шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsində elmi-praktik seminar keçirilib

 “Elm günü” münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində “Ömür” Klinikasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Qospitalının və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “İnsan sağlamlığının qorunması və genofondun saxlanması problemləri və perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva insan sağlamlığının qorunmasının tədris əhəmiyyəti barədə çıxış edib. Dosent E.Mehbalıyeva cəmiyyətin inkişafında gənc nəslin sağlamlığının əsas götürülməsinin vacib olduğunu qeyd edib. Bütün elmlər insan xoşbəxtliyinə, insan sağlamlığına xidmət edir. Biz müəllim olaraq bilirik ki, tələbə sağlam olmasa, onun heç bir elmi öyrənməsi və mənimsəməsi mümkün deyil.

 “Genmodifikasiyaedici qidalar və onlara qarşı maarifləndirmə tədbirləri” mövzusunda Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Anaxanım Yusifova çıxış edib. Çıxışda insan nəslinin davamlı inkişafı üçün ciddi maneələrin qarşısının alınması məsələləri qeyd olunub. Son 10 ildə dünyanın bütün qitələrində qida mənşəli xəstəliklərin, qida zəhərlənmələrinin ciddi artması qeydə alınıb.  Buna görə dünyada qida təhlükəsizliyi ən aktual probem hesab olunur. Avropada və digər dünya ölkələrində Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) yaradılıb. Bu qurumun əsas vəzifələrindən biri əhalini qida məhsullarının mövcud və potensial riskləri barədə məlumatlandırmaqdan ibarətdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı qida mənşəli təhlükələrin xarakterinə uyğun olaraq, onların qarşısının alınması və aradan qaldırılması  strategiyasına nəzarət edir.

Dosent A.Yusifova genimodifikasiya olunmuş qidaların insan sağlamlığına zərəri barədə əhəmiyyətli məlumatlar verib.

 FHN-nin Baş İdarəsinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə şöbə müdiri Nəcibə Əfəndiyeva genofondun qorunmasının ətraf mühit, regionlar üzrə zərərli maddələrin atqıntıları barədə materialları seminar iştirakçılarının nəzərinə çatdırıb.

“Ömür” Klinikasının direktoru və baş həkimi, tibb üzrə fəlsəfə doktoru G.Məmmədova “Sağlam qadın–sağlam nəsil” mövzusunda çıxış edərək sağlam nəslin yetişməsi problemləri, xüsusi patologiyalara səbəb olan amillər barədə seminar iştirakçılarına məlumat verib, sağlam nəslin yetişməsində qohum nikahlarının zərərini qeyd edib. Faktiki məlumatlar əsasında hazırlanmış çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Klinikanın Elmi işlər üzrə direktor müavuni R.Rzayeva “Sağlam genofondun tibbi və sosial aspektləri” mözvusunda tarixi-tibbi məlumatlar verib.

DTX-nın Qospitalının həkim-terapevti, bitkilər üzrə tədqiqatçı E.Rəhimov seminarda immun sistemin qorunması, sağlam nəslin yetişməsi ətrafında təbiətin yetişdirdiyi mühafizəçilər–şəfalı bitkilər haqqında məlumat verib. E.Rəhimov sağlamlıq üçün əhəmiyyətli reseptlər verib. Həkimin çıxışı seminar iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Seminara dəvət olunmuş qonaqlardan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev genimodifikasiya olunmuş qidalara qarşı maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib. Media vasitələrinin bu mövzuya xüsusi diqqət yetirdiyini seminar iştirakçılarının nəzərinə çatdırıb.

ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə  Bəkirova seminarın çox aktual bir mövzuya həsr olunduğunu, gələcəkdə bu tədbirlərin genişləndirilib bir layihə şəklində işlənməsinin vacib olduğunu qeyd edib.

Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent A.Yusifovanın və FHN-nin Baş İdarəsinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə şöbə müdiri N.Əfəndiyevanın çıxışlarının daha geniş auditoriyada təşkil olunmasının vacibliyi nəzərə alınıb.

Sonda dekan, dosent E.Mehbalıyeva seminarın çox aktual bir məsələyə həsr olunduğunu qeyd edərək, bu mövzunun ölkə səviyyəsində layihə formasında hazırlanmasının vacib olduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi