шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Distant Pedaqoji Təhsil Sisteminin didaktik prinsipləri

Distant Təhsilin didaktik anlayışları

Ali təhsil müəssisələrində distant təhsilin didaktik prinsiplərinin müddəaları bir çox oxşar və fərqli cəhətlərilə ənənəvi təhsildə olduğu kimi peşəkar, yüksək ixtisaslı, ali təhsilli mütəxəssislərimizin hazırlığında qazanılmış bilik və bacarıqların praktikada tətbiqinin reallaşdırılmasını əhatə edir. Məlumdur ki, didaktikanın bünövrəsini təşkil edən əsas təlim prinsiplərinə elmilik, sistemlilik, nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsi, şüurlu təlim, konkretlik, mücərrədlik, qazanılmış biliklərin möhkəmliyi, fərdilik, kollektivçilik, sərbəst daxil olma imkanı kimi keyfiyyətlərini şamil etmək olar. Bu didaktik prinsiplər distant öyrətmənin əsaslarının istiqamətləndirici və inkişafetdirici yönümü olmaqla qarşılıqlı əlaqədə olub biri-birini tamamlayır. Praktiki öyrənmə prosesində isə tədrisin təşkili və keçirilməsinin qaydaları, metod və formalarını ümumiləşdirir. Distant Təhsilin həyata keçirildiyi mühitdə tarixi və pedaqoji təcrübənin hərtərəfli ötürülməsi, ictimai və ya sosial mənaların kəsb edilməsi, humanistləşdirmə və bir çox şərtlər distant təhsilin didaktik prinsiplərində öz əksini tapır.

Distant Təhsilin strateji didaktik prinsipləri

Son zamanlar aparılmış tədqiqatlar və araşdırmalar göstərir ki, Distant Təhsil Sistemində mümkün didaktik prinsiplərin sintezi nəticəsində strateji prinsipləri ümumiləşdirib açıqlamaq olar:
Ø gənc mütəxəssislərin peşəkar, bacarıqlı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması,
Ø verilmiş biliklərin məzmun və formaca gələcək inkişaf tendesiyası proqnozlaşdırılan elmi-texniki nailiyyətlərlə zənginləşməsi, istehsalat və müasir texnologiyalar baxımından ən qabaqcıl təhsil mövqelərinə inteqrasiya olunması,
Ø tədris prosesinin ümumi, qrup və ya fərdi formalarda optimal təşkil edilməsi,
Ø mütəxəssis hazırlığının müxtəlif mərhələlərində müasir təlim metod və vasitələrindən rasional şəkildə istifadə edilməsi,
Ø hazırlanmış mütəxəssislərin müasir tələblərə dövlət standartları çərçivəsində cavab verməsi, konkret professional fəaliyyət dairəsində rəqabətə davamlı bilik və bacarıqlara malik olması.
Distant Təhsilin intensiv təlim prinsipləri
Distant Təhsil Sisteminin didaktik prinsiplərini bir neçə qrupa ayırmaq olar:
1) Ümumi prinsiplər, təhsilin humanistləşdirilməsi, elmiliyi, sistematikliyi, inkişafı və s.
2) Aidiyyəti üzrə prinsiplər, təhsilin məqsəd və məzmununun dövlət təhsil standartlarına uyğun olaraq işlənilməsi, təhsilin tamlığı, tarixiliyi, komplekt halında tətbiq olunması,
3) Əhatəlilik prinsipi, Distant Təhsildə didaktik proseslərin və ya ona adekvat olan Distant Pedaqoji Təhsil Sisteminin elementləri, bazalarının tam əhatə olunması, yəni, didaktik proseslərin öyrətməyə uyğunluğu, nəzəri biliklərin aparıcı rolu, təlimin təhsil, tərbiyə və inkişafetdirici funksiyalarının birliyi, öyrənənlərin öyrətməyə qarşı tələbkarlığının motivasiyası və stimullaşdırılması, problemlilik, kollekiv öyrətmədə fərdi yanaşma, təlimdə əyanilikdən mücərrədliyə, şüurluluq, aktivlik, öyrədənin rəhbərliyi altında nisbi müstəqillik, təlimdə sistematiklik və ardıcıllıq, etibarlılıq, öyrənilən materialın tam qavranılması və dərketmənin əhatəliliyi nəzərdə tutulur.
4) Uyğunluluq prinsipi, əsasən elmi-tədris, maddi-texniki bazanın təhsilin məzmununa, bütövlükdə didaktik sistemə tamamilə uyğun formalaşması başa düşülür.
Bu sadaladığımız prinsipləri intensiv təlim prinsipləri kimi də xarakterizə edə bilərik. Bunlardan ümumi prinsiplər içərisindən Distant Təhsil Sistemi üçün ən vacibi təhsilin humanistləşdirilməsi ola bilər. Belə ki, Distant Təhsilə zəruri ehtiyacı olan istifadəçilər sırasında əqli və fiziki qüsurlu şəxslərin xüsusi distant təhsilə olan tələbatı, döyüş bölgələrində və fövqəladə zonalarda zədə almış şəxslər, müharibə əlilləri, veteranlar, onların ailə üzvlərindən ibarət kiçik kollektivlər, aztəminatlı ailələr və digərləri üstünlük təşkil edirlər. Nəzərə almaq lazımdır ki, Distant Təhsil Sistemi bütövlükdə şəxsiyyətin özünə qarşı humanist yanaşma prinsipinin bariz nümunəsidir. Məsələn, təhsil vaxtı və yerinin, öyrənmə trayektoriyasının seçilmə qrafikində tam sərbəstlik, müxtəlif ixtisas kurslarının və distant təhsil müəssisələrinin sərbəst seçimi, distant təhsilin istehsalat fəaliyyətilə uyuşqanlığı, Distant Təhsil Sisteminin açıqlığı və s.
Məlumdur ki, təhsilin humanistləşdirilməsi intensiv təlim prinsipləri içərisində aparıcı mövqe tutmaqla bərabər tamamilə Distant Təhsil Sistemində öz yerini tuta bilər. Humanistləşdirmə Distant Təhsildə təlim-tərbiyə prosesinin insanlara məqsədli xidmətində, bu sahədə qazanılmış böyük bir praktiki təcrübənin öyrənənlər tərəfindən maksimum istifadəsinə lazımi şəraitin yaradılmasında, seçilmiş ixtisasa tam yiyələnməkdə, fərdi yaradıcılıq imkanlarının genişləndirilməsində, hər bir vətəndaşın sosial müdafiəsi, təhlükəsizliyi və rahatlığı baxımından yüksək vətəndaşlıq, mənəvi və fiziki keyfiyyətlərin tərbiyə olunmasında önəmli yer tutur.
Distant Təhsil Sisteminin əsas didaktik prinsipləri

Müəllimlər Distant Təhsil Sisteminin 2 əsas prinsipini qabarıq şəkildə verməyi üstün tuturlar:

Ø sərbəst daxil olma imkanı, hər bir kəsin qəbul imtahanları sınaqlarından keçmədən təhsilini davam etdirməsi, nəticədə tam orta ixtisas və ya ali təhsil ala bilməsi,
Ø məsafədən təhsil, öyrədənlə minimal əyani görüşlər, öz üzərində müstəqil çalışmaqla sərbəst öyrənmə.
İnteraktivlik, başlanğıc biliklər, fərdiləşdirmə, identifikasiya, reqlamentli təlim, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin pedaqoji məqsədəuyğunluğu, açıq təhsil və çevik təlimin təminatı, Distant Təhsil Sisteminin yaradılması, təbliğat-təşviqat və reklam-marketinq, ilkin pedaqoji yanaşmanın prioritetliyi, qeyri-antoqonistik münasibət, hüquqi-normativ bazanın yaradılmasında öncüllük və s. nəzərdə tutula biləsi prinsiplərin işlənilməsi mütləq olmayıb, daima təkmilləşdirilməlidir. Distant Təhsil Sisteminin yaradılması prinsipləri bir çox didaktik tələb və ehtiyacların yetərincə yerinə yetirilməsinin elmi, metodiki, texniki reallaşdırılmasını tam əhatə etməlidir:
➢ metodoloji əsasların vahidliyi prinsipi, vahid tədris informasiya bankının formalaşdırılması, qazanılmış bilik, bacarıq və təcrübələrin transferə edilməsi, vahid tyutor hazırlığı və biliklərə nəzarət sisteminin yaradılması, hər bir öyrənənin təhsil prosesinin istənilən təşkilati formasına sərbəst müdaxiləsi,öz növbəsində Distant Təhsilin metodologiyasının zənginləşdirilməsinə xidmət edəcəkdir.

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllimi, ADPU-nun ETM-nın Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi