шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Əjdər Əbdülhüseyn oğlu Ağayev

1 1

Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. İstedadlı və tanınmış pedaqoq-alim, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, şair, nasir, publisist, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Təhsil Şurasının təsisçisi, ilk sədri və fəxri sədri Əjdər Əbdülhüseyn oğlu Ağayev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat etmişdir.

Əjdər Ağayev 1937-ci il oktyabr ayının 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik məktəbini, Salyan rayonunda orta məktəbi bitirmişdir. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-1965-ci illərdə Salyan rayonunun məktəblərində müəllim işləmişdir. 1965-1969-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasında təhsil almışdır. Bu institutda  Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji göruşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır . "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" mövzusunda  doktorluq dissertasiyası  müdafiə etmişdir. 1974-1981-ci illərdə "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur. Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda Pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində Pedaqogika və psixologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Pedaqogika və psixologiya elmləri üzrə Elmi-Metodiki Şuranın sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olmuşdur. 500-dən çox elmi əsərin, 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik tövsiyənin, 600-dən çox elmi-kütləvi, publisistik məqalənin, 10 bədii kitabın müəllifidir. Əsərləri rus, ingilis, ukrayna, belarus, başqırd dillərində çap olunmuşdur. Azərbaycanda pedaqoji jurnalistikanın, xüsusilə, pedaqoji televiziya jurnalistikasının yaradıcılarından biri, pedaqogikanın nəzəriyyəsi və tarixi problemləri üzrə fundamental tədqiqatların müəllifidir. Vətəndaşlıq tərbiyəsi, şəxsiyyətin formalaşması, sahiblik hissi tərbiyəsi, məktəblərdə Vətənə sədaqət tərbiyəsi, məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi kimi problem mövzuların pedaqoji aspektdə ilkin tədiqiqi sahəsində əvəzsiz xidmətləri var. Tədqiqatlarla yanaşı, ölkəmizdə elmi-pedaqoji kadr hazırlığında müstəsna rolu olmuşdur. Bacarıqlı elm və təhsil təşkilatçısı olan Əjdər Ağayevin zaman-zaman ölkəmizin müxtəlif ali təhsil müəssisələrində pedaqogikadan oxuduğu maraqlı və yüksək səviyyəli mühazirələr gənclərin təlim-tərbiyəsinə səmərəli təsir göstərmişdir. 

Əjdər Ağayev elmi-pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur. Bədii yaradıcılığa  ötən əsrin 50-ci illərindən başlamışdır. İlk hekayəsi olan "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir.

1999-cu ildə Türkiyə ixtisas kursunda, 2001-ci ildə Türk xalqlarının VIII qurultayında və UNİSEF-in 2001-ci ildə Macarıstanda təşkil etdiyi konfransda iştirak etmişdir. Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır.

Görkəmli və təcrübəli elm və təhsil xadimi olan Əjdər Ağayev Azərbaycan Dövlət Pedaqoji Universitetində keyfiyyətli təhsil imkanlarının yaradılmasında və yüksək səviyyəli mütəxəssislərin işə cəlb edilməsində fəal iştirak etmiş,  bütövlükdə universitetdə həyata keçirilən islahatlara, yeniliklərə hərtərəfli dəstək vermişdir.

Böyük alim, dəyərli ziyalı, ləyaqətli vətəndaş Əjdər Ağayevin əziz xatirəsi onu tanıyanların  qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

ADPU-nun rəhbərliyi və kollektivi