Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 dekabr 2018-ci il tarixli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunmuşdur.
İmtahan sessiyasına hazırlıq işləri mütəşəkkil şəkildə həyata keçirilib. Belə ki, imtahan sessiyasından 1 ay əvvəl imtahan sualları hazırlanaraq tələbələrə təqdim edilmiş və eyni zamanda həmin suallar əsasında imtahan biletləri tərtib edilmişdir. Tələbələrin imtahana giriş balları hesablanaraq onların nəzərinə çatdırılmış və elanlar guşəsində yerləşdirilmişdir. Hər bir fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr müəyyənləşdirilmiş və onlar həmin fəndən imtahanlarda iştirak etmirlər.
İmtahan cədvəli (məsləhət saatları qeyd olunmaqla) dekabr ayının 20-dək filialın rəhbərliyi tərəfindən təsdiq olunub elanlar lövhəsindən asılmışdır. Tələbələr imtahandan əvvəl həmin cədvəl üzrə məsləhət saatlarında iştirak edirlər.
İmtahan sessiyasında 5 ixtisas üzrə 23 qrupda 508 nəfər tələbə iştirak edir. Keçiriləcək imtahanların sayı 132-dir.
İmtahanlar bir qayda olaraq yazılı formada keçirilir, saat 900-da başlanır və 2 saat davam edir. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnərək təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılır, qiymətləndirilir. Yoxlanılmış imtahanların nəticələri tələbələrə elan olunur və elanlar lövhəsində yerləşdirilir.
Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə filialda Apelyasiya Komissiyası yaradılmışdır. Apelyasiya Komissiyası filialın II mərtəbəsində, 202-ci otaqda fəaliyyət göstərir. Tələbə imtahanın nəticəsindən narazı qaldıqda, nəticələr elan olunduğu gün filialın Apelyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir.
Filialın TGT sədri də Apelyasiya Komissiyasının üzvüdür və o komissiyanın fəaliyyətində iştirak edir.
Filialda imtahanların obyektiv, şəffaf təşkili və keçirilməsi, imtahan prosesində yarana biləcək mənfi halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə İmtahan Qərargahı yaradılmışdır. İmtahan Qərargahı filialın tədris binasının birinci mərtəbəsində, 123-cü otaqda fəaliyyət göstərir (əlaqə telefonu: 020-26-9-64-74). Qərargaha daxil olan hər bir ərizə və ya şikayətin dərhal direktorluğa çatdırılması bununla bağlı əmrdə öz əksini tapmışdır.
İmtahanların gedişi zamanı nizam-intizam qaydalarına ciddi əməl olunur. İmtahanların normal keçirilməsi üçün hər gün auditoriyalar hazırlıq vəziyyətinə gətirilir və dəhlizlərdə tam sakitlik təmin olunur.
İmtahan keçirilən bütün böyük auditoriyalarda nəzarət kameraları quraşdırılmışdır. Bu kameralar vasitəsi ilə imtahanların gedişi canlı olaraq izlənilir.
Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi təmin olunmuşdur..
İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə media nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılmışdır. İmtahan sessiyası zamanı demək olar ki, hər gün “Açıq qapı günü”dür.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi