шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Hüquqi maarifləndirməyə həsr olunmuş tədbir

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında “Narkomaniyaya, dini radikalizmə və erkən nikah hallarına qarşı mübarizə” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Şəki rayon (şəhər) prokuroru, baş ədliyyə müşaviri, ədliyyə polkovniki Elmar Camalov, Şəki Rayon (Şəhər) Polis Şöbəsinmin rəisi, polis polkovniki Əbülfət Rzayev, şöbənin əməkdaşları, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan filialın Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev narkomaniyanı, dini radikalizmi və ekstremizmi qloballaşan dünyanın ağrılı problemləri kimi səciyyələndirib və ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Fərman imzalayıb. Bu məqsədlə 2000-ci ildə Ümummilli Proqram hazırlanıb, 1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi zərurətini nəzərə alaraq 28 iyun 2007-ci il və 24 iyun 2013-cü il tarixlərdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramları”nı təsdiq edib.

 Nuralı Çələbiyev qeyd edib ki, filialda hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ilə müxtəlif mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Hazırkı tədbir son 3 ildə keçirilən sayca 5-ci tədbirdir.

Tədbirdə  Şəki Rayon (Şəhər) Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev “Narkomanlığa qarşı mübarizənin vasitə və yolları  haqqında” geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından biri olan narkomaniya sürətlə genişlənməkdədir. İnsan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ciddi zərbə vuran narkomanlıq yalnız çirkin, ikrahdoğuran zərərli vərdiş deyil, eyni zamanda ciddi sosial bəladır. Əbülfət Rzayev dünyada və ölkəmizdə, o cümlədən Şəki rayonunda narkomanlığın statistikası, ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verib.

Daha sonra Şəki rayon (şəhər) prokuroru, baş ədliyyə müşaviri, ədliyyə polkovniki Elmar Camalov “Dini radikalizm, dini ekstremizm və erkən nikah hallarına qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib. Prokuror ekstremist dini qruplaşmaların tərkibinə gənclərin cəlb edilməsi üçün aparılan aldadıcı və yalançı təbliğatın zərərli nəticələrindən, erkən nikahların yaratdığı ciddi sosial problemlərdən geniş bəhs edib.

Tədbirin sonunda tələbələr tərəfindən ünvanlandırılan çoxsaylı suallar hüquqşünaslar tərəfindən cavablandırılıb.

 Fikir mübadiləsi şəraitində keçən maarifləndirmə tədbiri iştirakçıların dərin marağına səbəb olub.   

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi