Previous Next

ADPU-nun builki məzunlarından 1187 nəfər magistraturaya qəbul olma şansı qazanıb

İyulun 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. 

İclası giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov keçən dövrdə universitetdə həyata keçirilən tədbirlər, əməkdaşlar və tələbələrin qazandığı uğurlar barədə məlumat verib. Rektor qeyd edib ki, cari dövr ərzində "Code for Future" layihəsi və "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin yekun tədbirləri keçirilib, universitet XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi və "Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması" Respublika konfransına təşkilatçılıq və ev sahibliyi edib, həmçinin əməkdaşların inkişafına xidmət edən bir sıra təlim və layihələr həyata keçirilib. C.Cəfərov universitetin beynəlxalq əlaqələrinin inkişafından danışaraq qeyd edib ki, universitet qeyd edilən dövr ərzində Özbəkistanda keçirilən Azərbaycan təhsil sərgisində təmsil olunub, Qazaxıstan, Özbəkistan və Türkiyənin bir sıra universitetləri ilə ADPU arasında əməkdaşlıq müqavilələri imzalanıb, Pedaqoji Universitet ilk dəfə "Times Higher Education (THE) Impact Rankings" siyahısına daxil olub. 

Daha sonra rektor elmi ad və dərəcələr alan əməkdaşlara müvafiq sənədləri təqdim edib. Filologiya elmləri doktoru Könül Səmədovaya professor attestatı, Filologiya fakültəsinin əməkdaşı Bənövşə Əsgərova və Şamaxı filialının əməkdaşı Şəlalə Seyidovaya fəlsəfə doktoru diplomları təqdim edilib.

Tədris departamentinin direktoru dosent Sənan Əliyev ADPU-da 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, sessiya ərzində təşkil edilən 2972 imtahanda 10.085 bakalavr, 443 nəfər magistrant olmaqla, 10.528 nəfər təhsilalan iştirak edib. Proses ərzində yaradılmış İmtahan Qərargahına 86 müraciət daxil olub ki, onlardan 27-si təsdiqini tapmayıb, 59 hal isə təsdiqlənib və müraciətçinin lehinə həll edilib. İmtahan nəticələrinə yenidən baxılması üçün Apellyasiya Komissiyasına 1600 ərizə daxil olub. Müraciətlərin 32 faizi tələbələrin xeyrinə həll edilib. Müraciət edənlərdən 45 faizinin cari imtahan nəticəsi qüvvədə saxlanılıb, müraciətlərin 23 faizi isə qəbul edilməyib. S.Əliyev, həmçinin universitet və fakültələr üzrə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin təhlilini Şura iştirakçılarına təqdim edib. Qeyd edilib ki, bakalavriat səviyyəsi üzrə orta müvəffəqiyyət göstəricisi 85 faizə, keyfiyyət göstəricisi isə 50 faizə bərabər olub. Magistratura səviyyəsi üzrə isə bu rəqəmlər müvafiq olaraq 97.1 faiz və 71.7 faizə bərabərdir.

Sonuncu tədris ili tələbələrinin təcrübələrinin yekunları barədə danışan dos. S.Əliyev vurğulayıb ki, bakalavriat səviyyəsi üzrə hesabat təqdimatına buraxılan 2242 tələbədən 2192 nəfəri müvəffəq qiymət alaraq təhsilini başa vurub. Yekun dövlət attestasiyasına buraxılan 30 tələbədən 25-i attestasiyadan uğurla keçib. Daha ADPU-nun filiallarında keçirilən imtahan sessiyasının nəticələri dəyərləndirilib.

Sonra elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistrantların dissertasiya işlərinin müdafiəsinin yekunları ilə bağlı hesabatla çıxış edib. Prof. A.Zamanov qeyd edib ki, II tədris ili magistrantlarının dissertasiya işlərinin müdafiəsi 17 iyun - 30 iyun tarixləri aralığında təşkil edilib. Vurğulanıb ki, cari tədris ilində ADPU-nun magistratura səviyyəsindən ümumilikdə 401 nəfər məzun olub ki, bunlardan 37 nəfəri ADPU-nun ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirdiyi ikili diplom proqramının, 26 nəfəri SABAH magistraturalarının, 85 nəfəri MBA proqramlarının, 253 nəfəri isə digər ixtisaslaşmaların payına düşür. Prorektor bildirib ki, MBA proqramı üzrə məzun olanlardan 22 nəfəri dissertasiya işi müdafiə edib. Ümumilikdə isə 302 magistrant dissertasiya müdafiəsində iştirak edib ki, onların 301 nəfərinin elmi işləri müdafiədən uğurla keçib. Yekunda prof. A.Zamanov dissertasiya işlərinin tərtibi qaydaları ilə bağlı təklif və tövsiyyələrini təqdim edib.

Tədris işləri üzrə prorektor dos. Eldar Aslanov çıxışında qeyd edib ki, Pedaqoji Universitetdən məzun olaraq magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak edən tələbələrdən 1187 nəfəri uğurlu nəticə göstərərək ixtisaslaşma seçimi mərhələsində iştirak etmək hüququ qazanıb. Ötən il bu göstərici 812 nəfərə bərabər olub ki, bu da 1 il ərzində 46 faizdən çox artım deməkdir. 

E.Aslanov "ADPU-da qrup nümayəndəsinin seçilməsi Qaydası”nın təsdiqi barədə təkliflə çıxış edib. Qeyd edilib ki, bu istiqamətdə vahid qaydanın qəbul edilməsi Azərbaycan universitetləri arasında ilkdir.

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib. Bu hissədə elmi monoqrafiya və dərs vəsaitlərinin çapa verilməsi, filialların Elmi Şuraları haqqında Əsasnamənin qəbulu, yeni ixtisas və ixtisaslaşmaların yaradılması istiqamətində təkliflər təqdim edilib.

Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search