шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

20 Yanvar-tariximizin faciə və qəhrəmanlıq səhifəsi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə ölkəmizdə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Həmin sərəncamda respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarda  20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən  konfrans, toplantı və mühazirələrin təşkil edilməsi, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və İnternet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması nəzərdə tutulmuşdur. Tədbirlər planına əsasən, respublikamızın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda sərəncamda 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımların göstərilməsi, Şəhidlər xiyabanı ərazisində lazımi işlərin aparılması və faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlərin təşkil edilməsi öz əksini tapıb.

Qeyd olunanlarla yanaşı, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikamızın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcəkdir.

Təhsil Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi barədə müvafiq əmr imzalanmışdır. Həmin əmrə əsasən 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənmişdir. Yuxarıda qeyd edilən sənədlərə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi barədə əmr imzalanıb və bu əmr əsasında tədbirlər planı müəyyən edilib.

Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. Xalqımış haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Çünki 20 Yanvar hadisələri xalqımızın azadlığa qovuşmasında mühüm rol oynamışdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdilər. Öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldı, xalq güllə-baran edildi. Xüsusi təlim keçmiş əsgərlər, hətta qoca və uşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 134 nəfər (bəzi mənbələrdə bu rəqəm 170 nəfər göstərilir) soydaşımız amansızcasına qətlə yetirildi, 700-dən çox adam yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə insan həbs edildi. Sovet Ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi cinayətlər yalnız Bakıda baş vermiş faciə ilə kifayətlənmədi. Yanvarın 25-də və 26-da Neftçala və Lənkəranda bir sıra cəza tədbirləri həyata keçirildi və insanlar amansızlıqla qətlə yetirildilər. Azərbaycan informasiya blokadasına salınmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı və məşum hadisədən xəbərsiz idi. Xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.

Qeyd edək ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi. 1994-cü il yanvarın 5-də Ümummilli Liderimiz müvafiq Sərəncam imzaladı ki, həmin Sərəncamda da faciənin respublika miqyasında geniş araşdırılıb siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. Ümummilli Liderimizin müvafiq Sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin və bütövlükdə bu qəbildən olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Öz milli dövlətçiliyini yenidən bərpa etmiş respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 20 Yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xüsusi diqqət və qayğı göstərir.

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar olaraq yanvar ayının 10-dan başlayaraq ADPU-da azadlıq uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur.

20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi