Quliyev bərəkətli Cəlilabad torpağında, öz atasının adını daşıyan Şükürlü kəndində anadan olmuşdur. Yeri gəlmişkən, Milli Məclisin 6 may 1997-ci il tarixli qanunu və ulu öndər Heydər Əliyevin imzası ilə Azərbaycan dövləti qarşısında xidmətlərinə və İkinci Dünya  müharibəsində qəhrəmanlığına görə atası Şükür kişinin adı ilə yaşayış məntəqəsinin adı dəyişilib Şükürlü adlanmışdır.

Bakı Dövlət Universitetini bitirdikdən sonra Bəşir müəllim ömrünün 50 ilindən çoxunu Azərbaycan Dövlət Pedaqoji  Universitetində yüksəkixtisaslı  pedaqoji kadrların hazırlanmasına  sərf etmişdir. Geniş tarixi biliyə, yüksək  mühazirəçilik qabiliyyətinə malik olmuş, mənimsənilmiş biliyi obyektiv, ədalətli qiymətləndirməsi, nəzakətli davranışı tələbələrdə ona rəğbət oyatmışdır.

Bəşir müəllim Pedaqoji Universitetin və respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirdi. O, məclislərin bəzəyi idi, kollektivimizin keçirdiyi  məclislərə ağsaqqallıq  edir, şeirləri, lətifələri, məlumatları ilə tədbirlərə  şirinlik,  xoş əhvali - ruhiyyə qatırdı. Bəşir müəllim  kollektivdə  mehribanlıq yaradır, lazım gələndə  hər cür dəstək  verirdi.  Azərbaycan ictimaiyyəti  Bəşir müəllimi  kamil ziyallı kimi tanıyırdı. O, Azərbaycan  adını  uca tutur, səyahət  etdiyi ölkələrdə xalqımızı ləyaqətlə  təmsil edirdi.

 Bəşir müəllim  poeziya vurğunu idi. Dünyaya, Vətənə, cəmiyyətə, xeyirə - şərə, sevgiyə və s. münasibətini  poetik dillə ifadə edirdi. Şair qəlbli müəllimin qələmindən çıxan şeirlər “Təzadlı dünya”, “Hikmət çələngi” kitablarında  toplanmışdır. Onun fikrincə,  şeir  “arzudan doğan  insan sevinci, insan nisgili, qəlb ağrısı, aşiqlərin odlu  baxışı, xalı naxışı, ana laylası, Xocalı yarası, Qarabağ həsrətli şikəstə səsi... Araz yarası, Xəzərin tufan qəzəbi” dir. Şair insanları düşünməyə vadar edir:

İnsan! Dünyanın  bir anı

Ancaq yaşadır özündə dünyanı

... Dünya, deyə-gülə insan ömrünü yeyir.

Qaytarır özünü-özünə

İnsanlar dünyanı dərk etsə əgər,

Bəşərin dərdini içindən çəkər.

Müqəddəs hisslərlə  hakim kəsilib,

Bir körpə güldürüb, bir çiçək əkər.

Naibə Əhmədova,

Azərbaycan tarixi kafedrasının müdiri, dosent

Zakir Kərimov, dosent