шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Ağcabədi Filialında ulu öndər Heydər Əliyevin anım günü münasibətilə elmi-praktiki konfrans keçirildi

Dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçirildi.

[gallery ID=121]

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ümummilli Liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva xalqımızın xilaskarı, unudulmaz liderimiz Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun mühüm məqamlarına toxundu. Qeyd etdi ki, bu günlərdə qədirbilən xalqımız öz ləyaqətli oğlu Heydər Əliyevi Vətən və millət qarşısındakı tarixi xidmətlərinə görə böyük minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə respublikamızın hər yerində, idarə və müəssisələrdə, təhsil müəssisələrində yığıncaqlar, elmi-praktiki konfranslar keçirilir.

Sonra məruzələr dinlənildi.

İlk məruzə üçün söz filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verildi.

 “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə edən M.Səlimov ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, məqsədyönlü siyasət xəttindən və dahi şəxsiyyətin xalqımız üçün miras qoyduğu mənəvi dəyərlər haqqında ətraflı məruzə etdi. Bildirdi ki, Ulu Öndərin siyasi kursu hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz dahi liderimizin başlatdığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz ildən-ilə böyük nailiyyətlər əldə edir, sürətli inkişafı ilə dünya dövlətləri tərəfindən tanınmağa və qəbul edilməyə layiq bir ölkə səviyyəsinə çatmışdır.  Məruzəçi onu da vurğuladı ki, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçimiz Heydər Əliyev Azərbaycanın milli dövlətçiliyini bütün təhlükələrdən qoruyaraq özündən sonra müstəqil Azərbaycan Respublikasını bizlərə ən dəyərli miras olaraq qoydu. Bizim vətəndaşlıq qayəmiz ondan ibarət olmalıdır ki, Ulu Öndərin bizə verdiyi əmanətlərə sahib çıxaq və onu xain əllərdən qoruyaq.

Növbəti məruzə üçün söz filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Hüseynova verildi.

“Müstəqil Azərbaycan dövlətinin xarici siyasət kursunun formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edən dosent M.Hüseynov Azərbaycanı dünyaya tanıdan, onu müstəqil, suveren dövlət səviyyəsində qurub inkişaf etdirən Ulu Öndərin xarici siyasət kursu haqqında ətraflı danışdı. Vurğuladı ki, Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara əbədi həkk olunub. Gördüyü cahanşümul işlərin nəticəsidir ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və inkişaf etmiş ölkələrlə əməkdaşlıq şəraitində yaşayır.

Məruzəçi Heydər Əliyevin siyasi hakimiyyət illərində xalqımızın əldə etdiyi mühüm nailiyyətlərdən danışarkən əminliklə qeyd etdi ki, nə qədər ki, Azərbaycan xalqı var və yaşayır, Heydər Əliyev də xalqın qəlbində əbədi yaşayacaqdır.

Məruzə üçün söz filialın Xüsusi və ümumelmi fənlər kafedrasının müəllimi Aygün Əlizadəyə verildi. “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edən A.Əlizadə Ulu Öndərimizin bizə öyrətdiyi və miras qoyduğu Azərbaycançılıq ideologiyasının mühüm komponentləri barədə ətraflı danışdı. Vurğuladı ki, Ümummilli Liderimiz Azərbaycançılıq ideologiyasının mənbəyini real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və onu möhkəmləndirməkdə görürdü. Odur ki, Ulu Öndərimizin bizə əmanət etdiyi müstəqil Azərbaycanı qorumağa, inkişaf etdirməyə və öz əməllərimizlə onu daim yaşatmağa borcluyuq.

“Heydər Əliyevin müstəqil Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda məruzə edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Ümummilli Liderimizin siyasi fəaliyyət illərində Azərbaycan təhsilinin inkişafı istiqamətində aparılan işlərdən danışdı. Təhsilin keyfiyyətinin yüksəldilməsi, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, yüksəkixtisaslı kadr potensialının yaradılması kimi vacib məsələlərin  ulu öndər Heydər Əliyevin təhsil siyasətinin başlıca meyarı olduğunu vurğuladı.

Növbəti məruzə üçün söz filialın Xüsusi və ümumelmi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfova verildi. “Heydər Əliyev  milli-mənəvi dəyərlərimiz haqqında” mövzusunda məruzə edən Ə.Nəcəfov xalqımızın min illər boyu əldə etdiyi, lakin məlum səbəblər üzündən az qala unutdurulan mühüm milli-mənəvi dəyərlərə yenidən sahib olması kimi məsələlərdə Ulu Öndərimizin misilsiz xidmətlərindən danışdı. Ana dilimizin dövlət dili kimi qəbul edilməsi, milli mədəniyyətimizin inkişafı, ədəbiyyat və incəsənət sahəsində atılan addımlar, xalqımızın qədimdən yaşam tərzinə çevrilmiş adət-ənənələrinin yenidən boy göstərməsi, milli bayramımız olan Novruzun respublika səviyyəsində qeyd edilməsi, dini inanc və etiqadımıza sərbəst şəkildə əməl etmək kimi dəyərlər, məhz Ulu Öndərimizin öz xalqına sonsuz məhəbbəti və Onun adət-ənənələrinə sədaqətinin bariz nümunəsidir.

 “Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə edən filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi etimadın nəticəsidir ki, bu gün ölkəmizdə sağlam düşüncəli, düzgün əqidəli, Vətəninə və xalqına məhəbbətlə xidmət edən gənclər ordusu yetişmişdir. Bu günün gəncləri şüurlu şəkildə öz vətəndaşlıq borcunu anlayır və özünü inkişaf etdirir. Təsadüfi deyildir ki, Ulu Öndər Azərbaycan gənclərinə inanır və onların cəmiyyətdə təmsil olunmasına xüsusi önəm verirdi. Bu gün də gənclər siyasəti Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Sonda çıxış üçün söz filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının dosenti Sabir Məmmədova verildi. Dosent S.Məmmədov da öz növbəsində xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevi minnətdarlıq hissi ilə anaraq, Onun dövlətçiliyimiz uğrunda apardığı mübarizənin mayasında Şah İsmayıl Xətai ruhunun dayandığını, xalqımızın dövlətçilik tarixində şanlı səhifə yazmasından fəxarətlə danışdı.

Elmi-praktiki konfrans xalqımızın gələcəyinə, Azərbaycanımızın əbədiliyinə, işğal altında olan torpaqlarımızın tez bir zamanda azad ediləcəyinə inam və bu işdə Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət ətrafında sıx birləşmək məramı ilə yekunlaşdı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi