шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Ağcabədi Filialında “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirildi

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirildi. Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) Humanitar məsələlər üzrə şöbə müdirinin müavini Təyyar Hacıyev iştirak edirdi.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalıda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Faciənin təfərrüatlarını əks etdirən videoçarx nümayiş etdirildi. 

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva Azərbaycan xalqının yaxın tarixi keçmişdə başına gətirilən müsibətlərdən danışdı, Xocalı soyqırımını yalnız xalqımızın deyil, insanlığın faciəsi adlandırdı.

Sonra məruzə dinlənildi.

“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda məruzə edən filialın Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimli öz nitqinə tarixən yaşanmış faciələri sadalamaqla başladı. O, adıçəkilən faciələr arasında Xocalı faciəsinin misli görünməmiş bir müsibət olduğunu vurğuladı.

T.Kərimli bildirdi ki,  Xocalı faciəsi insanların uşaqdan böyüyə qırılması ilə zamanın yaddaşında əbədi həkk olunmuş soyqırımdır.  O,  qeyd etdi  ki, Xocalıda 613 nəfər amansızlıqla qətlə yetirilmiş, 150 nəfər itkin düşmüş, 1275 nəfər əsir götürülmüşdür. Bu kütləvi soyqırımını ermənilər rus əsgər və zabitlərinin iştirakı ilə törətmişlər.

Məruzə ətrafında çıxışlar dinlənildi.

Filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Hüseynov çıxış edərək Xocalı faciəsində qətlə yetirilmiş günahsız soydaşlarımızın qanının yerdə qalmayacağını, gec-tez düşməndən qisas alınacağına böyük ümid bəslədiyini bildirdi.

Ağcabədi RİH-in Humanitar məsələlər üzrə şöbə müdirinin müavini Təyyar Hacıyev çıxış edərək ölkəmizin regionda qüdrətli dövlətə çevrilməsindən fəxarətlə danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə itirilmiş torpaqlarımız düşmən tapdağından azad olunacaq, düşmənlərimiz layiqli cəzasını alacaqdır.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi