шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Xocalı soyqırımı-dünya tarixinin ən qanlı faciələrindən biri

Bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr edilmiş müxtəlif tədbirlər keçirilir.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev bu il fevral ayının 5–də Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bugünədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməmişdir.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad etmiş, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçmişdir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Qeyd edək ki, Sərəncamda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etməsi öz əksini tapmışdır. Bu Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

Təhsil naziri Ceyhun Bayramov “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədər Təhsil Nazirliyinin tədbirlər planı” təsdiq edilib. Yuxarıda qeyd etdiyimiz sənədlərə əsasən ADPU-da Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədər əmr imzalanıb.

Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı əməli tədbirlər yalnız ulu öndərimiz Heydər Əliyevin xalqımızın çox böyük istəyi və inadlı tələbi  ilə Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtmasından sonra həyata keçirildi. Məhz ümummilli liderimiz Heydər Əliyev respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra işğalçı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini özündə dolğun əks etdirən faktların dünya ictimaiyyətinə çatdırılmasını müstəqil dövlətimizin xarici siyasətinin ən mühüm vəzifələrindən biri kimi müəyyənləşdirdi və bu vacib istiqamətdə səmərəli əməli tədbirlər həyata keçirdi. Bu məqsədlə atılan addımlardan biri isə Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi oldu. Xalqımızın dahi lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə «Xocalı Soyqırımı Günü haqqında» qərar qəbul edildi, BMT-yə və dünyanın aparıcı dövlətlərinə bu faciənin mahiyyətini açıqlayan və beynəlxalq ictimaiyyəti erməni terrorçuluğuna qarşı təsirli tədbirlər görməyə çağıran müraciət ünvanlandı. Ulu öndərimiz Heydər Əliyev “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli müvafiq Sərəncam imzalamışdır ki, bu Sərəncama əsasən hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələləri həmişə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Respublikamızın 48 rayonunda məskunlaşmış xocalılara dövlət səviyyəsində hər cür qayğı və  köməklik göstərilir. Son illər Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması istiqamətində bir sıra uğurlu addımlar atılmışdır. Xalqımız Xocalı soyqırımının iyirmi illiyi və iyirmi beş illiyi ilə əlaqədar dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə Bakıda möhtəşəm yürüşlər keçirib. Bu yürüşlər dünya ictimaiyyətinin diqqətinin yenidən Xocalı soyqırımına yönəldib.

Bunlarla yanaşı, Milli Məclis də mütəmadi olaraq Xocalı soyqırımı ilə əlaqədar xüsusi iclaslar keçirir və müvafiq bəyanatlar qəbul edir. Həmin bəyanatlarda birmənalı şəkildə bildirilir ki, müstəqil Azərbaycan dövləti mövcud imkanlardan maksimum yararlanaraq, ərazi bütövlüyümüzü təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq siyasi-hüquqi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hər il Xocalı soyqırımı ilə bağlı bəyanatlar verir və dünya ictimaiyyətinə müraciətlər ünvanlayır. Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri-qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri Xocalı faciəsi ilə bağlı dünya ictimaiyyətinə mütəmadi məlumatlar verirlər. Paytaxtın Xətai rayonunda “Ana harayı” abidəsinin ucaldılması da faciə zamanı həlak olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətin lazımi səviyyədə məlumatlandırlması üçün səmərəli əməli fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayının 8-dən başlayaraq beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, beynəlxalq səviyyədə Xocalı soyqırımına adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər keçirilir, təbliğat-təşviqat işi aparılır. Bir çox dövlətlərin parlamentləri tərəfindən rəsmi şəkildə Xocalı hadisələri soyqırımı kimi tanınıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib. Hazırda Xocalı faciəsinin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla davam etdirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqeyi belədir: Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına əsla imkan verməyəcəkdir! Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, xalqımızın milli maraqlarına uyğun şəkildə öz ədalətli həllini tapmalıdır.

ADPU-da  Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə  həsr edilmiş müxtəlif tədbirlər həyata keçirilir. Fevral ayının 20-dən başlayaraq ADPU-nun filiallarında, fakültə və struktur bölmələrində Xocalı soyqırımına həsr edilmiş fotostendlər yaradılıb, bədii gecələr, soyqrımını əks etdirən rəsm sərgiləri keçirilir, azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdirilir, unversitetin internet portalında və sosial şəbəkələrdə soyqırımına həsr edilmiş materiallar yerləşdirilib. Fevralın 25-də, saat 11:00-da ADPU-da təhsil alan Türk Tələbələrin İdarə Heyətinin təşəbbüsü ilə universitetdə qanvermə aksiyası, saat14:00-da isə Böyük Akt zalında Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək. Fevralın 26-da fakültələrdə ilk dərs saatları Xocalı soyqırımına həsr ediləcək. Elə həmin gün ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Bakıda keçiriləcək yürüşdə iştirak edəcək.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi