ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Humayun” Qeyri-Hökumət Təşkilatının (QHT) təşkilatçılığı ilə “Yurdumun muğam sədası” adlı xeyriyyə konserti keçirilib. Konsert “Humayun” QHT tərəfindən icra edilən “Yurdum: sosial eko-kənd” layihəsi çərçivəsində fəaliyyət göstərən inklüziv icmaya yardım məqsədilə təşkil edilib.
Tədbirdə çıxış edən “Humayun” təşkilatının təsisçiləri Firəngiz Hüseynova və Zarema Yagizarova təşkilatın fəaliyyəti haqqında məlumat verib, konsertin keçirilməsi üçün göstərilən dəstəyə görə kollec rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Qeyd edilib ki, “Yurdum” günərzi qayğı mərkəzi 15-ə yaxın xüsusi ehtiyacı olan şəxsin gündəlik həyat və fəaliyyətini dəstəkləyir, onların fiziki, mənəvi, emosional vəziyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif layihə və tədbirlər həyata keçirir. Xeyriyyə konsertindən əldə ediləcək vəsait həmin şəxslər üçün xüsusi hazırlanmış əl zənglərinin alınmasına sərf ediləcək.
Kollecin direktoru vəzifəsini icra edən Amalya Sezgin qonaqları salamlayaraq bu cür tədbirlərin vacibliyini diqqətə çatdırıb. A.Sezgin bu cür təşəbbüsləri fəallıqla dəstəklədiyi üçün amerikalı musiqiçi, muğam sənətinin tədqiqatçısı, ölkəmizin yaxın dostu Cefri Verboka xüsusi təşəkkür edib.
Tədbirdə iştirak edən C.Verbok qonaqpərvərlik və səmimi münasibətdən məmnun qaldığını bildirib və Azərbaycanla bağlı layihələrdə iştirakı barədə məlumat verib.
Sonra qonaq müxtəlif musiqi alətlərində ifalardan ibarət kompozisiyalarla çıxış edib. Qonağın ifasında səslənən muğam nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.