шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib

Mayın  14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Elektron Universitet” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə və bölmə müdirləri, universitetin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşları və layihə üzrə məsul şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent  Eldar Aslanov  bildirib ki, artıq 2 ilə yaxındır ki, Təhsil Nazirliyinin tövsiyəsi əsasında və “Neuron Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı ilə “Elektron Universitet” layihəsi həyata keçirilir. Bu layihə tədris prosesinin elektron formada qurulmasını nəzərdə tutur. Qeyd edilən müddət ərzində ADPU bu sahədə müəyyən bir səviyyə gəlib çatıb. Gələcəkdə layihə filiallar da daxil olmaqla, bütün universitetdə tətbiq ediləcək. ADPU-nun müasir universitetə çevrilməsi üçün bu layihə olduqca vacibdir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, universitet inkişaf edir, yeniləşir, müasirləşir. Bu inkişafın davam etməsi üçün “Elektron Universitet” layihəsinin həyata keçirilməsi bizim qarşımızda dayanan əsas vəzifələrdən biridir.  “Elektron Universitet” layihəsi çox vacib bir layihədir. Bu layihə ADPU-da tədris prosesinin çevik, şəffaf və səmərəli idarə edilməsinə şərait yaradır.

Sonra tədbir prorektor E.Aslanovun moderatorluğu ilə davam edib. Dosent E.Aslanovun çıxışında fakültələrdə “Elektron Universitet” layihəsi çərçivəsində görülən işlər, gerçəkləşən tədbirlər haqqında konkret məlumatlar öz əksini tapıb. Həmçinin onun çıxışında layihənin miqyasının gələcəkdə daha da genişlənəcəyi xüsusi vurğulanıb.

“Neuron Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Mədinə Məmmədova tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Tədris Departamentinin Elektron qeydiyyat bölməsinin müdiri Tale Talıbov və başqaları çıxış edərək “Elektron Universitet” layihəsinin uğurla gerçəkləşməsi, elektron jurnalların tətbiqi və layihənin daha da genişlənməsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi