Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Azərbaycan  Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılğı ilə noyabrın 1-də Azərbaycan  Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylunun “Azərbaycan Cümhuriyyətinin və müasir Azərbaycan dövlətinin dil siyasəti” mövzusunda maarifləndirici mühazirəsi keçirildi. Mühazirədə filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Həsənov iştirak edirdilər.  

Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar ölkə və ölkə xaricində, o cümlədən filialda  silsilə tədbirlərin həyata keçirildiyini vurğuladı. Bu yaxınlarda filial nümayəndəliyinin IV Beynəlxalq Həmzə Nigari Azərbaycan Cümhuriyyətinin Quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri simpoziumunda iştirakını xatırladan T.Yusifova qeyd etdi ki, bugünkü mühazirə də məhz həmin tədbirlərin davamı olaraq təşkil edilmişdir.

Akademik Mövsüm Nağısoylu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. O, məruzəsində qədim dövrlərdən bu günə qədər böyük inkişaf yolu keçmiş ədəbi dilimizin zəngin söz ehtiyatından, tarixi inkişaf mərhələlərindən və dövlət dili səviyyəsinə yüksəlməsində böyük yeri olan mütəfəkkirlərdən bəhz etdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 27 iyun 1918-ci ildə türk dilinin dövlət dili elan edilməsini mühüm tarixi hadisə hesab edən natiq Cümhuriyyətin varisi elan edilən Azərbaycan dövlətinin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının ədəbi dilin qorunması və daha da zənginləşməsi istiqamətində gördüyü işlərdən danışdı. O, ümummilli lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun dilidir” ifadəsini xatırladaraq gənc nəsli bizi soykökümüzə bağlayan ana dilimizi sevməyə, qorumağa və yad təsirlərə məruz qalmasına izn verməməyə çağırdı.

 Sonra Mövsüm Nağısoylu tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. Tədbirin sonunda iştirakçılar bu maraqlı mühazirəyə görə görüşün iştiraçılarına və akademikə öz təşəkkürlərini bildirdilər. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi