шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da şair Vahid Əzizlə görüş keçirilib

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədris Departamentinin Məzun, koordinasiya və karyera bölməsinin, “Səadət” Şairlər Cəmiyyətinin və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə istedadlı və tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib.

[gallery ID=79]

Görüşdə çıxış edən ADPU-nun Kimya və biologiya fakültəsinin müəllimi, “Səadət” Şairlər Cəmiyyətinin rəhbəri Səadət Abdullayeva, həmin fakültənin II tədris ili tələbəsi İqbal Əsədov bildiriblər ki, dəyərli şairimiz Vahid Əzizlə görüşün keçirilməsi çox sevindiricidir. V.Əzizin müasir Azərbaycan poeziyasında öz yeri, mövqeyi və dəst-xətti var. O, çox gözəl şeirlərin, publisistik yazıların müəllifidir.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxışında qeyd edib ki, biz bu gün dəyərli bir görüşün iştirakçılarıyıq. V.Əziz böyük istedada malik şair, görkəmli söz ustadıdır. Professor B.Xəlilov noyabrın 23-də  73 yaşı tamam olacaq şairi doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Çıxışında şairin həyat və bədii yaradıcılığı haqqında danışan professor B. Xəlilov bildirib ki, Vahid Əziz 1945-ci il noyabr ayının 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdükləri üçün orta məktəbi bu rayonda bitirib. Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) “Şirvanneft” trestində başlayıb. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) ali təhsil alıb. “Xəbər Mətbuat Agentliyi”ndə müxbir, Bakı Şəhər Partiya Komitəsində Təbliğat və təşviqat şöbəsində təlimatçı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Mətbuat bölməsinin müdiri, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini  vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin katibi olub. Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və Şəhər Tərtibatı Departamentində Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsinin müdiri işləyib. İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni - Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil edib. “Oğuz eli” ədəbi-publisistik qəzetinin işıq üzü görməsinə ciddi kömək göstərib.  

 Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeiri ilə  başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Yeni şeirlərlə vaxtaşırı çıxış edir. “Dözmək olmur” adlı şeirlər kitabı rəğbətlə qarşılanıb. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnib. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olub. V.Əzizin yaradıcılığı daim gənclərin diqqət mərkəzindədir.

V.Əziz görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib. Sonra tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.         

Görüşdə Əməkdar artist Vasif Məhərrəmli V.Əzizin şeirlərinə bəstələnmiş mahnıları ifa edib, tələbə-gənclər şeirlərini səsləndiriblər. Görüş hamıda xoş təəssürat yaradıb.

Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi