шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun Novruz bayramı münasibətilə Təbriki

Hörmətli həmkarlar, hörmətli əməkdaşlar, əziz tələbələr!

Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və  fəaliyyətinizdə uğurlar arzulayıram.

Novruz bayramı Azərbaycan xalqının zəngin ictimai-siyasi fikir tarixində, yüksək milli-mənəvi dəyərləri arasında, həmçinin çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutur. Novruz bayramı ulu əcdadlarımızın bizə gözəl yadigarıdır. Azərbaycanda bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrindən Novruz axşamınadək müxtəlif şənlik və mərasimlərlə qarşılayır. Təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və  əmin-amanlıq gətirməsini arzulayır. Novruz bayramı həm də xalqımızın gələcəyə olan inam hissini, ürək açıqlığını, qonaqpərvərliyini, mehribançılıq və dostluq duyğularını ifadə edir. Novruz bayramında insanın fikri, əməli və istəyi təzələnir, ürəklərdə səmimi insani hisslər, saf duyğular, nəcib arzular oyanır.

Novruz bayramı eləcə də mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı özündə təcəssüm etdirir. Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, yaddaşından çıxarmağa nail ola bilməmişdir. Xalqımız Novruz bayramı ilə bağlı adət-ənənələri göz-bəbəyi kimi qorumuş və onları yaşadaraq bugünümüzə çatdırmışdır.

Novruz bayramı xalqımızın dövlətçilıik tarixində mühüm əhəmiyyət kəsb edir.  1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Novruzu ilk dəfə olaraq milli bayram kimi rəsmiləşdirmişdi. Lakin Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə milli bayramların, o cümlədən Novruz bayramının keçirilməsi də qadağan olunmuşdu.

Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın bir çox adət-ənənələri, bayramları yenidən bərpa edildi. Novruz bayramının qeyd edilməsi rəsmiləşdirildi. Novruz bayramının ölkəmizdə rəsmi qaydada keçirilməsi xalqımızın böyük oğlu, qüdrətli zəka sahibi, milli-mənəvi dəyərlərimizin himayədarı, ümummilli liderimiz Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz  Heydər Əliyev xalqımızın çox böyük istəyi və təkidli tələbi ilə respublikamızda yenidən ali siyasi hakimiyyətə qayıtdıqdan sonra bu bayramın dövlət səviyyəsində keçirilməsinin əsası qoyulmuşdur. Dahi öndər Heydər Əliyev paytaxtda Novruz bayramı münasibətilə keçirilən xalq şənliklərində iştirak edir, sadə vətəndaşların bayram əhvali-ruhiyyəsini, sevinc hisslərini bölüşürdü. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müdrik dövlətçilik kursunun, strateji inkişaf  konsepsiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin  milli-mənəvi dəyərlərimizə, o cümlədən Novruz bayramına olan qayğıkeş münasibəti bu gün eyni ənənəni yaşadır.  

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, səyləri və bu istiqamətdə apardığı səmərəli əməli fəaliyyəti nəticəsində Novruz bayramı BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT Baş Məclisinin müvafiq qərarı ilə 21 mart rəsmi qaydada Beynəlxalq Novruz Günü elan edilmişdir. Bununla da Novruz bayramı dünya səviyyəsində qeyd edilən beynəlxalq bir təqvimə çevrilmişdir. Novruz bayramı yalnız Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkələrində yaşayan 50 milyondan çox soydaşımız üçün milli birliyimizin həqiqi rəmzinə çevrilmişdir.

Dövlət başçımız cənab İlham Əliyevin son vaxtlar imzaladığı sərəncamlar, fərmanlar, qəbul etdiyi qərarlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir. Ölkə rəhbərliyinin dəqiq düşünülmüş, cəmiyyətin tələb və reallıqlarını nəzərə alan siyasəti Azərbaycan vətəndaşlarının rifah halının yüksəlməsinə, xalq-hakimiyyət birliyinin daha da güclənməsinə əlverişli şərait yaradıb. Yüksək rifaha xidmət edən çevik və mütərəqqi sosial siyasət ölkə vətəndaşlarında böyük məmnunluq yaradıb. Ölkədə aparılan islahatların miqyasının genişlənməsi bizim qarşımızda yeni mühüm və məsuliyyətli vəzifələr qoyur. Qarşımızda dayanan əsas vəzifələrdən biri təhsilin beynəlmiləlləşdirilməsi, tədris planlarının beynəlxalq standartlara uyğun yenidən işlənilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsidir. Biz bu vəzifələri uğurla həyata keçirmək üçün vahid komanda halında əzmlə, ləyaqətlə, fədakarlıqla fəaliyyət göstərməliyik.

Sizi bir daha bu böyük milli bayram münasibətilə təbrik edir, ən xoş, ən gözəl arzularımı bildirirəm. Bayramınız mübarək!