шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Müəllim hazırlığında yeni istiqamətlər

Bu il noyabrın son günlərində Azərbaycan Müəllimlərinin XV Qurultayı keçirildi. Bu, müstəqillik dövründə ölkə müəllimlərinin 5-ci ali toplantısı idi. Bildiyimiz kimi, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib və bu məclis xalqımızın ictimai fikir tarixinə də ilk ümummilli məfkurəvi toplantı kimi daxil olmuşdur.

Azərbaycan pedaqoji ictimaiyyətinin  həyatında çox önəmli hadisə olan bu qurultaylar ənənəvi olaraq 5 ildən bir keçirilir. XV Qurultayın öz işini “Gələcəyə baxış” konsepsiyası əsasında qurması təsadüfi deyildi. Müəllimlərimizin növbəti ali məclisi təntənəli açılışdan sonra öz işini məhz “Ümumi təhsil: bu günə və gələcəyə baxış” devizi altında – təhsilin məzmunu; şagird nailiyyətlərinin qiymətləndirilməsi; müəllim və cəmiyyət; ümumi təhsilin idarə olunması mövzularında bölmələrdə, eləcə də  “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” adlı panellərdə davam etdirdi. Məruzə və çıxışlarda müstəqil ölkənin təhsil sisteminin çağdaş durumu və inkişaf perspektivləri geniş müzakirə olundu, qarşıda duran önəmli vəzifələr konkretləşdirildi və cari inkişaf konsepsiyası müəyyənləşdirildi.
Müəllimlər hər bir qabaqcıl cəmiyyətdə ən dəyərli peşə sahibləri sayılmışlar. Hər bir inkişaf prosesinin önündə gedən kadrları və peşəkar mütəxəssisləri müəllimlər hazırladığından ümumi tərəqqinin başlanğıc nöqtəsi də təhsil və müəllim əməyidir. Həqiqi və layiqli Azərbaycan müəllimi  cəmiyyətdə həmişə öncül və nüfuzlu mövqeyi ilə seçilmişdir. Buna görə də ölkəmizdə müəllimliklə bağlı müraciət forması, bəlkə də, dünyada təkrarı olmayan bir ucalıq qazanmışdır. Kütləvi maariflənmədən sonrakı illərdən başlayaraq müəllimlər nəslinin yetirməsi olan təhsilli, nüfuzlu digər peşə sahiblərinə də “müəllim” deyə müraciət olunmaqdadır. 
XX əsrin 90-cı illərinin əvvəllərində respublikada baş verən dağıdıcı proseslər, müharibə şəraiti, ümumi geriləmə müəllimlərin vəziyyətini ağırlaşdırsa da, müstəqillik ideallarına dərindən bağlı olan həqiqi pedaqoqlar sinif və auditoriyaları tərk etmədilər, ehtiyaca boyun əyməyib bu adın şərəf və nüfuzunu qorudular. Müəllim adını aşağılamağa müəyyən cəhdlər olsa da, bütövlükdə,  cəmiyyət onlara layiqli ehtiram göstərdi. 
Müəllimlər də o dövrdə heç kəsdən incimədilər, sadəcə, “müəllim” müraciətindən məmnunluq duyub çətin, məsul fəaliyyətlərini sabaha inamla davam etdirdilər. Yəni xalqımızın ictimai-mədəni düşüncəsində müəllim peşəsi ilə bağlı kök salmış yüksək qənaəti heç bir siyasi dəyişiklik və iqtisadi böhran sarsıda bilmədi. Azərbaycan müəllimlərinin böyük dostu və hamisi olan ümummilli lider Heydər Əliyev o günlərdə söylədiyi “Mən Yer üzündə müəllim adından uca ad tanımıram”-- kəlamı isə təzə şəraitdə müəllimlik şərəfini yeni bir ucalığa yüksəltdi.
Yeni əsrin ilk onillıklərində beynəlxalq təhsil xidmətləri bazarında rəqabətin artması müəllim ixtisasının məzmun və keyfiyyətcə yenilənməsinə, təkmilləşməsinə ehtiyac yaradır. Bunun üçün də müstəqil Azərbaycanın təhsil quruculuğunda müəllim hazırlığının yeni trendləri gerçəkləşdirilməlidir. Müəllim hazırlığının yeni istiqamət və hədəflərinin müəyyənləşdirilməsində, ilk növbədə, təhsildə varislik və müasirlik prinsipinin vəhdətinin xüsusi əhəmiyyət kəsb etdiyini unutmamalıyıq. Milli təhsilimizin ən yaxşı ənənələri, həmişəyaşar irsi yaşadılmalı və zənginləşdirilməlidir.
Azərbaycanın ictimai-siyasi fikir və dövlətçilik tarixində böyük rol oynamış və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti ən çətin siyasi və iqtisadi problemlərlə üzləşdiyi aylarda belə müəllimlərin fəaliyyətinə geniş meydan açmış, əhatəli təhsil siyasəti yeritmişdi. AXC hökuməti məktəblərin milliləşdirilməsi, yeni dərslik və proqramların hazırlanması, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin  Qazaxa köçürülməsi, Bakı Dövlət Universitetinin yaradılması, xarici ölkələrə təhsil almaq üçün 100 gəncin göndərilməsi, pedaqoji kursların, anadilli məktəblərin açılması və  xalq maarifinin milli məzmunda təşkili kimi tarixi tədbirlərlə  pedaqoji fikrin yerli və bəşəri dəyərlər əsasında inkişafında yeni istiqamətlər açmışdı. Xatırlamaq yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin o zaman xaricə ali təhsil almağa göndərdiyi gənclərin bir neçəsi ötən əsrin 30-cu illərində Pedaqoji İnstitutda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, bu ali təhsil müəssisəsinin böyüməsi və inkişafında yaxından iştirak etmişdilər.
Müasir dövrümüzdə dünya özünün 4-cü sənaye inqilabını yaşayır. Sahə ekspertləri isə 4.0 universitet, 4.0 elm və 4.0 təhsil haqqında danışırlar. Sürətli texnoloji yeniliklər yaşayan, qloballaşan dünyada, müharibə vəziyyətində olan 10 milyonluq Azərbaycan Respublikasının məlum geopolitik vəziyyətində müəllim hazırlığında hansı prinsiplər gözlənilməlidir? Bu prinsiplərin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar çərçivəsində əksini tapmasına, bunların nəticəsi olaraq son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunmasına, bir sıra əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, onların məzmununun geniş açılmasına və şəraitə uyğun dürüstləşdirilməsinə zərurət qalmaqdadır.  
Gələcəyin müəllimlərini hazırlayarkən ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi tarixi qiymətdən  nəticə çıxaracağımız bir çox məqamlar var. Ulu öndər “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaqdır” xəbərdarlığı milli pedaqoji düşüncəyə güclü təkan vermişdir. Bu dahi şəxsiyyətin Azərbaycan müəlliminin gənclərə nəyi və necə öyrətməsinin həlledici məqam olduğunu söyləməsi tarixi uzaqgörənlik nümunəsidir. 
Unutmamalıyıq ki, müəllim milli şüuru inşa edən sosial mühəndisdir. Müəllim dövlətimizin və millətimizin mənəvi təhlükəsizliyini qoruyan mənəviyyat keşikçisidir. Təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə ölkəmizin milli təhlükəsizlik məsələsidir. Böyük alman filolosofu Hegelin təbirincə desək, “Müəllimlik insanları mənəviyyatlı etmək peşəsidir”. Bəs müəllim şagirdlərə bu gün nəyi öyrətməlidir? 
Arzuladığımız gələcəyə gənc nəslə lazım olanları öyrətməklə çata bilərik. Biz uşaq və yeniyetmələri, gəncləri fiziki və mənəvi cəhətdən sağlam yetişdirməklə müasir Azərbaycan dövlətinin gələcəyi üçün möhkəm özüllər atdığımızı və bununla böyük tarixi missiya həyata keçirdiyimizi dərindən dərk etməliyik. Gənc nəslə, hər şeydən əvvəl, Azərbaycan, dövlətçilik  sevgisini aşılamalıyıq. Onlar Azərbaycan Respublikasının layiqli vətəndaşları olmaq üçün qədim soy-kökə və milli tarixə bağlı, buraxılmış səhvləri görə bilən, qazanılmış uğurlarla arxayınlaşmayan insanlar kimi formalaşmalıdırlar. Gənclərin xalqına, millətinə ehtiramı valideynlərinə sevgidən, Vətəninə və torpağına məhəbbəti isə doğulub boya-başa çatdığı evə, məhəlləyə bağlılıqdan qaynaqlanmalı və bütün milli-mənəvi məkanı əhatə etməlidir. 
Bu gün Azərbaycanda təhsil sahəsində islahatlar geniş miqyasda və sürətlə həyata keçirilir. Ölkəmizdə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnmələri yolu ilə mümkün olacaqdır. Ali təhsil sistemi yeni inkişaf mərhələsindədir. Çağdaş dövrümüzün tələblərinə görə, ali təhsil də xidmət sahəsi hesab edilir.  Bizim Pedaqoji Universitet olaraq əsas vəzifəmiz müasir müəllim şəxsiyyətini formalaşdırmaq, cəmiyyətdə müəllim peşəsinə olan inamın və etibarın yüksəldilməsi üçün dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimlər yetişdirməkdir. Bu məqsədlə ADPU-da tələbələrə  hərtərəfli bilik və bacarıqların verilməsi üçün ali pedaqoji təhsilin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilir.
Gənclər müasir dünyamızın üstünlüklərini bilməli, onlardan istifadə etməli, yeniliyin yaradıcılarına çevrilmək eşqi ilə yaşamalıdırlar. Yeni nəsil qabaqcıl cəmiyyət və dövlətlərə kor-koranə pərəstiş etməməli, həmin reallıqları öz ölkəsində yaratmağı bacarmalıdır. Biz gənclərin gələcək dünya üçün bilməli olduqları dəyərləri müəyyən edərkən, onların  duyğu-düşüncələrinə  milli mənlik – azərbaycançılıq məfkurəsi aşılamalıyıq. Biz müəllimlər olaraq onlara hər şeyi öyrədəcəyimizi düşünsək, səhv etmiş olarıq. Bizim buna, sadəcə olaraq, vaxtımız və imkanımız çatmaz. Biz onlara iki şeyi-- Vətən, xalq, dövlət sevgisini və müstəqil öyrənmə bacarığını mütləq öyrətməliyik.
Vacib olan bilik və bacarıqları onlara biz öyrədəcəyik, bunu cəmiyyətin sosial sifarişi olaraq zaman bizdən tələb edir. Yeni nəslin sərbəst öyrənə biləcəklərini isə müəllimin yönləndirməsi ilə şagird və ya tələbə özü mənimsəyəcəkdir. Amma biz yeni nəslin necə öyrənəcəyindən öncə, nəyi öyrənməli olacağını bilməsi üçün hökmən ona iki bacarığı da aşılamalıyıq. Birincisi, tələb olunan minimum rəqəmsal biliklərdir. Biz kompüter və ondan peşəkar istifadəni, gündəlik həyatda bütün ictimai-texnoloji tətbiqləri yeni nəslə öyrətməliyik. İkincisi, doğma, zəngin və gözəl ana dilimizdən sonra gənclərə xarici dili – dünyanın siyasət, elm və texnologiya dili olan ingilis dilini hökmən öyrətməliyik.
Bunlar bizim dünya elminə və siyasətinə, uğurlu işgüzar fəaliyyətimizə çıxışımızın birbaşa yoludur. Milli-mənəvi kök üzərində rəqəmsal bilik, bacarıqlar və dünyaya çıxış üçün ingilis dili, tələb olunan məlumatı əldə etmək üçün dünyagörüşü, maraq dairəsi və s. milli təhsilin istiqamətini formalaşdırmağa kömək edəcək vacib məsələlərdir.
Bəs müəllim bunları necə öyrətməlidir? Etiraf etməliyik ki, biliyin mərkəzləşdiyi, ləng yeniləşdiyi, kütləvi informasiya vasitələrinin kifayət qədər təsirli olmadığı, elmin kommersiyalaşdırılmadığı  XIX əsrin ortalarından XX əsrin 80-ci illərinədək mövcud olmuş pedaqoji yanaşmalar bu gün təsirli deyil. Köhnə tədris üsulları ilə bir kitabdan bilik əldə edib, onu yeganə doğru qaynaq kimi şagird və tələbələrə ötürən müəllimin yerini bu gün məlumat bolluğunda azmaq təhlükəsi ilə üzləşmiş gəncin çoxsaylı bilik və mənbələrdən nəyi, necə öyrənəcəyini tənzimləyən bələdçi, yönəldici, mentor müəllim tutmalıdır. 
Etiraf edək ki, bu, çox mürəkkəb missiyadır. Əvvəla, yeniləşən bilikləri müntəzəm öyrənməlisən ki, düzgün bələdçilik edə biləsən, İkincisi, əmək bazarını, təhsilin növbəti mərhələsinin tələblərini bilməlisən ki, ona uyğun biliklərə bələdçilik etməyi bacarasan. Üçüncüsü, şagirdi, tələbəni onun milli mənlik şüurunu zədələyə biləcək məlumatlardan uzaqlaşdırmalısan və ya gənclərdə bu “yoluxucu virus”a qarşı immunitet yaratmalısan.
Artıq ötüb keçmiş ehtiyaclar üçün kadr hazırlamaq dövrü deyil. Heç kimə sirr deyil ki, enerjidaşıyıcılarının təbiətində ciddi dəyişikliklər baş verir. Artıq kömür və neftə əsaslanmış enerjinin yerini tədricən alternativ (külək, günəş və s.) enerji mənbələri tutur. Gündəlik həyatda saxlanılması mümkün olan, yenilənə bilən enerjidaşıyıcılarına tələbat artır. Beynəlxalq şirkətlər bazarı böyütmək, gəlirlərini artırmaq üçün son 30--50 ildə cəlbedici, əksəriyyət üçün əlçatmaz görünən vasitələri klounlaşdırmaqla, yüksək texnologiyalardan istifadə etməklə konveyerləşdirmə yoluna gedir. Bu isə beynəlxalq təhsil xidmətləri bazarında rəqabəti gücləndirir. 
İnkişaf Etmiş Ölkələr Təşkilatının (OECD) hesabatına görə, 2030-cu ildə mövcud ixtisasların böyük bir hissəsinə tələbat xeyli azalacaq və  yeni ixtisaslar yaranacaq. Bizim üçün ənənəvi sayılan ixtisaslardan sürücü, tərcüməci, liftçi, işıqçı və s. ixtisaslara bir müddət sonra tələbat azalacaq. Sovet dövründəki makinaçıların yerini bir müddət öncə kompüter operatorları tutdu, indi onlara da ehtiyac azalır. Kassirlər də artıq lazım deyil, çünki elektron bankçılıq- ödəmə terminalları bu işi tamamilə gerçəkləşdirir.
Bu dəyişikliklər işığında müəllim hansı ixtisasın qalıb-qalmayacağına şəxsən qərar verməsə də, o, gələcək nəslin bilik-peşə profilini dizayn edən mühəndis kimi diqqəti elə hədəflərə yönəltməlidir ki, dəyişənlərin sayı artsa da yeni nəsil bu prosesə çevik uyğunlaşa bilsin. Nəticə olaraq, baş verən miqyaslı dəyişikliklərin fövqündə duran yeni nəsil yetişdirməliyik.
Yeri gəlmişkən qeyd edim ki, 2021-ci ildə 100 illik yubileyini qeyd edəcək Pedaqoji Universitet “ADPU-2021 Strateji İnkişaf Planı”nda öz missiyasını pedaqoji sahədə təhsil və tədqiqatın əsas mərkəzi olmaq kimi müəyyən etmişdir. ADPU təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməli, tədqiqat universiteti statusunu qazanmalıdır. Elm və təhsilin sürətlə inkişaf etdiyi XXI əsrdə bu çox vacibdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu önəmli sahənin problemlərinin həllini daim nəzarətdə saxlaması təhsil ictimaiyyətinə  geniş imkanlar yaradır. Məhz bu diqqət və qayğı nəticəsində son 5 ildə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi dəyişikliklər yaşanır. 
Ötən tədris ilində 500-dən çox bal toplayıb müəllimlik peşəsini 1-ci yerdə seçən abituriyentlərin sayı 25 nəfər olduğu halda, bu tədris ilində həmin göstərici ölkə üzrə 2090 nəfər, ADPU üzrə isə 566 nəfər olmuşdur. Bu, Pedaqoji Universitetin timsalında nəticənin 22 dəfə yaxşılaşması deməkdir və bizə yaxın gələcəkdə yeni nəsil müəllim hazırlığı üçün böyük ümidlər verir. İndi əsas iş bu gənclərə ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. 
Biz əldə edilmiş uğurlarla kifayətlənməməli, qarşımızda dayanan strateji hədəflərə, ali məqsədlərə  çatmaq üçün əzmlə, fədakarlıqla çalışmalıyıq. Universitetin fəaliyyətinin gücləndirilməsi, şəffaf və obyektiv tədris mühitinin təmin edilməsi, məzmun və keyfiyyətin yüksəldilməsi, akademik mühitin formalaşdırılması, peşəkar menecmentin tətbiqi, təhsildə beynəlmiləlləşmə, ikidilli təhsil, ikili diplom, xaricdə doktorantura, tanınmış və nüfuzlu beynəlxalq təhsil mütəxəssislərinin universitetə cəlb edilmələri, tələbə təşəbbüslərinin dəstəklənməsi olduqca vacibdir.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət olaraq təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi nəzərdə tutulur. Bu istiqamət innovativ təlim metodlarını gerçəkləşdirən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir. Bu hədəf həm də özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların uğurlarının qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafını, xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. 
ADPU-nun kollektivi qeyd etdiyimiz strateji dövlət sənədlərindən, eləcə də Azərbaycan Müəllimlərinin XV qurultayından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsinə, ölkəmizin maddi dəyərlərinin, iqtisadi potensialının insan kapitalına çevrilməsinə öz töhfəsini verəcək.

Cəfər CƏFƏROV, 
ADPU-nun rektoru, professor